Feb 02, 2023 | 14:35 Konfranslar, iclaslar
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilir.
Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Gününə həsr olunmuş “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən elmi konfransda deyib.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycanda gənclər siyasəti uğurla inkişaf etdirilir və hər il müxtəlif sahələri təmsil edən gənclərin dövlət əhəmiyyətli vəzifələrə irəli çəkilməsi, onların mükafatlandırılması davamlı şəkil alıb. Akademiya gənclərini 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edən akademik İsa Həbibbəyli Neft-Kimya Prosesləri İnstitutunda çalışan Mehriban Nağıyevanın 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görülməsinin qürurverici hadisə olduğunu diqqətə çatdırıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin daim gənclərə xüsusi önəm verməsinin, magistrant və doktorantların təqaüdlərinin hər il artırılmasının nəticəsidir ki, bu gün bütün sahələrdə olduğu kimi, ölkə elminin də sıralarında gənclərin sayı artmağa doğru gedir. Gənc alimlərimiz dövlətin siyasətini daim dəstəkləməklə magistrant və doktorantların təqaüdlərinin hər il artırılmasına görə ölkə başçısına minnətdarlıqlarını ifadə edirlər. Azərbaycançılıq, milli qürur, vətənpərvərlik duyğularını yüksəkdə tutan Akademiyanın gənc alimləri də bu vəhdəti dərindən dərk edir, ölkə reallıqlarını beynəlxalq tədbirlərin yüksək tribunalarından bəyan edir, elmimizi uğurla təmsil edirlər”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.
AMEA-da çalışan gənc alimlər üçün Akademiya mükafatının təsis edilməsinin qərara alındığını bildirən akademik İsa Həbibbəyli hər il “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini açıqlayıb. AMEA rəhbəri gənc tədqiqatçılara dəstək naminə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə çatdırılacağını, 1 nömrənin isə ingilis dilində çap ediləcəyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “AMEA-nın elmi gəncliyi: uğurlar və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, YAP Yasamal Rayon Təşkilatının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ilk ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan gəncliyinin uğurlarından danışıblar.
Tədbirdə gənclərin AMEA-nın elmi və ictimai həyatında daha fəal iştirak etmələri üçün müvafiq qərarlar qəbul edilib.