AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Heydər Əliyev və Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı krallığı qarşılıqlı münasibətləri
Mar 31, 2023 | 12:37 Maraqlı məlumatlar

Beşinci məqalə

Mirasa sadiqlik: borcumuz,vəzifələrimiz

Bizim ölkə dindarları üçün Səudiyyə Ərəbistanı Krallığının Müqəddəs Məkkə və Mədinə şəhərlərində yerləşən Həcc və Ümrə ziyarətlərinə yolu Azərbaycanın dahi şəxsiyyəti, böyük dövlət qurucusu Heydər Əliyev açıb. 

... Deyirlər ziyarət yolu çətin olur. Ulu Öndər də bu “yolun” açılması üçün böyük əmək sərf edib. Özü də niyyət edib ki, Azərbayan Dövlət Müstəqilliyini qazanan kimi zəhməti olanlarla birlikdə Məkkəyə və Mədinəyə ziyarətə getsin. Ulu Öndərin niyyəti baş tutub və Azərbaycandan ilk zəvvar qrupu Səudiyyə Ərəbstanına Həcc ziyarətinə gediblər. Orda da Ulu Öndər işğal altında olan  Dağlıq Qarabaq torpaqlarımızın azad olmasını Allahdan diləyib. Azərbaycan dövlətinə və xalqına bu da nəsib oldu. İndi Qarabağ özü bir ziyarətgahdır və zəvvarlarını qarşılamaqdadır.

“Heydər Əliyev İli”ndə və Ümummilli Liderin 100 illiyi ərəfəsində açdığı yolla Məkkəyə getmək ikiqat sevincli, həm də məsuliyyətli idi. Bu mirasa ehtiramla birlikdə bizim  mənəvi borclarımızı və vəzifələrimizi qabardırdı.   

… Gecə yatmaq, huşa getmək belə istəmədən saatları, dəqiqələri sayırdıq. Səbrlə sınanan biz həqiqi Zəvvar qrupunu və ümumiyyətlə, Azərbaycan media qrupunu Ciddə şəhərinə uçmaq üçün Ər-Riyad hava limanına aparacaq maşınlar gəldikdə kövrək duyğulala yola düşdük. Bizim maşında nazirliyin ən az yaşlı könüllülərindən Əbduləziz sağ əlinin 4 barmağını ayırıb “Allahümmə Ləbbeykə Ləbbəyk Ümrə” dedi. Bu bizim Təvaf vaxtı deməli olduğumuz dua idi. Biz təbii bu duanın tam şəkli və daha geniş dualarla gəlmişdik. Hələ müsəlman dünyasının kəhkaşanına xüsusi ehram libası gətirmişdik. 

Ciddə şəhərində təyyarədən enən kimi bizi qarşılayıb xüsusi sifarişli maşınlarla Məkkə əl-Mükərrəməyə yola saldılar. Maşında təsadüfən 2 Zəm-zəm suyu diqqətimizi çəkdi və 35-40 dərəcə istidə Zəm-zəm susuzluğumuzu soyutmaqla bərabər mistik şəkildə bizi salamlamış oldu.

Ciddədən Məkkə əl-Mükərrəməyə gedən - Səudiyyə Ərəbistanı Krallığının  başçısı Şahzadə Məhəmməd bin Salman yolu, həmçinin “Məkkə qapısı” adlanan və Məkkə əl-Mükərrəməyə daxil olan hər bir insanın Müqəddəs Quranın altından keçməsi, deməli hifz olunması təsirini bağışlayan (üzərində daşdan Quran maketi olan) körpünün altından keçməklə dualarımız dilimizdə, mətləblərimiz qəlbimizdə lap uzaqdan görünən nəhəng Məkkəyə sanki keşik çəkən Əbrəc əl-Beyt - saat qülləsinə, köhnə daş evlərə, yeni göydələnlərə tamaşa edə-edə - təxminən 40 dəqiqəyə bir də gördük Büytullahdan dəqiqələr aralıda, Məscidül-həramın və saat qülləsinin önündəyik. ...

