Feb 14, 2023 | 12:13 Konfranslar, iclaslar
Fevralın 13-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.
Əvvəlcə iclasda qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
İclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik iclasda “Qafqazın mədəni həyatında Şuşanın yeri” mövzusunda məruzənin dinləniləcəyini bildirib və sözügedən məsələnin Azərbaycan dövləti və xalqı, eləcə də milli mənafeyimiz üçün hər zaman aktual olduğunu söyləyib.
Sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin “Qafqazın mədəni həyatında Şuşanın yeri” mövzusunda məruzəsi dinlənilib. 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin tarixi əhəmiyyətini qeyd edən alim Şuşanın tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların aparılmasının daim aktual olduğunu bildirib.
Şuşanın bütün dövrlərdə Qafqazın mədəni həyatında vacib rol oynadığını vurğulayan Q.Hacıyev Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”, - sözlərini xatırladıb, şəhərin daim Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Məruzəçi onu da bildirib ki, Şuşada böyük mədəni mühit formalaşıb, Azərbaycan ədəbiyyatının və musiqisinin böyük mütəfəkkirləri Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov kimi görkəmli mütəfəkkirlər, muğam sənətinin inkişafında rolu olan mahir xanəndələr bu şəhərdə yaşayıb-yaratmışlar.
Qasım Hacıyev qeyd edib ki, Şuşa şəhəri Azərbaycan musiqisinin beşiyi, həmçinin saz-söz sənətinin ocaqlarından biri olub: “Şuşa şəhəri “Azərbaycanın konservatoriyası” adlandırılıb. Müsəlman aləmində operanın banisi Üzeyir bəy Hacıbəyli, Zülfüqar bəy Hacıbəyli, Zakir Bağırov, Fikrət Əmirov, Soltan Hacıbəyli, Niyazi, Süleyman Ələskərov, və Əfrasiyab Bədəlbəyli kimi böyük bəstəkarlar şuşalı idilər”.
Onun sözlərinə görə, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə mövcud olub.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın görkəmli mütəfəkkirlərinin vətəni Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq” deməsi bütün Azərbaycan xalqına böyük bir ruh yüksəkliyi verib. Dövlət başçısının “Əziz Şuşa, biz səni dirçəldəcəyik” sözləri artıq uğurla həyata keçirilir”, - deyə Q.Hacıyev diqqətə çatdırıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Daha sonra akademik Gövhər Baxşəliyeva ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icra vəziyyəti haqqında məlumat verib, müəyyən tapşırıq və tövsiyələrini bildirib.
İclasda bir sıra struktur dəyişikliyi məsələləri də müzakirə edilib. AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun 2 şöbəsinin adında dəyişiklik edilməsi barədə qərarlar verilib.
Bundan əlavə, akademik Teymur Bünyadovun və AMEA-nın müxbir üzvü Qaraş Mədətovun 95 illik yubileylərinin aidiyyəti üzrə elmi-tədqiqat müəssisələrində qeyd olunması məsələsi müzakirə edilib.
İclasda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov 70 illik yubileyləri münasibətilə İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar elmi-tədqiqat müəssisələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.