AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Mar 06, 2023 | 15:00 Konfranslar, iclaslar

Martın 6-da AMEA-nın Əsas binasında görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə çıxış edib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu vurğulayan AMEA rəhbəri Akademiyada da geniş Tədbirlər Planının qəbul edildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli aprel ayında AMEA və AR Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaşlıq missiyası” mövzusunda beynəlxalq konfransın, eləcə də il ərzində digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Göz xəstəliklərinin dərindən öyrənilməsi və aradan qaldırılması istiqamətində akademik Zərifə Əliyevanın elmi məktəb yaratdığını vurğulayan AMEA rəhbəri qeyd edib ki, görkəmli alimin təşəbbüsü və təşkilatçılığı ilə Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılıb və göz xəstəliklərinin elmi cəhətdən ciddi öyrənilməsi həyata keçirilib.

AMEA rəhbəri bildirib ki, akademik Zərifə Əliyeva bütün həyatını ailəsinə və elmə həsr edib, görkəmli oftalmoloq alim olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, sadiq silahdaşı olub. Qeyd edib ki, akademik Zərifə Əliyevanın ən böyük tarixi xidmətlərindən biri də Azərbaycan xalqına çoxqüdrətli dövlət başçısı, Prezident İlham Əliyevi bəxş etməsidir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafına töhfələr vermiş alim kimi, eləcə də ölkəmizdə oftalmoloq kadrların yetişməsindəki xidmətlərinin əvəzedilməz olduğunu deyib. Qeyd edib ki, akademik Zərifə Əliyevanın praktik həkim kimi fəaliyyəti də alimlər, ictimai xadimlər tərəfindən yüksək qəbul olunub.

Daha sonra konfransda Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun direktoru, t.e.d., professor İqor Turitsinin, Misir Ərəb Respublikasının Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyətinin vitse-prezidenti Əmirə Əbdulhəkimin və Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, i.e.d., professor Duysen Qalımjanın videoçıxışları dinlənilib.

Tədbirdə, həmçinin AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadənin “Birinci vitse-prezidentliyə gedən yol və gender siyasəti”, Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, f.ü.f.d. Qəmər Cavadlının “İslamda qadın hüquqları və gender bərabərliyi” və Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Qadına fəlsəfi baxış” mövzusunda məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

İki gün davam edəcək konfransda Azərbaycanla yanaşı, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin məruzəsi dinləniləcək.

Qeyd edək ki, tədbir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Misir Ərəb Respublikasının Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyəti, Rusiya Federasiyasının Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının Hebey Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023