Məkkə əl-Mükərrəmənin bu məşhur möhtəşəm saat qülləsi haqqında qısa şərh verməyi zəruri hesab edirik: “Məkkə yolunda xeyli uzaqdan ani bir baxışla görünən Saat Qülləsi “Saat qülləsi, Məkkə qülləsi və həmçinin Əbrəc əl-Beyt qülləsi kimi tanınan və Məscidül-həramdan bir neçə metr aralıda yerləşən dünyanın üçüncü ən hündür binasıdır. Binanın damının hündürlüyü 187,68 metr (615,7 fut), antenanın hündürlüyü isə 237 metrdir (778 fut). Ən Böyük Saat Dial: Məkkə Saat Qülləsinin nəhəng saat üzü 43 metr eni, 23 metr uzunluğu və təxminən 21 ton ağırlığındadır. Nəhəng saat Məkkədə azan üçün istifadə olunur. Saat Biq Bendən 36 dəfə böyükdür. Qüllələrin başında dörd nəhəng saat quraşdırılıb. Gecə saat qülləsini 2 milyon LED işıq işıqlandırır. Şimal və cənub tərəflərində “Allahu Əkbər”, şərq və qərb tərəflərində isə Quran yazılıb. Məkkə Kral Saat Qülləsi ilə bağlı başqa bir fakt ondan ibarətdir ki, onun daxildən hündürlüyü 601 metrdir (1972 fut), yerdən yuxarıda 120 və yerin altında 3 mərtəbədir və hər birində Məscidül-həramın giriş-çıxışını asanlaşdıran 96 lifti var. O, müqəddəs Kəbənin valehedici mənzərəsini təqdim edir. İkinci ən bahalı bina: Çoxları Məkkə Kral Saat Qülləsinin dünyanın ikinci ən bahalı binası olduğunu bilmir. Layihəyə həmçinin mehmanxana, yaşayış və ticarət mərkəzləri üçün tikilmiş daha 6 bina daxildir. Məkkə Kral Saat Qülləsi iki milyona qədər ibadətçi qəbul edə bilər.  Məkkə Kral Saat Qülləsinin Sahəsi 1.500.000 kvadrat metrdir və burada 120-yə yaxın mərtəbə vardır. Saat Qülləsi Muzeyi: Muzey Məkkə Saat Qülləsinin arxasında yerləşir və məzmununa görə kainatı, günəş sistemini və müasir dövrü əhatə edir. Muzey 2019-cu ilin əvvəlində açılıb. Saat Qülləsi hoteli: Hotel 4000 mağazanı özündə birləşdirən Abraj Əl-Bait kompleksinin bir hissəsidir və bütün beynəlxalq brendləri özündə cəmləşdirir”.  

Məkkə əl-Mükərrəməyə, daha dəqiq Müqəddəs Kəbəyə çatdıqda Cümə namazının vaxtı idi. Kütlə canamazları çiyinlərində Məkkə əl-Mükərrəmənin önündəki "Məscidül-Həram"-a  camaat namazına axışırdı. Maşından düşən kimi bizi hörmətlə salamlayan bir ərəb kütlədən fərqli bir yolla pilləkənlərlə yuxarı qata yola saldı.  Kəbə ilə üzbəüz olan “Məscidül-Həram”önündəki meydanda çətinliklə yer tapıb namaz qılanlara qoşulduq. Cümə namazından sonra qrupun 6 nəfər üzvü ilə 2-3 dəqiqəlik “iclas” keçirdik. “Bir hissə Məkkə əl-Mükərrəməyə daxil olmaq üçün hazırlığa gedir, qalanlar onları deyilən yerdə gözləyirlər”.

Minlərlə insanın selə bənzər axını içərisində itməmək üçün yerimizdən tərpənməsək də birdən hündür səslə zəvvarları həmin yerdən dağıdan polislər gəldilər və bizim “plan” pozuldu. Çox çətinliklə axının əksinə geri qayıtmağı bacarıb, yerimizi tapıb gözlədik. Bir az sonra qrupumuzun üzvləri gəldi və qoşulub müqəddəs Kəbəyə yol aldıq.

