AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Peşəkar insan ehtiyatı cəmiyyətin əsas güc qaynağıdır
May 22, 2023 | 16:14 Müsahibələr, çıxışlar

Tarix boyu hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini və milli strategiyasını, ilk növbədə gənc nəsillər üzərində qurur. Onların sağlam, milli ruhda yetişdirilməsi hər bir ölkə üçün prioritetdir. Odur ki, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın təşəkkülündə fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar.

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanda "Heydər Əliyev İli" elan edilmişdir. Bu, dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli şəkildə tədqiqinə geniş imkanlar yaratmışdır. Azərbaycan Respublikasının bugünkü tərəqqisində, beynəlxalq aləmdə tanınmasında Ümummilli Liderin əvəzsiz rolu olmuşdur. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Heydər Əliyev Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini və beynəlxalq aləmdə nüfuzunu gücləndirmiş böyük şəxsiyyətdir: "Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmaqla sübuta yetirmişdir".

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin və peşə fəaliyyətinin əsas tərkib hissələrindən biri də elm, təhsil və gənclər siyasəti olmuşdur. 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər. 1994-cü ildə böyük rəhbərin sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.

1996-cı ildə Azərbaycan gənclərinin 1-ci forumu keçirilib. 1997-ci ildən Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə yüksək nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, Olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq bayrağımızı yüksəklərə qaldırırlar.

Azərbaycan gənci daim döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Onlar böyük elmi ixtiraları, kəşfləri ilə dünya sivilizasiyasına öz möhürlərini vurmuşlar. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi tarixi kökdən, gendən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanırlar. Azərbaycan gəncləri öz həyatlarını qurarkən öncə Vətəninin, doğma yurdunun bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirirlər. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.

Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, qayğı göstərmiş, bu sahənin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Bu diqqət və qayğı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artmış, Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənmiş, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilmiş, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılmışdır. Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilmiş, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlmiş, elmin tətbiq sahələri genişlənmiş, elm adamlarına yaradıcılıq şəraiti yaradılmış, görkəmli alimlərin fəaliyyətləri təqdir olunmuş, onlar mükafatlandırılmışlar. Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilmişdir. Bir faktı qeyd edək ki, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdır.

Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq onları novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi dəyərləndirir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları cəmiyyətin avanqard qüvvəsinə çevirir. Üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.

Çox sevindirici haldır ki, bu gün bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" uğurla icra olunur. Dövlətimiz qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksəkixtisaslı kadrlarla təmin etməkdir.

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun ölkədə yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi payı var. İnstitut ötən onilliklərdə böyük inkişaf yolu keçmiş, zəngin ənənələri olan elm müəssisəsi kimi tanınmışdır. Çoxillik fəaliyyəti dövründə Şərqşünaslıq İnstitutu yalnız respublikamız üçün deyil, qonşu  Gürcüstan, İran, Körfəz Ərəb ölkələri, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllim və elmi kadr hazırlığı prosesini uğurla həyata keçirmişdir.

Bu gün institutumuzda Azərbaycan Respublikasının elm siyasətinin sistemli şəkildə həyata keçirilməsində, səmərəli, aktual və ölkəmiz üçün əhəmiyyət kəsb edən elmi tədqiqatların aparılmasında, eyni zamanda gənc elmi kadrların hazırlanmasında böyük işlər görülür.  Burada gənc əməkdaşların püxtələşməsi, təcrübə toplaması və inkişafı üçün böyük imkanlar yaradılmışdır.

44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Şərqşünaslıq İnstitutunun əməkdaşları da fəal iştirak etmişdir, vətənimizin haqlı mövqeyini əks etdirən bir çox elmi və publisistik məqalələr ərəb, fars, türk, ingilis və rus dillərinə tərcümə olunaraq beynəlxalq kütləvi informasiya vasitələrində dərc edilmişdir. Vətən müharibəsi dövründə institutun əməkdaşları "BBC-Arabic", "Əl-Arabiyyə", "Əl-Hurra", "Əl-Məyadin" və digər ərəbdilli nüfuzlu media orqanlarına altmışdan çox müsahibələr vermiş, Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin maraqlarını təmin edən zəruri məlumatları geniş izləyici kütləsinə çatdırmışdır.

Həyatımızın sürətlə dəyişməsi, inkişaf etməsi qarşımıza yeni tələblər və çağırışlar qoyur. Biz qarşımızda dayanan bütün vəzifələrin uğurlu həllinə məsuliyyət hissilə yanaşmaqla bərabər, möhkəm nizam-intizamla, o cümlədən peşəkarlıq sayəsində nail ola bilərik. Yüksəksəviyyəli elmi kadrların hazırlanması, cəmiyyətdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi, bilik və bacarıqların, peşəkarlıq səviyyələrinin yaxşılaşdırılması və bütövlükdə ölkəmizdə insan kapitalının formalaşması üçün əzmlə çalışmalıyıq. Yalnız bu halda strateji hədəflərimizə, ali məqsədlərimizə çata bilərik.

Elnur MUSTAFAYEV, AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri

“Azərbaycan” qəzeti

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023