AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Elm günü” çərçivəsində seminar keçirilib
Mar 13, 2023 | 10:11 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Elm günü” çərçivəsində elmi seminar keçirilib.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov seminarda qonaq qismində iştirak edən Bern Universitetinin (İsveçrə) Arxeologiya İnstitutunun elmi əməkdaşı, arxeoloq Gino Kasparini təqdim edərək bildirib ki, o, 2017-ci ildən Sibir ərazisində arxeoloji tədqiqatlarla məşğuldur. Professor Abbas Seyidov qeyd edib ki, seminarda G.Kasparini Sibirin ən erkən Skif dövrü kurqanlarından olan “Tununq-1”in arxeoloji qazıntıları haqqında geniş məruzə edəcək.

Sonra çıxış edən Gino Kaspari vurğulayıb ki, ərazi əsasən bataqlıq olduğu üçün tədqiqat işləri çətinliklə aparılıb. Arxeoloq kurqanın üzərinin 3 təbəqədən - daş, gil və ağacdan ibarət olduğunu, daş və gil təbəqəsi arasında 24 at skeleti aşkarlandığını bildirib. Kurqandan tapılmış skeletlərin əksəriyyətinin başı kəsik formada olub. Maraqlı tapıntılardan biri də insan skeletlərinin bəzilərinin dişləri arasında qızıl sapların olmasıdır. “Karbon-14” analizinin nəticələrinə əsasən, kurqan e.ə. IX əsrin sonuna aid edilir.

İsveçrəli qonaq daha sonra ona ünvanlanan suallara cavablandırıb.

Elmi seminarda ikinci məruzə Azərbaycan-İtaliya beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov tərəfindən edilib. Arxeoloq Goranboy rayonu ərazisində yerləşən erkən tunc dövrünə aid “Uzun Rəmə” (8 № li kurqan) haqqında geniş çıxış edib. O bildirib ki, kurqan sərdabə tiplidir. Onun şərq tərəfində giriş üçün yol (dromos) var. Qəbrin divarları 1 metr hündürlükdə çiy kərpiclə hörülüb. Kurqandan xərəkdə dəfn edimiş insan skleti aşkarlanıb. Aparılan “karbon-14” analizinin nəticələrinə əsasən, bu kurqanın e.ə. 3500-3300-cü illərə aid olduğu müəyyən edilib. Həmin ərazidə 250-dən artıq kurqan qeydə alınıb.

Daha sonra bir sıra müzakirələr aparılıb, iştirakçılar belə seminarların mütəmadi keçirilməsinin əhəmiyyətini bildiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023