AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr olunmuş müşavirə keçirilib
Feb 10, 2023 | 08:38 Konfranslar, iclaslar

Fevralın 9-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Türkiyədə baş vermiş dəhşətli zəlzələyə həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə faciə nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin ilk saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin Türkiyəyə yola düşdüyünü və axtarış-xilasetmə işlərində aktiv iştirak etdiklərini qeyd edən AMEA rəhbəri, həmçinin Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun qardaş ölkəyə böyük miqdarda humanitar yardım göndərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövləti, eyni zamanda qardaş Türkiyəyə mobil səhra hospitalı, peşəkar tibbi heyət dəstəyi verib, insanların yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilib və yardım kampaniyasında Azərbaycan xalqı, o cümlədən AMEA-nın Rəyasət Heyəti və elmi-tədqiqat müəssisələrinin kollektivləri də yaxından iştirak edir, maddi və mənəvi dəstəklərini davam etdirirlər.

Akademiyanın bu istiqamətdə gördüyü işləri xatırladan akademik İsa Həbibbəyli hadisənin ilk saatlarında TÜBA prezidenti, professor Müzəffər Şəkərə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenə və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandala, eləcə də qardaş ölkənin 20-dən çox universitetinin rektoruna başsağlığı məktublarının göndərildiyini, məktublarda elmi ictimaiyyətin qardaş ölkə ilə həmrəy olmasının əksini tapdığını söyləyib. Həmçinin bu gün qardaş ölkənin Azərbaycandakı səfirliyini ziyarət edərək səfir Cahit Bağcı ilə görüşdüyünü və başsağlığı verdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiya kollektivi adından matəm kitabına ürək sözlərini yazdığını deyib.

Hadisə günü AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində mətbuat konfransı keçirildiyini, ictimaiyyətin qardaş ölkədə baş vermiş zəlzələ ilə əlaqədar maarifləndirildiyini qeyd edən Akademiya rəhbəri vurğulayıb ki, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin əməkdaşları növbəti günlərdə də mediada aktiv çıxışlarını davam etdiriblər.

Sonra AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli çıxış edərək Türkiyədə baş vermiş dəhşətli zəlzələnin seysmik nəticələri ilə əlaqədar müşavirə iştirakçılarını məlumatlandırıb.

Tədbirdə, AMEA Rəyasət Heyətinin üzvləri – akademiklər Arif Həşimov, İbrahim Quliyev, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Müşavirədə AMEA Rəyasət Heyətinin iclasında Türkiyədə baş verən zəlzələ və seysmoloji elmin vəzifələri mövzusunda xüsusi məruzənin dinlənilməsi və müzakirələrin keçirilməsi qərara alınıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023