May 22, 2023 | 14:15 Müsahibələr, çıxışlar
Ədəbiyyata, fəlsəfəyə bütün varlığı ilə vurulmuş akademik Heydər Hüseynov sadəcə bir alim və insan ömrü yaşamaq istəyirdi. Həyatı filmə bənzəyən Heydər Hüseynovun ömrü mənfur 37-ci illərin qaranlıqlarında itib batan talelərin davamı kimi yarımçıq qaldı. Heydər Hüseynov kimi qüdrətli bir insanı ağlın göstərdiyi yol qaranlıqda əridirdi. XX əsr milli fəlsəfə tariximizi Heydər Hüseynovsuz təsəvvür etmək qeyri-mümkündür. Bu kiçik ömür əsrdən uzun zamandan qocadır desək yanılmarıq. Heydər Hüseynov bu qısa ömründə adını Azərbaycan fəlsəfə tarixinə yazmağı bacardı və ölümsüz həyat yaşadı. Azərbaycan tərcümə məktəbinin əsasını qoydu, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorları oldu, Azərbaycanda Sovet dövrü tarix və fəlsəfə elminin inkişafında mühüm xidmətlər göstərdi. Akademik Heydər Hüseynov keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etdi. Alimin rəhbərliyi və redaktəsi altında 2 cildlik “Müxtəsər Azərbaycan tarixi”, general Ə.Şıxlinskinin “Xatirələri” dəyərli nəşrlər hazırlanmışdı. O, Bəhmənyar, Nizami, Füzuli, H.Zərdabi, Mirzə Kazımbəy, A.A.Bakıxanov, M.F.Axundov kimi görkəmli nümayəndələr haqqında tədqiqatların müəllifi olmuşdur.
“XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası çapdan çıxanda H.Hüseynovun 41 yaşı vardı. Məmməd Arif yazırdı: “H.Hüseynov Azərbaycanda ictimai və fəlsəfi fikrin “vahid axın” yolu ilə deyil, kəskin sinfi, siyasi mübarizə şəraitində inkişaf etdiyini göstərir. Heydər Hüseynov böyük əhəmiyyətə malik ciddi elmi iş görmüşdür...” Akademik A.O.Makovelski Heydər Hüseynovun kitabını yüksək qiymətləndirirdi. İlk tələbəsi olan İrşad Əliyev (Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini) söyləyirdi: “Heydər Hüseynovla 1945-ci ilin martında tanış oldum. Ağdama ziyalılarla görüşə gəlmişdi. Ordakı çıxışı mənə çox təsir elədi. Elə o vaxtdan Ziyəddin Göyüşovla qərara gəldik ki, mütləq onun rəhbərliyi ilə açılan Fəlsəfə fakültəsinə oxumağa gedək. Sözümüzün üstündə də durduq. Biz onun ilk tələbələri olduq, bizimlə akademik Firudin Köçərli, Akademiyanın müxbir üzvü Məqsəd Səttarov, akademik Aslan Aslanov da oxuyurdu. Heydər Hüseynov universitetdə bizdən ötrü canını qoyurdu. Doğma balaları kimi qayğımıza qalırdı. Bizə dərs deyən müəllimləri də özü seçirdi, dərs proqramlarını təkbaşına hazırlayırdı”. 1944-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alarkən, o vaxt H.Hüseynovun 36 yaşı vardı. Azərbaycan SSR Elmlər Akademiyası təşkil edilərkən Akademiyanın prezident müavini seçilir və ilk akademiklərdən biri olur. Bu vəzifəyə seçiləndə H.Hüseynovun 38 yaşı vardı. Heydər Hüseynovun istedadı getdikcə parlayır, onu şöhrətləndirirdi. Azərbaycan sənətkarlarının müvəffəqiyyətinə ürəkdən sevinirdi. C.Cabbarlı, S.Vurğun haqqında dəyərli məqalələr yazmışdı. H.Hüseynov II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçiləndə 39 yaşı vardı. Heydər Hüseynov musiqini də çox sevərmiş, uşaqlığında tar alətinin gözəl ifaçısı olubmuş. “Poeziyaya rəğbət bəsləyən H.Hüseynov özü də şeir yazardı, məhz atəşgah şeirini tələbə ikən müəllimi Zummerə həsr etmişdi.
Qarşımdakı həyətin dəhşətli bir sirri var,
İnsan düşünsə onu qorxunc vəhimələr sanar.
İnsanlar göyə doğru qaldırarmış, əlləri.
Bəziləri taxaraq kəndinə dəmirləri,
Olmuşdular atəşin ayrılmayan əsiri
Bəziləri bağlamış kəndini zəncirləri.
Saralıb solarmış belə gündən günə,
Bəziləri vüqarli əyilməzmiş heç kimə
Fəda olurmuş belə haqq bildiyi nəfəsə.
O, “Zəngi” şeirində doğulduğu İrəvan mahalında - Zəngi çayını təsvir edir:
Aylar, illər boyu aşar, daşarsan
İçində çınqıllar oynaşar, Zəngi!
Qayalar üstündən yel tək aşarsan
Qoynunda köpüklər qaynaşar, Zəngi!
Akademik H.Hüseynovun “Dialektik materializm”, “Dialektika və metofizika”, “Marksist dialektik metod” və başqa əsərləri o zaman Azərbaycan dilində yazılmış ən qiymətli əsərlərdir. Nizami Gəncəvinin “İqbalnamə”sinə müqəddimədə yazırdı: “Nizami yalnız ümumi mənada abstrakt olaraq götürülmüş azad bir cəmiyyət təsvir etmir. O, hər şeydən əvvəl, azad insan cəmiyyəti prinsiplərini şəxsi mülahizəsinə görə açır. Heydər Hüseynovun dəfnində tələbələrinə də cənazəsinə yaxın durmağı qadağan etdilər. 1956-cı ildə filosofun yaxın dostları Əlövsət Quliyev, İrşad Əliyev, Mütəllib Babayev “bəraət almış cəsədi” Fəxri xiyabana köçürdülər. 1958-ci ildə yaşadığı binaya xatirə lövhəsi vuruldu. 1965-cı ildəsə biblioqrafiyası çapdan çıxdı. İntihar etmək dini baxımdan günah sayılır. Böyük istedada malik insanların intiharı isə elmə, mədəniyyətə, incəsənətə, ağır zərbədir, doğrudur, Heydər Hüseynov 42 yaşında yaradıcılıq qüvvəsinin çiçəkləndiyi bir vaxtda həyatdan köçdü. Taleyin və yaşadığı dövrün əsən sərt yellərinin hökmü idi ki, Heydər Hüseynovun ömrü və yaradıcılıq illəri də tez bitdi. O, qısa ömrü ərzində çox iş görmüşdü, yazıb-yaratdıqları gələcək nəsillərə əvəzsiz bir yadigardır. Ulu Öndər Heydər Əliyev akademik Heydər Hüseynovun da xatirəsinə ehtiramla yanaşmışdır. 1998-ci ildə görkəmli alimin 90 illik yubileyi Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən təntənəli surətdə qeyd olunmuşdur. Məqaləmi Ulu Öndər Heydər Əliyevin frazası ilə bitirmək istəyirəm: “Heydər Hüseynov bu gün də unudulmayıb, sabah da unudulmayacaq, gələcək nəsil həmişə onu tədqiq edəcək və öyrənəcək”.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
www.science.gov.az