AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında 31 mart soyqrımı qurbanları anılıb
Mar 29, 2023 | 10:00 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının 31 Mart-Azərbaycanlıların Soyqrımı Gününə həsr edilmiş iclası keçirilib.

Öncə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov 31 mart soyqırımı haqqında geniş məlumat verərək bildirib ki, bu hadisələr 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin ayrı-ayrı vaxtlarda Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və bir sözlə bütün Azərbaycan ərazisində törədilib. Əli silahlı erməni quldur dəstələri qoca, qadın, uşaq bilmədən, qarşısına çıxan hər bir azərbaycanlını vəhşicəsinə öldürüb. Bu qısa zaman çərçivəsində 50 min günahsız azərbaycanlı qətlə yetirilib. Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tədbirdə çıxış edən t.ü.f.d., dosent Qəhrəman Ağayev 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıqda apardığı tədqiqat işlərindən danışıb. O bildirib ki, tədqiqatlar nəticəsində burada insan sümükləri olan 2 quyu, eləcə də skeletlərlə dolu arxlar müəyyən edilib. Quyularda 600-ə yaxın insan skeleti aşkar olunub. Arxlarda isə 211 kəllə sümüyü tapılıb. 2013-cü ilin sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən bu ərazidə Memorial Kompleks inşa edilib.

Sonra A.Seyidov növbəti aylarda keçiriləcək konfranslarla bağlı məlumat verib.

2023-cü il üçün gənc alimlərin tədbirlər planı təsdiq edilib. T.ü.f.d., dosent Pərviz Qasımovun “Pratürk problemi: primordializm və pozitivizm arasında (dilçi, arxeoloji və arxeogenetik əsasların tənqidi analizi)” adlı monoqrafiyasının müzakirə edilərək çapa təqdim edilməsi yekdilliklə qəbul olunub.

Sonda cari məsələlərə baxılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023