Oct 10, 2023 | 10:26 Konfranslar, iclaslar
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasın əvvəlində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva erməni silahlı qüvvələrinin çoxsaylı təxribatlarına cavab olaraq, lokal xarakterli qısa müddətli antiterror əməliyyatı nəticəsində Azərbaycanın tarixində böyük qələbə əldə edildiyini deyərək, institutun bütün kollektivi adından bu qələbənin memarı olan Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib, şəhidlərimizin qarşısında baş əydiklərini qeyd edib.
Sonra akademik G.Baxşəliyeva bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şərqşünaslıq İnstitutunun adını daşıdığı akademik Ziya Bünyadovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını xatırladıb və buna görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Yubileylə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini deyən akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun dekabr ayında “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans keçirəcəyini qeyd edib.
Sonra Şərqşünaslıq İnstitutunun elmlər və fəlsəfə doktorluğu üzrə dissertantların və onların mövzularının, elmi məsləhətçi və rəhbərlərinin təsdiqi məsələsinə baxılıb. Müzakirəyə təqdim edilənlər sırasında “Orta Asiyanın türk dövlətlərinin Ermənistan Respublikası ilə münasibətləri”, “Türkiyə-İran münasibətləri ABŞ-ın xarici siyasət prizmasında”, “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığında Azərbaycan dilinin təsiri”, “Çağdaş türk ədəbiyyatşünaslığının inkişafında Orhan Okayın rolu”, “Çin və Avropa Birliyi ölkələri arasındakı nəqliyyat-kommunikasiya əlaqələrində Azərbaycan Respublikasının rolu”, “İctimai-dini fikrin formalaşmasında Qərbi Azərbaycan İslam alimlərinin rolu (XVII-XX əsrlər)”, “Orta əsrlər nəsrində təsəvvüf və Əbubəkr ibn Xosrov əl-Ustadın yaradıcılığı”, “Ərəb ədəbi dilində simvolların linqvokulturoloji xüsusiyyətləri”, “Məmmədhüseyn Şəhriyarın farsca divanının linqvopoetik sistemi”, “Yaxın dillərdən bədii tərcümənin elmi-nəzəri prinsipləri (türk-Azərbaycan romanları əsasında)” və s. mövzular yer alıb.