Kəbəyə təfava ayyaqqabı ilə keçmək qadağandır. Şərtlərə əməl edib Təvafa  başladıq. Kəbənin ətrafında bəzən pıçıltılı, bəzən yüksək səslə “Ləbbeykə” təvaf kəlmələrini söyləyə-söyləyə 7 dəfə dolandıq. Əsas şərtlərdən biri - Kəbənin sağ səmtindəki qapılara doğru əlimizi uzadaraq dualarımızı etdik. Sonra kütləyə qoşulub namaz qıldıq. Ancaq biz əlbəttə ki, Kəbə evinin nəinki içərisinə daxil ola bildik, heç Allah evi – Beytullahın “Nurlu qapısına” belə yaxınlaşa bilmədik. Fikrimizcə, müsəlman qardaşlarımızın - zəvvar kütləsinin də cəhdləri doğrulmur.. Ümumiyyətlə, deyirlər Kəbənin içərisinə olan qapılar Kəbəyə gələn xüsusi əlahəddə qonaqlar üçün açılır. Həm də doğrudan da Kəbəyə minlərlə insan ilin bütün fəsilləri və günün bütün saatlarında daxil olub, ziyarət edə bilməz ki. Maraqlı  bir hadisəni də bölüşmək yerinə düşər. Beləki, bir neçə saat Kəbəni təvaf etsək də ağ corablarımız çirklənməmişdi. Bu zəvvarların ayaqqabısız olmasından başqa təmizləyici xidmətçilərin də anbaan öz vəzifələrini icra etmələrinin nəticəsi ifadə idi.

... Kəbə təvafından sonra möcüzəvi təsirə malik Zəm-Zəm suyu içilir. Haşiyə: Zəm-zəm (زمزم) quyusu "Məscidül-Həram"-ın yaxınlığında, müqəddəs Kəbənin 20 metrliyində yerləşən müqəddəs mənalar kəsb edən möcüzəvi (bulaq) quyudur. İslam tarixi mənbələrinə görə İbrahim peyğəmbər oğlu İsmayılın anası Həcərdən ayrılır və onları Hicazda qoyub gedir. Onlar ac-susuz qalır, böyük əzablara düçar olurlar.  Həcər susuzluqdan məhv olmaq həddinə çatan oğlu İsmayıl üçün Səfa və Mərvə dağları arasında çarəsizliklə qaça-qaça (Elə məhz həmin məqamdakı qaçış Həcərin qaçışını nəzərdə tutur) su axtarır. Bir inanca görə mələklər onu (Zəm-Zəm) su quyusuna aparıb çıxarırlar. Digər bir mənbə susuzluğa dözə bilməyən körpə İsmayılın ağlayaraq ayaqlarını yerə vurması ilə yerdən (Zəm-Zəm) suyun çıxdığını göstərir. Başqa bir hədisdə Allahın Cəbrayılı göndərməsi və onun əsasını yerə vurduqdan sonra (Zəm-Zəm) quyusunun yarandığı ifadə olunmuşdur. Zəm-Zəm ərəbcə ( زمزم ) Zome - "dayan" mənasını verir. Bu da Həcərin quyu peyda olduqda və ya yerdən su çıxdıqda 2 dəfə “dayan” dediyi anlamına gəlir. Əsrlərdir ki, sayı-hesabı bilinməyən müsəlman zəvvarlar Həcc və Ümrə ziyarətlərində müalicəvi əhəmiyyətə malik həm də möcüzəli mənalar kəsb edən Zəm-Zəm suyundan içirlər.

