AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA prezidenti İsa Həbibbəyli elmi müəssisələrə yeni təyin olunmuş şöbə müdirləri ilə görüşüb
May 15, 2023 | 11:08 Görüşlər

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Abbasqulu Ağa Bakıxanov adına Tarix, akademik Ziya Bünyadov adına Şərqşünaslıq və Qafqazşünaslıq institutlarına yeni təyin olunmuş şöbə müdirləri ilə görüşüb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli sözügedən institutlardakı şöbələrin Azərbaycanın, Qafqazın və ümumilikdə Şərq ölkələrinin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və həmin şöbələrin və onların müdirlərinin üzərinə düşən vəzifələrdən söz açıb. Qeyd olunub ki, Humanitar və İctimai Elmlər Bölməsi üzrə elm adamlarının əsas qayəsi azərbaycançılıq və müstəqil dövlətçilik ideyalarından ibarətdir.

Akademiyada başlıca tədqiqatların şöbə və laboratoriyalarda aparıldığını deyən AMEA rəhbəri həmin araşdırmaların nəticələrinin əsas göstəricilərinin beynəlxalq bazalarda əks olunmasının Azərbaycan tarixinin və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Bu istiqamətlərdə işlərin həyata keçirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti aparatında “Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli elektron sənəd dövriyyəsinin təşkilinin, elmmetrik araşdırmaların aparılmasının, “Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin genişləndirilməsinin və digər vəzifələrin şöbənin başlıca fəaliyyət istiqamətləri olduğunu söyləyib.

Ötən müddət ərzində sözügedən şöbənin əhəmiyyətli işlər gördüyünü, Akademiyada elektron elmin inkişafına dair əməli addımların atıldığını qeyd edən akademik İsa Həbibbəyli AMEA-nın nəşrlərinin nüfuzlu elmmetrik bazalara daxil edilməsi, həmin bazalarda alimlərin profillərinin yaradılması, müəssisələrin və elmi jurnalların saytlarının təkmilləşdirilməsi, beynəlxalq elmi reytinqlərdə Azərbaycan elminin yüksək nəticələr əldə etməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

AMEA rəhbəri elektron elmin müasir texnologiyalar əsrində Akademiyanın gələcək inkişafında xüsusi önəm kəsb etdiyini bildirib və yeni təyin olunmuş şöbə müdirlərinə müvafiq tapşırıqlarını verib.

Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbənin ötən müddət ərzində həyata keçirdiyi və nəzərdə tutulan işlərdən söz açıb. İnstitutların elmi jurnallarda çıxan məqalələrə DOİ identifikatorunun mərkəzləşdirilmiş qaydada verilməsi, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının və jurnallarının saytlarının kiber təhlükəsizliyinin təmin olunması ilə bağlı atılan addımları diqqətə çatdırıb.

Daha sonra “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk müəssisələrin əməkdaşlarının “Vikipediya” fəaliyyətinin canlandırılması ilə bağlı təşkil olunan təlimlər barədə məlumat verib.

Sonda şöbə müdirləri çıxış edərək qeyd olunan məsələlərlə bağlı fikirlərini bölüşüb, vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün məsuliyyətlə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, ilk dəfədir ki, AMEA prezidenti elmi-tədqiqat müəssisələrinə yeni təyin edilmiş şöbə müdirləri ilə belə bir formatda görüş keçirib müzakirələr aparır.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023