AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
31 Mart soyqırımı və onun nəticələri
Mar 31, 2023 | 14:44 Mühüm hadisələr

Böyük dövlətlər zaman-zaman Osmanlı imperiyası və Türkiyə Respublikasına, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasına qarşı “erməni kartı” və “erməni amili”ndən məharətlə istifadə ediblər. Tarixi faktlar, mənbələr, sənədlər sübut edir ki, ermənilərin Cənubi Qafqazda, o cümlədən də tarixi Azərbaycan ərazilərində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. “Dənizdən-dənizə böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddialar irəli sürən, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan məhz “Daşnaksütyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsi üçün ermənilər kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqırımı, etnik təmizləmə və s. həyata keçiriblər.

Bu barədə AzərTac-a AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı məlumat verib.

Alim bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının ermənilərin cinayətkar və terror əməllərinin araşdırılması, o cümlədən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından tarixi, siyasi və hüquqi rolu olub.

1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici işlər, sonra isə Ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı olaraq fəaliyyət göstərib. Əsas məqsədi erməni-daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək olub. Təxmini hesablamalara görə, Bakıda soyqırımı zamanı 15-20 min azərbaycanlı qətlə yetirilib. Şamaxıda törədilmiş soyqırımı barədə FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materiallarında erməni silahlı dəstələrinin vəhşilikləri haqqında ətraflı məlumat verilib. Həmin materiallara əsasən, erməni quldurları Şamaxıda 8 minədək azərbaycanlını qətlə yetiriblər. Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsi hazırlanıb, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin daşnak Hamazasp Srvandzyanın və onun köməkçisi Nikolayın komandanlığı altında erməni dəstəsi göndərilib. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

Şərqi Anadoludakı soyqırımı zamanı 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılıb və əhalisi soyqırımına məruz qalıb. 1920-ci ilin fevralında İrəvan quberniyasının Şörəyel qəzasında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edib, mart ayında isə həmin qəzada 2000 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətl edilib. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb.

Ermənilərin Cənubi Azərbaycanın qərb bölgəsində törətdiyi soyqırımının da ağır nəticələri olub. Təkcə Urmiya, Xoy və Salmas şəhərlərində ermənilər tərəfindən qətlə yetirilənlərin sayı 160-200 min nəfər arasında olub. Təbrizdə çıxan “Dilmanc” jurnalı soyqırımında ölənlərin sayının 100 min nəfər, Əhməd Kəsrəvi “Azərbaycanın 18 illik tarixi” kitabında 130 min nəfər, Camal Ayrumlu Urmiyada çıxan “Nəvide Azərbaycan” qəzetindəki məqaləsində 150 min nəfər, Həsən Səfəri “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı əsərində 200 min nəfərə yaxın olduğunu göstərir.

1918-ci ilin mart-aprel hadisələri zamanı Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib. Arxiv materialları və sənədlərdə gəmilərin adları “Krasnovodsk”, “Yelets”, “İraq”, “Bakinets”, “Salyanets”, “Demosfen” kimi göstərilir. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak silahlı birləşmələri çayın ətrafında olan kəndləri qarət etmiş, əhalinin mal-mülkünə ziyan vurmuş, insanları vəhşicəsinə qətlə yetirmişlər. Erməni-daşnak silahlı birləşmələri və quldur dəstələri Neftçalanın Bankə, Xıllı, Seyidlər, Uzunbabalı, Tatarməhlə, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngan, Kürqaraqaşlı kəndlərindən hücumlar edərək qarət, soyğunçuluq, vəhşicəsinə qətllər törətmişlər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023