Əlavə olaraq qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığında Zəm-Zəm suyu satılmır və Məkkə şəhərinə vizası olan, əsas da Həcc və Ümrə ziyarətinə gələn zəvvarlara hədiyyə verilir. Təəssüf ki, biz Zəm-Zəm suyundan yalnız Səfa və Mərvə dağları arasındakı qaçış əməlini icra etmək üçün gedərkən (içə bildiyimiz qədər) içdik. Çox sərin və şəffav idi. İçməyə adət etdiymiz sulardan fərqli, kütləcə sanki yüngül idi, içdikcə içmək olardı. Amma biz tələsirdik... Özümüzlə ölkəyə gətirməyimizə icazə yox idi. Heç Ər-Riyada otelimizə qayıdarkən götürməyə də imkan olmadı. Qismətimizdə Ümrə ziyarəti və ehrama daxil hər şey kimi Zəm-Zəm suyu da demək ki, bu qədər imiş...  

Ümrə Ehramında ziyarətin davamında da biz insan selinə qoşulub növbəti əsas əməli yerinə yetirməyə yönəldik. Səfa və Mərvə dağları arasında 7 dəfə qaçmaq Məkkə ətrafında Təfav kimi hətta ondan da ağır Ehramdır. Uzun bir məsafəni yüksəkliyə qalxıb enirsən. Bu məsafəni qaçaraq qət etmək daha çətindir. Fərq birinin açıq havada, digərinin qapalı məkanda icra olunmasıdır.

Səfa və Mərvə dağlarının və ziyarətinin Məkkə, Kəbə ziyarəti ilə bağlılığı haqqında qısa şərh vermək yerinə düşər.  Qurani-Kərimdə göstərilmişdir: “1. “Bəqərə” surəsi, ayə:158: “Həqiqətən, Səfa və Mərvə (dağları) Allahın (dininin və Ona sitayişin) əlamət və nişanələrindəndir. Odur ki, Allah evinin «həcc» ziyarətini edən, yaxud «ümrə»ni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində (ikisi arasında «səy» etməsində) ona (nəinki) heç bir günah yoxdur əksinə vacibdir” .

2.“Nisa” surəsi, ayə:101: Səfərə çıxdıqda namazlarınızı qəsr qılmaqdan çəkinməyin. Bu iş Sizin üçün günah deyil (Əksinə, bu, Allahın əmridir)”.

Beləcə, müqəddəs Zəm-Zəm quyusunun suyunu içib Səfa və Mərvə dağlarının arasındakı məsafəni qaçmaqla təvaf edilməsi əməli üçün məlum məqama gəlib çatdıq.  6 nəfərlik  qrupumuzun kişi üzvləri qaça biləcəkdilər və burada təvafı yerinə yetirmək üçün bizdən ayrılmalıydılar. Biz isə... Qrupumuzun rəhbəri və bütün səfər boyu əziyyətimizi çəkən SƏK-in Azərbaycan səfirliyinin tərcüməçisi Rasim Abdulla bizim Səfa və Mərvə dağları arasında uzun məsafəni qaça bilməyəcəyimizə görə yaşlı, xəstə  zəvvarları aparan təkərli arabalardan istifadə etməyi məsləhət bildi. 2 hissədən ibarət yoxuş-eniş məsafəni 7 dəfə qalxıb düşəcəkdik və son dayanacaqda 4 qrup üzvünü gözləyəcəkdik.

... Araba yüksəkliyə qalxdıqda təhlükəli vəziyyət yaranırdı. Ancaq çox maraqlı, nə bizim, nə başqalarının başına “iş gəlmədi”.

Orada ən əsas məsələ qrup  üzvlərini Cümə (axşam) namazı vaxtı saysız-hesabsız zəvvarın içərisindən tapmaq idi. Əvvəlcə yoldaşlarını itirib axtaran 1 qrup yoldaşımızı  görə (tapa) bildik. Artıq camaat namazını rahat qılmaq mümkün idi.

Beləcə, Ümrə ziyarətinin Ehramının sonuncu əməlini də icra etdik. Çox çətinliklə olsa da qrupumuzun digər üzvlərini də axtarıb tapdıq və müqəddəs Kəbə ilə üzbəüzdəki ticarət mərkəzinə Məhəmməd Peyğəmbər(s.s) xurması adlanan Əcva xurması, Məkkə təsbehi almağa yollandıq. Bütün qrupun dönmək üçün görüşəcəyi yerə cəmi 45 dəqiqəmiz vardı. Məsuliyyət hissi ilə bu tələbə də riayət etdik. 

