Mar 28, 2023 | 17:00 Maraqlı məlumatlar
Azərbaycançılıq ideologiyası qədim dövrlərdən başlayaraq günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik-siyasi və psixoloji xüsusiyyətlərini özündə cəmləşdirən və yaşadan baxışlar sistemi kimi yaranıb və formalaşıb. Tarixin inkişaf prosesinə nəzər yetirdikdə azərbaycançılıq məfkurəsi Azərbaycan ərazisində yaşamış yerli və gəlmə etnosların həyatının ictimai təkamülü haqqında təbii inamlara, mifoloji baxışlara söykənən fikir forması kimi meydana çıxıb. Məlumdur ki, ideoloji dəyərlərin yaranması, inkişafı və formalaşmasında Vətən, məkan anlayışının böyük rolu var. Məhz tarixin ilk dövrlərində azərbaycançılıq məfkurəsi bir tərəfdən mənəvi və dini-fəlsəfi mahiyyət daşıyırdısa, digər tərəfdən siyasi-coğrafi məfhumla qırılmaz sürətdə bağlı idi.
Bununla bağlı AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlının “Azərbaycançılıq məfkurəsinin tarixi mərhələləri və milli ideologiyaya çevrilməsi” məqaləsini təqdim edir.
Azərbaycançılığın mənşəyi və təşəkkülü üç əsas problemin və onların arasında tarixi-mənəvi münasibətlərin aydınlaşdırılmasını zəruri edib. Bunların sırasında Azərbaycan siyasi coğrafiyası, Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi anlayışları əsas amillərdən hesab olunur. Tarixi qaynaqlara istinadən qeyd etmək olar ki, bəşəriyyətin digər xalqları kimi Azərbaycan xalqı da Azərbaycan adlı tarixi-siyasi coğrafiyada təşəkkül tapıb və formalaşıb. Çoxsaylı mənbələr yerli Azərbaycan etnosları əsasında formalaşan xalqımızın yarandığı ərazinin hüdudlarını göstərərkən qeyd edirlər ki, Azərbaycanın hüdudları - şimalda Dərbənddən başlayaraq cənubda Zəncan və yaxud Həmədana qədər, şərqdə Xəzər dənizi, qərbdə isə Şərqi Anadolu hüdudları ilə sərhədlənib. Qeyd olunan bu tarixi-siyasi coğrafiya bütün mərhələlərdə təkcə coğrafi vahid kimi mövcud olmamış, eyni zamanda, bu hüdudlar daxilində onlarla Azərbaycan dövləti yaranıb və fəaliyyət göstərib.
Qaynaqlarda verilən məlumatlardan bəlli olur ki, tarixi proseslərin bütün mərhələlərində Azərbaycan xalqı etnik və dil baxımından türksoylu areala daxil olmuş, istər etno-siyasi, istərsə də dini-fəlsəfi mühitin yaranmasında türk etnosu davamlı olaraq öz aparıcı mövqeyini qoruyub saxlayıb. Təbii olaraq Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qrupların da ölkəmizdə özünəməxsus dəyərlərə sahib olduğunu və dövlətçiliyimizin inkişafında rolunu qeyd etmək lazımdır.
Qeyd edildiyi kimi, azərbaycançılıq məfkurəsinin və ideologiyasının təməl prinsiplərindən biri də dövlətçilik məsələsidir. Qədim zamanlardan başlayaraq günümüzə qədər mərhələli şəkildə Azərbaycan siyasi hüdudları daxilində yerli dövlətçilik sistemi mövcud olub, dövlətçiliyimizin inkişaf mərhələləri etno-siyasi və mənəvi varislik prinsipinə əsaslanıb.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli oyanış hərəkatının ən mühüm təzahürlərindən biri ictimai fikirdə, mətbuat səhifələrində Azərbaycan millətinin və ərazisinin həqiqi adının getdikcə daha çox işlədilməsi oldu. Dövrün aydınları Azərbaycan türklərinə münasibətdə işlədilən "tatar", “müsəlman" və sair etnonimlər əvəzinə "Azərbaycan türkləri", "azərbaycanlılar" terminini işlətməyə başladılar. Həmçinin mücərrəd "Şərqi Zaqafqaziya" coğrafi termini əvəzinə “Azərbaycan” terminindən daha tez-tez istifadə edilməyə başlanıldı.
Əsasını A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi kimi ziyalıların qoyduğu maarifçilik hərəkatı XIX əsrin sonları - XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, N.Nərimanov və başqa ziyalılarımız tərəfindən daha da inkişaf etdirildi.
Milli düşüncə sahibləri öz yazılarında Qafqazın cənub-şərq hissəsinin Azərbaycan, Qafqaz müsəlmanlarının adının azərbaycanlı, dilinin "Azərbaycan-türk dili adlanmasını təklif edirdilər. “Kəşkül” qəzeti “Sənin milliyyətin nədir? sualına “Mən müsəlmanam” deyə cavab verənləri kəskin tənqid edərək ilk dəfə olaraq Arazın hər iki sahilindəki əhali üçün Azərbaycan türkləri, Azərbaycanlı ifadəsini işlətməyi təklif edirdi. Cəmiyyətdə baş verən bu dəyişikliklər nəticəsində Azərbaycanda elmi və fəlsəfi fikir öz inkişafina görə əksər Şərq ölkələrini xeyli dərəcədə qabaqlamışdı.
