Sep 25, 2023 | 16:58 Konfranslar, iclaslar
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Atropatena və Albaniya tarixinin aktual problemləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova mövzunun aktuallığı və Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində əhəmiyyətli yeri olan Albaniya və Atropatena dövlətlərinin tarixi həm yerli, həm də xarici tarixşünaslıqda hər zaman araşdırma predmeti olsa da, hələ də bu istiqamətdə müəyyən boşluqlar var. Bu istiqamətdə tədqiqatların kəyfiyyətinin artırılması məqsədilə qədim dillərin öyrənilməsi işinə, bu istiqamətdə kadr hazırlığı işinin sürətləndirilməsi məsələsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
E.Bəkirova 2023-cü ildə Cost Gippert və Jasmin Dum-Traqutun redaktəsi ilə çap olunmuş “Caucasian Albania: an international handbook” və Qriqori Ayvazyanın “Udinlər. Tarixi-etnoqrafik oçerk” monoqrafiyası barədə də məlumat verərək hər iki kitabda Azərbaycanın siyasi, etnik tarixinin, tarixi coğrafiyası, mədəniyyət tarixinin ciddi şəkildə təhrif olunması və saxtalaşdırılması faktlarının olduğunu söyləyib. Bildirib ki, erməni təbliğat maşınının məhsulu olan birinci kitabın dünyanın məşhur nəşriyyat evlərindən birində çap olunması və Cost Gippet kimi nüfuzlu şəxsin belə bir oyuna alət olması sadəcə təəssüf doğurur.
Həmçinin Qriqori Ayvazyanın alban etnosunun tarixinə dair hər cür təhrifin yer aldığı monoqrafiyasının xalqımızın bütün cəhdlərlə sülhə nail olmaq istədiyi, region qonşumuz olan ermənilərə dostluq təklifləri etdiyimiz bir vaxtda çap olunmasının da təəssüf doğurduğunu söyləyib.
Dəyirmi masanın gedişində tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənovun, tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, elmi işçi Ramin Əlizadə və Nigar Camalovanın çıxışları ətrafında müzakirələr davam etdirilib, bu tip müzakirələrin daha geniş auditoriyada aparılması qərara alınıb.