Məlumat üçün bildirmək yerinə düşər ki, istər Həcc, istərsə də Ümrə ziyarətlərində əməl olunan şərtlərin hər birinin mənası vardır. Məsələn, yuxarıda biz Zəm-Zəm quyusunun, Səfa və Mərvə dağları arasındakı qaçışın mənasını anlatdıq. Eləcə də hər qaydanın, hər qida, əşya, hətta hər bir söz özündə minillərin tarixini yaşadır.

Əlamətlər də bu qəbildəndir. Kəbə təvafını bitirib dualarımızın duyulduğuna bir əlamət istədik və Ümrə ziyarətinin növbəti əməllərini icra etmək üçün müqəddəs Kəbədən iki addım aralanmamışdıq ki, birdən yaxınlığımızda insan axını azaldı. Diqqət etdikdə yerdən duaya açılan qollarımız hündürlükdə bir adi, sadə kəpənəyin  uçduğunu gördük. Bu da əlamət!.. Bəs niyə məhz kəpənək? Bəlkə libasımızla bağlı idi. Lap “o” kəpənək kimi. Şeyx İmadəddin Nəsiminin yad etdiyi kəpənəyi deyirəm. Biz də Ehram geyimindəydik axı...

... Kəpənək gеydiyimə kimsələr еyb еyləməsin,

 Kim ki, halıma mənim qılmadı nöqsan kəpənək.(İmadəddin Nəsimi)

Bəlkə də o kəpənək heç niyyətimizin hasil olması əlaməti kimi deyil, ruhumuz üçün   gəlmişdi?! Onu müqəddəs Kəbənin nur qapısına, oradan içərilərə, daha uzaqlara aparacaqdı və Büytullahda Allahın özü ilə görüşdürəcəkdi...  Bu fikirlərə də, kəpənəyə də azdan az zamanımız da o qədər aludə olduq ki, şəklini çəkməyə belə vaxt itirmədik. 

Fikrimizcə, inancdan, dindən, mistikadan ən uzaq adam belə, Məkkə əl-Mükərrəmədə gerçək həyatdan ayrıldığını hiss edəcəkdir. Sufilərin “Kəpənəyi”, müsəlmanların “Ehramı”… Biz də “kəpənəklə” anlamalı olduğumuzu anladıq və xoş xatirə kimi yaddaşımıza yükləyib yolumuza, əslində vətənimizə bizi qaytaran zamana doğru irəlilədik. 

… Bu müddətdə  ya gerçək, ya əfsanə, axır ki, biz son 30 saatda bir göz qırpımı yuxu, bir tikə qidalanma olmadan və günün nə vaxt bitdiyini də bilmədən 30 saat ərzində 3 təyyarə, 4 maşın dəyişməklə, 6-7 saat dayanmadan yeriməklə Səudiyyə Ərəbistanı Krallığına səfərimizin baş Tacı - Ümrə ziyarətini reallaşdırdıq.    

Əlbəttə, Səudiyyə Ərəbistanı Krallığı nəhəng dövlətdir. Onu 1 həftə ərzində gəzib-görmək mümkünsüzdür. Eyni zamanda hətta 1 həftəlik səfəri media üçün məlumat xarakterli məqalələrlə işıqlandırmaq mümkün olsa belə yenə bir dərin boşluq qalır.

