AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq Memorandumu imzalanıb
May 26, 2023 | 11:28 Konfranslar, iclaslar

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev 100 il: Müasir dövrdə elm və təhsilin inteqrasiyası” adlı elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov müasir dövrdə elm və təhsilin inteqrasiyasının günümüzün tələbi olduğunu qeyd edərək, Azərbaycanda mövcud olan universitetlərlə AMEA-nın institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. ADPU-nun rektoru, həmçinin qeyd edib ki, elmi kadrların hazırlanması, müasir tələblərə cavab verən dərsliklərin hazırlanması, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi və digər məsələlər ADPU ilə Tarix İnstitutu arasında əməkdaşlığı zəruri edən əsas amillərdəndir.

Tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov qeyd edib ki, Azərbaycanda yeni elmi ənənələrin və milli tarix konsepsiyasının formalaşdırılması üçün gənc, intelektual və dünya tarix elminin nəzəri istiqamətlərini dərindən bilən gənc kadrlara böyük ehtiyac var. Məhz bu kadrların elmi müstəviyə gəlməsində universitetlər ilkin elmi baza rolunu oynayır. Professor Kərim Şükürov, həmçinin rəhbərlik etdiyi Tarix İnstitutu ilə ADPU arasında elmi əlaqələrin nəzəri və praktiki tərəflərindən, əməkdaşlıq çərçivəsində görüləcək işlərdən, Tarix İnstitutunun elmi imkanlarının təhsil sisteminə transformasiya perspektivlərindən danışıb.

Tədbirdə Tarix İnstitutunun şöbə müdirləri, professor Şahin Fərzəliyev, professor Tofiq Mustafazadə, professor Mais Əmrahov, elmi katib dosent Ellada Bəkirova, dosent Mübariz Ağalarlı, ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova, Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, dosent Sevinc Əliyeva və digər natiqlər öz çıxışlarında Azərbaycanda elm və təhsilin inteqrasiya problemləri, ali təhsil müəssisələri ilə AMEA arasında elmi əməkdaşlığın perspektivləri haqqında danışıblar.

Sonda Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumda tərəflər arasında elmi tədqiqatların əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, tarix elmi sahəsində elmi yeniliklərin və innovasiyaların tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, professor-müəllim heyətinin, elmi işçilərin, doktorant, magistrant və tələbələrin təcrübə mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların keçirilməsi, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak, müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması və s. kimi məsələlər istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023