AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Şərq qadınına tarixilik və müasirlik prizmasından baxış” mövzusunda elmi sessiya keçirilib
Mar 03, 2023 | 17:00 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şərq qadınına tarixilik və müasirlik prizmasından baxış” mövzusunda elmi sessiya keçirilib.

Şərqşünaslıq İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə institutun əməkdaşları ilə yanaşı, AMEA-nın Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvləri, eləcə də müxtəlif institutların qadınlar şuralarının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun Qadınlar Şurasının sədri, Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-nin Qadınlar və qızlar  elmdə Beynəlxalq Günü elan edildiyini qeyd edərək, elmi və texnoloji sahələrin inkişafında qadınların rolunun vacibliyini bildirib.

Elm sahələrində dərin iz buraxan Azərbaycan qadınlarının sırasında da Şərqşünaslıq İnstitutunun alimlərinin də olduğunu qeyd edən X.Kərimova görkəmli şərqşünas-alim, Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanı və hal-hazırda instituta rəhbərlik edən akademik Gövhər Baxşəliyevanı və bir çox şərqşünas qadınlarımızı misal çəkərək Azərbaycan şərqşünaslığına dəyərli töhfələr vermiş alimlərimizin sayəsində yeni nəsil nümayəndələrinin yetişib inkişaf etdiyini vurğulayıb.

Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü institutda dünya şərqşünaslıq elmində öz sözünü deyən qadınların olduğunu, bu alimlərin Azərbaycan elmində qadınların varlığını sübut etdiklərini qeyd edib.

Tədbirdə institutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Qarabağ ədəbi mühitinin əsilzadə qadın təmsilçiləri”, İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Qərblə Şərqin qovşağında müasir Azərbaycan qadını”, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyeva “Müsəlman Şərqində qadın hüquqları”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı “Azərbaycanda maarifçi qadınlar” mövzusunda məruzə ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023