Mar 02, 2023 | 16:00 Konfranslar, iclaslar
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində duran ilk məsələ struktur və ştat cədvəlində ediləcək dəyişikliklər barədə olub. İnstitutun baş direktoru, professor Abbas Seyidov bu barədə bildirib ki, Tarixi etnoqrafiya, Müasir dövr etnoqrafiyası və Türk xalqlarının etnoqrafiyası şöbələri struktur və tədqiqat baxımından AMEA-nın Folklorşünaslıq İnstitutuna daha uyğundur. Buna görə də bu şöbələrin həmin instituta köçürülməsi elmimizin inkişafına daha böyük töhfə verər. Türk xalqlarının etnoqrafiyasi şöbəsinin müdiri dosent Güllü Yoloğlu bu qərarı dəstəkləyib.
Atropatena dövrü arxeologiyası şöbəsinin yaradılması və şöbənin adının dəqiqləşdirilməsi barədə müzakirələr gedib. Professorlar Hidayət Cəfərov, Əsədulla Cəfərov və Qafar Cəbiyev çıxış edərək bildiriblər ki, bu, həlli çox vacib məsələdir və tezliklə öz həllini tapmalıdır.
Antropologiya Mərkəzinin tərkibində yeni Tarixi antropologiya sektorunun yaradılması məsələsi də müzakirə edilib və qəbul olunub. İclasda, həmçinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun keçirəcəyi “Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi” konfransı, Ulu Öndərin 100 illiyinə həsr olunan konfransın gündəliyi, “Məhkəmə Arxeologiyası və Antropologiyası” adlı beynəlxalq elmi konfrans barədə hazırlığın vəziyyəti müzakirə edilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konfrans materiallarının konfransadək çap olunması haqqında institutun icraçı direktoru Zaur Həsənov məlumat verib.
İclasda dosent Vəfa Mahmudovanın “Azərbaycanın arxeoloq qadınları” monoqrafiyasının çapa verilməsi qərara alınıb.