Məhz bu amilləri nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “İnkişafa meyilli olduqlarını göstərmək üçün bu, kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb fərqini ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, İslam aləmində ilk dəfə Cümhuriyyət elan edən də azərbaycanlıdır”.
Bu dövrdə türk-müsəlman dünyasında böyük maarifçilik hərəkatının öncüllərindən olan azərbaycanlı mütəfəkkirlərin ictimai-siyasi və ideoloji fəaliyyəti sayəsində Azərbaycanda islam ümmətçiliyindən islam millətçiliyinə, daha sonra isə türk millətçiliyinə keçid prosesi baş vermişdi.
Qeyd edildiyi kimi, azərbaycançılıq ideologiyasının əsas təməl dayağı güclü, müstəqil, dayanıqlı dövlət ideyasıdır. Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında və milli ideologiyaya çevrilməsində 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin özünəməxsus rolu vardır. Məhz bu dövrdə Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davamı olan milli dövləti tarix səhnəsinə çıxıb, türk-islam dünyasında ilk respublika - Azərbaycan Cümhuriyyəti mövcud olub, eyni zamanda, azərbaycançılıq ideologiyasının nəzəri və praktiki əsasları təşəkkül tapıb.
Azərbaycançılığın nəzəri əsasları M.Ə.Rəsulzadənin yaradıcılığında özünəməxsus yer tutur. O “Azərbaycan Cümhuriyyəti” əsərində Azərbaycan məfkurəsinin əsaslarını daha da inkişaf etdirərək göstərirdi ki, azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyət etibarilə şərqlidirlər.
M.Ə.Rəsulzadə Azərbaycançılıq nədir? sualına belə cavab verirdi: “Azərbaycançılıq demək, istiqlalçılıq deməkdir. Elə bir istiqlalçılıq ki, tarixin ən böyük müəssisəsi olan milliyyətin dövlət olması məqəsdilə müzəffər yürüşü deməkdir. Azərbaycançılıq demək, böyük türk irqinə mənsub bir millətin istiqlalını qazanması üçün başlatdığı şanlı bir mücadilə deməkdir. Azərbaycançılıq, eyni zamanda, bir hürriyyət və mədəniyyət hərəkatıdır ki, onun ən bariz sifəti xalqçılıq və milli hakimiyyət əsasına bağlıdır”.
1920-ci il aprel ayının 27-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi təkcə Azərbaycan milli dövlətçiliyinə qarşı təcavüz deyil, eyni zamanda, müstəqil dövlətçiliyimizin təməllərini təşkil edən azərbaycançılıq məfkurəsinə qarşı sui-qəsd idi. 70 illik bir dönəmdə, azərbaycançılıq ideologiyasının təməllərini təşkil edən, etnik, dini, mədəni, siyasi dəyərlərimizə qarşı həyata keçirilən soyqırımı siyasəti milli ideologiyamızın məhvinə yönəlik siyasət idi. Xüsusilə də bolşevik işğalının ilk illərində Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və Dərələyəz bölgələrinin qəsb edilərək Ermənistana verilməsi bolşevik Rusiyasının Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı misli görünməmiş cinayət aktı idi.
Azərbaycançılıq ideologiyası, XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu, bilavasitə XX əsrin ikinci yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxıb, görkəmli ictimai-siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olub.
Görkəmli dövlət xadimi Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında misilsiz xidmətlər göstərib. Bu dövrdə artıq azərbaycançılıq ideologiyası siyasi və mədəni elitanın düşüncə sərhədlərini aşaraq praktiki olaraq ümum-Azərbaycan ideologiyasına çevrilmə imkanı əldə edib.
Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynayıb. Ümummilli Lider haqlı olaraq deyirdi: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır". Ulu Öndər azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin "dövlətçilik" və "milli vətənpərvərlik"dən ibarət olduğunu dəfələrlə vurğulayıb.
Ümummilli Lider Heydər Əliyevin siyasi və mənəvi irsinin davamçısı Prezident İlham Əliyev də Azərbaycanda həyata keçirilən modernləşmə xəttinin sürətlənməsində və dövlətçilik strategiyasının möhkəmlənməsində azərbaycançılıq ideologiyasının roluna böyük önəm verib.
Ümumiyyətlə, min illər boyu tarixi inkişaf prosesində, Azərbaycanın maddi və mənəvi dəyərlər sisteminin təməl dayağı olan azərbaycançılıq məfkurəsi, istər dövlətçilik dəyərlərimizin, istərsə də sosial-mədəni həyatımızın birlik və bütövlüyünün qorunmasında müstəsna dərəcədə rola sahib olub.
Onu da vurğulamaq lazımdır ki, azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq demək deyildir. Eyni zamanda, bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, mənsub olduğun dövlətinlə fəxr etmək, qürur duymaqdır. Məhz Ümummilli Liderin dediyi kimi, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.