AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik Lambert Nəşriyyatı azərbaycanlı filosof alimin Lütfi Zadəyə həsr olunmuş monoqrafiyasını 7 dildə nəşr edib
Oct 10, 2023 | 09:56 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva Akademik Lambert Nəşriyyatından sentyabrda ingilis dilində çap olunmuş “The Era, Worldview and Philosophical Views of  Lotfi A. Zadeh” (“Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) monoqrafiyasının portuqal, alman, ispan, fransız, italyanvə rus dillərində də nəşr olunduğu haqqında məktub alıb.

Məktubda bildirilir ki, “Hörmətli Xatirə Quliyeva. Biz Almaniyada mükafat qazanmış tərcümə şirkəti ilə əməkdaşlıq etdik və kitabınızı bir çox dillərə tərcümə etməklə onun auditoriyasını genişləndirmək üçün böyük bir addım atdıq. İndi insanlar kitabınızı Latın Amerikasında, Avropada və başqa ölkələrdə öz ana dillərində oxumaq şansı əldə edəcəklər”. 

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın sayca 8-ci monoqrafiyası olan “The Era, Worldview and Philosophical Views of Lotfi A.Zadeh” (“Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) əsəri dünyaşöhrətli alim Lütfi Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları haqqında ilk əsərdir. Müəllif 4 fəsil və 17 yarımfəsildən ibarət olan “Lütfi A. Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları” monoqrafiyada dahi alimin 97 il qədər geniş dövrünü, keşməkeşli həyatını, rasional və qeyri-səlist məntiqlə sintezdə formalaşmış özünəməxsus və zəngin dünyagörüşünü, multikultural, tolerant və eyni zamanda identik fəlsəfi baxışlarını ən yeni mənbələr və elmi yanaşmalar kontekstində tədqiq etmişdir.

Filosof alim Xatirə Quliyevanın “The Era, Worldview and Philosophical Views of  Lotfi A.Zadeh” əsəri  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.

“The Era, Worldview and Philosophical Views of  Lotfi A. Zadeh” (“Lütfi A. Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları”) monoqrafiyasınn rəyçiləri Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin Fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor  Olqa Kyvlyuk,  Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, KKTC Suprus Elm Universitetinin professoru, ECLSS org. konfrans təşkilatının prezidenti Həsən Karacandır.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın bu tədqiqat əsəri çap olunana kimi hissə-hissə AMEA-nın saytında (https://science.gov.az), həmçinin ABŞ, Çin, Türkiyə Pakistan, İndoneziya, Polşa kimi ölkələrin nüfuzlu elmi nəşrlərdə yayımlanmış, alim bu mövzuda  Macarstanda və Şimali Kıprıs Türk Cümhuriyytində keçirilmş beynəlxalq konfranslarda geniş məruzələrlə çıxış etmişdir. Bu günlərdə ABŞ-ın nüfuzlu jurnallarından biri alimin  “Worldview Concept. History and Modernity (in the Context of Lutfi A. Zadeh's Worldview)” “Dünyagörüşü konsepsiyası. Tarix və müasirlik (Lütfi Zadənin dünyagörüşü kontekstində”) məqaləsini çapa qəbul etmişdir.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva artıq 7 dildə dünya kitab bazarlarında satışda olan “The Era, Worldview and Philosophical Views of  Lotfi A. Zadeh” əsərini Azərbaycan, türk, ərəb və çin dillərində çap etdirməyi planlaşdırır.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023