AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
31 Mart Soyqırımının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Mar 30, 2023 | 12:42 Konfranslar, iclaslar

Martın 29-da AMEA-nın Azad Həmkarlar İttifaqı ilə birgə A.A.Bakıxanov adına Tarix İnstitutunda 1918-ci il mart soyqırımının 105-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masada Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov  erməni millətçiləri tərəfindən 1918-ci ilin mart-may aylarında xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin əsl mahiyyətindən danışıb. Bildirib ki, azərbaycanlılara qarşı törədilmiş bu soyqırımı xalqımızın XX əsr tarixinin ən  qanlı səhifələrindən biridir. Həmin hadisələr zamanı 50 min azərbaycanlı qətlə yetirilib.

Daha sonra  AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov bildirib ki, son 20 ildə Tarix İnstitutunun əməkdaşları Azərbaycan dövlətinin tarixi haqqında kifayət qədər əsərlər hazırlamışlar. Bu əsərlərdə tariximiz  obyektiv şəkildə işıqlandırılmışdır. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı bununla bağlı qətnamə qəbul edib. 1948-ci ildən soyqırım törədənlərə cəzalar tətbiq edilməyə başlanılıb, çox sayda cinayət məhkəmələri təşkil olunub. Soyqırım beynəlxalq aləmdə genosid kimi adlanır. Məruzəçi ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Ümummilli Liderin bu Fərmanı ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verildiyini söyləyib. Bununla da XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə milli yaddaş formalaşdırılıb.

“Hər bir azərbaycanlının əsas vəzifəsi güclü dövlət naminə tariximizə etinasızlıq göstərməmək, onu  dəqiq  öyrənmək  və ondan ibrət dərsi çıxarmaqdır. Azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi mərhələlərini təhlil edərkən XX əsrdə Azərbaycan xalqının yaşadığı acı hadisələrə tarixi, siyasi və hüquqi qiymət verilməsi vacibdir”, - deyə o vurğulayıb.

Sonra tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov, Kamran İsmayılov və Cəbi Bəhramov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıblar. Qeyd edilib ki, 1918-ci ildə ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qanlı qırğınlar törədiblər.


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023