Oct 02, 2023 | 10:43 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub.
Məqalədə azərbaycanlıların 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, fotolara, maddi-mənəvi və tarixi abidələrə, elmi ədəbiyyata və qəbul edilmiş qərarlara istinad edilərək elmi cəhətdən sübut edilir.
Müəllif məqalədə qeyd edir ki, Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü planlı və düşünülmüş şəkildə davam etdirilmişdir. Belə ki, bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya davamlı olaraq həyata keçirilmişdir. 1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporunun SSRİ xarici işlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etdiyini yazan müəllif, Molotovun Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdırdığını, ermənilərin köçürülməsinə razılıq verildiyini, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunovun bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olduğunu bildirir.
Bundan başqa, məqalədə Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin qərarları əksini tapıb. Azərbaycanlıların tarixi və əzəli torpaqlarından deporatsiya edilməsi başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanılması məsələləri qeyd olunur.
Dosent S.Talıblı məqalədə yazır ki, “1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı Fərmanla azərbaycanlıların tarixi və dədə-baba yurdları olan Ermənistandan 1948-1953-cü illərdəki deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verildi. Fərmanda bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan SSRİ rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı qeyd olunur”.
Şərqşünas alim bildirir ki, azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli, dünya ictimaiyyətinə, beynəlxalq və regional təşkilatlarına çatdırılmalı, dünyanın aparıcı KİV-lərində məqalələr yazılmalı, xarici ölkələrdə konfrans, seminarlar təşkil edilməldir”.