Bu dərin boşluq Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Elmi əməkdaşlıq əlaqələri sahəsindədir və problem real əsaslarla aradan qaldırıla bilər. Belə ki, səfər zamanı biz çox sayda elmi sahə, elmi istiqamət üzrə qarşılıqlı surətdə müstəqil və ya müştərək işlənə biləcək mövzulara qaynaqlarla qarşılaşdıq.  Yeri gəlmişkən 2019-cu ildə Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə beynəlxalq mərkəzinin nümayəndə heyəti AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda qonaq olub. Abdullah əl-Vəşm onun rəhbərlik etdiyi institutda “ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. Direktor müəssisələr arasında əlaqələrinin genişləndirilməsinin hər iki tərəfə fayda verəcəyini bildirib”. Doğrudan da Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında elmi əməkdaşlıq əlaqələrini məsələn, tarix, ədəbiyyat, din, ilahiyyat, mədəniyyət, şərqşünaslıq, regionşünaslıq, fəlsəfə, multikulturlizm, tolerantlıq, sosiologiya, ekologiya, folklor yaradıcılığı, qadın azadlığı məsələsi, o cümlədən neft sənayesi, energetika, iqtisadiyyat, tibb, arxitektura, memarlıq və digər elm sahələrində mühüm mənbələr və mövzular üzrə inkişaf etdirmək labüddür. Qarşılıqlı elmi əməkdaşlıq, aktual mövzuların elmi mübadilələrlə yerinə yetirməsi bu gün dünya qabaqcıl elmi düşüncəsinin marağında olduğu elmi birliyə, elmi inteqrasiyaya yüksək səviyyədə imkan yarada bilər.

Ölkələrimiz arasında Qarşılıqlı Əlaqələr üzrə Baş Saziş sənədi xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən hələ 1994-cü ildə imzalanmışdır və arxada qalan 30 illik tarixi mərhələdə ölkəmizin müxtəlif sahələrinin rəhbər şəxslərinin, işçi qruplarının, o cümlədən Təhsil naziri M. Mərdanovun, AMEA-nın prezidenti M.Kərimovun, BDU-nun rektoru A.Məhərrəmovun Səudiyyə Ərəbistanı Krallığına, habelə o SƏK-in Elm və Təhsil sahəsi üzrə əlaqədar qrumlarının rəhbərlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Bundan başqa 2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri, daha sonra 2015-ci ildə Səudiyyə Ərəbistanının alimləri AMEA-nın Əlyazmalar İnstitutunda olublar. 2016-cı ildə Əlyazmalar İnstitutu ilə Səudiyyə Ərəbistanının Kral Əbdül Əziz Fondu arasında memorandum imzalanıb. 

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri 2014-cü AMEA-nın Şərqşünaslıq İnstitutunda da olublar. 2016-cı ildə Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Fondunun baş direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub. 2017-ci ildə  Səudiyyə Ərəbistanının səfiri, habelə səfirliyinin mədəniyyət attaşesi Şərqşünaslıq İnstitutunun qonağı olub.

2021-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclasında müzakirələrin yekunu olaraq komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Belə ki, sözügedən protokolun 5-ci maddəsində Səudiyyə Ərəbistanı tərəfindən Nizami Gəncəvi yaradıcılığında İslam ənənələrinin, həmçinin onun yaradıcılığının ədəbiyyat və fəlsəfənin inkişafına təsirinin tədqiqinin nəzərdən keçirilməsi əksini tapıb.

Eyni zamanda, tərəflər AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə Səudiyyə Ərəbistanı Krallığının Orqan Transplantasiyası Mərkəzi arasında “Eksperimental modellərdə immunoloji tolerantlığının yaradılmasına innovativ yanaşmalar” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq üzrə razılığa gəliblər. Bundan əlavə, AMEA-nın Fiziologiya İnstitutu Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Kral Əbdül-Əziz adına Tibb şəhərciyinin Tibb şöbəsinin Heriatrik Tibb Bölməsi ilə “Yüksək uzunömürlülük indeksli populyasiyalarda qocalmanın tədqiqi: tibbi-bioloji aspektlər” mövzusu üzrə qarşılıqlı əməkdaşlıq edəcək.

