AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Muğanın qədim mədəniyyətinə aid yeni tapıntılar
Sep 26, 2023 | 10:35 Yeni nəşrlər

Azərbaycanın cənub-şərq bölgəsi tarixin bütün mərhələrinə aid arxeoloji abidələrlə zəngindir. Eneolit və İlk Tunc dövrlərinə (e.ə. V-III minilliklər) aid yaşayış yerləri və qəbir abidələri bu baxımdan diqqəti cəlb edir.

Muğanın Eneolit dövrü abidələrinin tədqiqinə başlanması hələ XX əsrin 60-cı illərindən Fərman Mahmudovun adı ilə bağlıdır. Onun Əliköməktəpə yaşayış məskənində uzun illər apardığı arxeoloji tədqiqatlar bölgənin bəhs olunan dövr maddi mədəniyyəti və qədim əhalinin həyat tərzi haqqında dolğun məlumat almağa imkan verir. Son illərdə bu dövrə aid yeni aşkar edilmiş abidələrdə tədqiqatların aparılması mühüm elmi nəticələr üçün əlverişli şərait yaradır. Lakin bölgənin İlk Tunc dövrü yaşayış məskənləri və yaxud bu dövr təbəqəsinin öyrənilməsi işi bu günə kimi çox zəif aparılmışdır. Yalnız F.Mahmudovun bəhs olunan dövrə aid bir neçə yaşayış məskənlərində - Həməşaratəpə, I və III Mişarçay, Adsıztəpə, Cinlitəpədə apardığı yoxlama qazıntıları ilə qismən fikir söyləmək mümkün olmuşdur.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi “Cəlilabad arxeoloji ekspedisiyası” 2023-cü ilin çöl tədqiqatları mövsümündə rayonun Çəmənli kəndi ərazisindəki Xudutəpə çoxtəbəqəli yaşayış məskənində arxeoloji qazıntıları davam etdirmişdir. Sahəsi 4 hektara yaxın olan abidə Cəlilabad-Şiləvəngə-Yardımlı şose yolunun 22-ci km-də, yoldan 100 m sağ tərəfdə, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpənin üzərində yerləşir. Əlverişli relyefdə yerləşməsi Xudutəpənin uzun müddət bölgədə məskunlaşmış əhalinin intensiv yaşayış məskəni kimi mövcudluğuna və bunun nəticəsində də müxtəlif dövrlərə aid mədəni layların əmələ gəlməsinə səbəb olmuşdur. Təbii təpə üzərində yerləşən abidəni şərq, cənub-şərq və cənubdan qədim çay dərələri əhatə edir. Məhz bu da abidədə uzunmüddətli və fasiləsiz həyatın olmasını şərtləndirən əsas faktorlardan biri hesab edilməklə bol su ehtiyatlarının mövcudluğu ilə burada yaşamış qədim sakinlərin təsərrüfat həyatı və məişəti üçün əlverişli olduğuna dəlalət edir.

Arxeoloq Fərman Mahmudov abidəyə XX əsrin 90-cı illərində  ilkin baxış keçirmiş, onu Eneolit dövrü yaşayış məskəni kimi qeydə almış və abidəni cənub-şərq bölgəsinin arxeoloji xəritəsinə daxil etmişdir. Lakin 2021-ci ilə qədər Xudutəpədə heç bir əsaslı arxeoloji qazıntılar aparılmamışdır.

Xudutəpədə ilk arxeoloji qazıntılara 2021-ci ildə Erkən Dəmir dövrünə aid nekropoldan başlanmışdır. Daha sonra tədqiqatlar üçün təpənin cənub-qərb hissəsində, nisbətən ətəkdə 100 kvadrat metr sahədə yoxlama qazıntıları aparılması üçün sahə seçilmiş və nəticədə qalın mədəni təbəqə üzə çıxmışdır. 2023-cü il qazıntıları zamanı abidənin stratiqrafiyası müəyyənləşdirilmişdir. Belə ki, üst mədəni təbəqə Orta əsrlər dövrünə aid təndir qalıqları və materiallarla müşayiət olunur. Bu dövrə aid şirli və şirsiz saxsı qablar kütləvi saydadır. Daha alt qatlarda isə Son Tunc-İlk Dəmir, İlk Tunc və Eneolit dövrü təbəqələri bir-birini əvəz edir. Yaşayış yerinin Son Tunc-İlk Dəmir dövrünə aid materialları kütləvidir. Bu dövrə aid təmizlənmiş təsərrüfat quyuları və ocaq yerlərinin içərisindən küp, küpə tipli saxsı qablar və dən daşları üzə çıxmışdır. Yaşayış yerinin İlk Tunc dövrünə təbəqənin tapıntıları daha zəngindir. Qazıntılar zamanı bu dövrə aid yarmqazmalar, dulus sobasının qalığı və yemək bişirilməsi üçün hazırlanmış və içərisində kül qatı olan kürə qalığı aşkarlanmışdır. İlk Tunc dövrü təbəqəsindən çoxlu sayda yarımşarşəkilli qulplu saxsı qablar, iri həcmli küpə və boşqab fraqmentləri, gildən zoomorf fiqurlar tapılmışdır. Mədəni təbəqənin ən alt qatından isə Eneolit dövrünün artefaktları, Əliköməktəpə və leylatəpə tipli saxsı qab nümunələri, gildən stilizə edilmiş antropomorf fiqur, çaxmaqdaşından oraq dişləri, obsidiandan kəsici alətlər və çoxlu sayda gildən oval formalı sapand daşları tapılmışdır. Bütün bu yoxlama qazıntıları sübut etmişdir ki, abidə müxtəlif dövrlərə aid təbəqələrə malikdir. 

Xudutəpə abidəsi Muğanda tarixin mərhələli inkişafının çox mühüm problem məsələlərinin öyrənilməsi baxımından elmi əhəmiyyətə malikdir. Yaşayış məskəninin bəhs olunan dövrlərə aid təbəqələrindən tapılmış maddi mədəniyyət nümunələrinin mövcudluğu bölgənin qədim sakinlərinin təsərrüfat həyatı və məişəti ilə bağlı bir çox problemlərə aydınlıq gətirir. Abidənin tədqiqatları Azərbaycanın cənub-şərq bölgəsinin qədim dövrdə məskunlaşma problemlərinin öyrənilməsinə geniş imkanlar yaradır.

Anar AĞALARZADƏ, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023