May 24, 2023 | 15:56 Mühüm hadisələr
Birinci mərhələdə arxeoloji tədqiqatlar işləri mayın 3-dən 17-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndləri ərazisində aparılıb. Burada insan qalıqları aşkar edilib. İkinci mərhələdə isə aşkarlanmış skeletlər üzərində laboratoriyada təhlillər aparılıb. Hazırda mina təhlükəsizliyi ilə əlaqədar ərazidə təmizləmə işləri aparılır. Ərazi tam təmizləndikdən sonra iyun ayında tədqiqat işlərimizi davam etdirəcəyik. Digər axtarış işləri Zəngilan və Cəbrayıl rayonlarında davam etdiriləcək.
Ümumiyyətlə dörd minə yaxın itkin düşmüş azərbaycanlı var. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən pilot layihəsi çərçivəsində 15 min insandan qan analizləri götürülmüşdü. Bunun nəticəsi olaraq aşkar edilən skeletlər uyğunlaşdırılıb və onların kimə məxsus olması məsələsinə aydınlıq gətirilib.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib.
Onun sözlərinə görə arxeologiya və antropologiya sahəsi çoxşaxəli sahədir. Bu gün Bakı keçirilən “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransdakı çıxışlarda Argentinadan, ABŞ-dan gələn alimlər bildirdilər ki, məhkəmə arxeologiyası və antropologiyası müasir dövrdə inkişaf edən sahədir. “Bizdə də bu sahəni inkişaf etdirmək məqsədilə beynəlxalq konfrans təşkil edirik. Mənə elə gəlir ki, məqsədimizə nail olmuşuq. Çünki dünya təcrübəsini tətbiq edirik. Bizim arxeoloji ekspedisiyanın üzvləri 2022-2023-cü illərdə Kiprdə, Almaniyada treninqlərdə iştirak ediblər. Bu gün isə dünyaşöhrətli alimlər paytaxtımızda tədbirdə iştirak edirlər.
Konfransda geniş şəkildə təqdimatların şahidi olduq. Bu da bu sahədə işimizə töhfə verir. Ölkəmizdə belə təcrübələr əvvəllər olub. Lakin elm inkişaf edir və antropologiya sahəsində yeni texnologiyalardan və üsullardan istifadə edilir. Ona görə də dünyada tətbiq olunan yeni üsulları artıq Azərbaycanda tətbiq etməyə çalışırıq”, - deyə Akif Quliyev bildirib.