Həmçinin tərəflər Əbo Əl-Qasim Əl-Zəhavinin əlyazmaları ilə bağlı Bakıda seminarın keçirilməsi və həmin əlyazmaların tərcüməsi üçün vasitələrin araşdırılması ilə bağlı AMEA-nın Əlyazmalar İnstitutu ilə əməkdaşlıq etmək barədə razılaşıblar. Sözügedən protokolun 5-ci maddəsində, o cümlədən Həcc və regiona səfərlərlə bağlı əlyazmaların, sənədlərin, xəritələrin və şəkillərin rəqəmsal surətlərinin Səudiyyə Ərəbistanı Krallığının Kral Əbdüləziz Fonduna təqdim edilməsi əksini tapıb.

Bütün bunlar və elmi əlaqələrə dair digər faktlar  təsdiq edir ki, iki ölkə arasında elmi əlaqələrin inkişafına ciddi əsaslar vardır və respublikamızda tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin 100-cü il dönümünün təntənəli surətdə qeyd olunduğu bu günlər, bu aylarda onun Səudiyyə Ərəbistanı Krallığı ilə sistemli hala gətirdiyi və yüksək inkişafına nail olduğu dostluq, əməkdaşlıq münasibətləri körpüsünün elm və təhsil sütunlarını  yaradıb möhkəmləndirmək tarixi irsə ən layiqli tövfə olar. 

Onu da xüsusilə vurğulamaq yerinə düşər ki, uzun illərdir ki, (1997-ci ildən) Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir və bu ilin 11 yanvar tarixində Azərbaycan Respublikasının Milli Məclisində iki ölkənin dostluq qrupunun üzvləri arasında növbəti görüş keçirilmişdir. Azərbaycan Milli Məclisi və Səudiyyə Ərəbistanı Krallığı dostluq qruplarının  rəhbərləri və üzvləri öz çıxışlarında turizm, energetika, neft-qaz, bərpa olunan enerji, investisiya istiqamətlərində əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən bəhs edərkən elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulamışlar ki, bu da gerçək boşluğun aradan qaldırılması baxımından əhəmiyyət kəsb edir. 

... Biz qədimdən qədim, eyni zamanda super modern Səudiyyə Ərəbistanı Krallığına  bu ölkənin respublikamızdakı səfirliyinin xətti ilə səfərə hazırlaşandan müqəddəs Məkkə şəhərində Ümrə ziyarətində olarkən, həmçinin bir-birindən maraqlı proqram tədbirlərində iştirak edərkən, vətənə dönüb bu yazını yaza-yaza Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin 30 il əvvəl  əsasını qoyduğu, Prezident cənab İlham Əliyevin qoruyub inkişaf etdirdiyi dövlətlərarası münasibətlərin davamlılığını və dəyərini dərindən dərk etdik.  

Sözsüz ki, mənəvi mirasa  münasibət vətəndaşlıq meyarları ilə sınaqdan keçir. Biz də bu düşüncələrimizlə ölkəmizlə Səudiyyə Ərəbistanı Krallığı arasında möhkəm mənəvi sütunları olan dostluq körpüsü salmış, hərtərəfli yollar açmış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramımızı peşəmizin imkanları ilə AMEA-nın Elm, eləcə də Cahanplus.com saytlarında yayımlanan   5  məqalələrimizdə ifadə etməyə çalışdıq.  

Beləliklə,  “Heydər  Əliyev  və  Azərbaycan Respublikası - Səudiyyə Ərəbistanı Krallığı qarşılıqlı münasibətləri” başlıqlı (silsilə) araşdırma məqaləmizi yekunlaşdırarkən ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq, əməkdaşlıq münasibətləri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığına səfərimizdən məmnunluğumuzu ifadə etməklə SƏK-in Azərbaycan Respublikasındakı səfiri cənab dok. Haməd bin Abdulla bin Xudeyrə, səfər zamanı bizimlə yerli heyət arasında dil körpüsü yaratmış və həmçinin Ümrə ziyarətində yardımçımız olmuş Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin tərcüməçisi Rasim Abdullaya, həmçinin yaxın gələcəkdə geniş həcmli bir kitabın mövzusu olacaq bu dərin məzmunlu və geniş həcmli tədqiqat işi araşdırmamızı AMEA-nın saytında yayımlamış AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə  əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova minnətdarlığımızı bildiririk.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023