AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Mirzə Kazımbəy-220” beynəlxalq elmi konfransının tezisləri işıq üzü görüb
Feb 10, 2023 | 14:22 Yeni nəşrlər

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilmiş “Mirzə Kazımbəy-220” beynəlxalq elmi konfransında səslənmiş məruzələrin tezisləri çapdan çıxıb.

Topluda Azərbaycan, Misir, Qazaxıstan, Rusiya və Belarusdan 34 alimin məruzəsinin tezisi dərc olunub. İlk olaraq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın konfransda giriş nitqinin mətni təqdim edilir.

Məruzələrin tezisləri sırasında xarici alimlərdən Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjanın “Mirzə Məhəmməd Əli Kazımbəy və Şokan Ualixanov: türk dünyasının görkəmli intellektualları”, Sankt-Peterburq Dövlət Universitetinin kafedra müdiri, professor Oleq Redkinin “Mirzə Kazımbəy və SPbDU-nun Şərq fakültəsi”, həmin Universitetin professoru Olqa Bernikovanın “Dayanıqlı inkişaf perspektivləri baxımından şərqşünaslıq elmi”, Belarus Dövlət Rabitə Akademiyasının əməkdaşı Dmitri Naumovun “Mədəniyyətin mənimsənilməsinin çətinlikləri və riskləri” və Misir Humanitar Araşdırmalar və Elmlər üzrə Dialoq Müəssisəsinin əməkdaşı Əmir Əhməd Camal Əbdülhəkimin “Rusiyada ərəbləşmə məktəbi: rol və nailiyyət” mövzusunda tezisləri yer alıb.

Azərbaycan alimlərindən ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, f.e.d., professor Vilayət Quliyevin “Mirzə Kazımbəy və tatar maarifçiləri”, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşlarından c.ü.f.d. Rafiq Abbasovun “Mirzə Kazımbəy və Avropa çinşünaslığı”, f.ü.f.d. Günay Verdiyevanın “Görkəmli alim Mirzə Kazımbəyin iranşünaslığın inkişafında rolu”, f.ü.f.d. Xanımzər Kərimovanın “Mirzə Kazımbəy yaradıcılığında şərq ədəbiyyatı”, f.ü.f.d. Aybəniz Həsənovanın “Mirzə Kazımbəyin həyat və yaradıcılığı”, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimlərindən f.ü.f.d. Əsmətxanım Məmmədovanın “Azərbaycan xalqının tanınmış türkoloq, şərqşünas alimi Mirzə Kazımbəy”, f.ü.f.d. Leyla Mahmudovanın “Mirzə Kazımbəyin fars dilçiliyinə dair tədqiqatları”, f.ü.f.d. Cavanşir Məmmədzadənin “Mirzə Kazımbəy və İran filologiyası”, Memarlıq və İncəsənət Universitetinin dosenti, f.ü.f.d. Tamilla Əhmədovanın “Mirzə Kazımbəyin mədəni-tarixi inkişaf konsepsiyasının tədqiqinə komparativist yanaşma” mövzularında məruzələrinin tezislərini qeyd etmək olar.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023