Jun 01, 2023 | 10:58 Görüşlər
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa Universitetinin “Arxeologiya 2.0” Elm Təhsil Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor İlşat Baxşiev, universitetin Arxeoloji abidələrin qorunması üzrə Elmi İstehsalat Mərkəzinin nümayəndələri Ramil Nəsrətdinov və Roman Qabitov AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda olublar.
Görüşdə professor İlşat Baxşiev Başqırdıstanda aparılan arxeoloji tədqiqat işlərindən danışıb və “Rəqəmsal arxeologiya” metodundan istifadə etdiklərini bildirib. Alim qeyd edib ki, bu metoddan Avropa ölkələrində geniş istifadə edilsə də, biz son zamanlar tətbiq etməyə başlamışıq. O, ”Rəqəmsal arxeologiya”nın üstünlüklərindən söz açaraq bu sahədə Azərbaycan arxeoloqlarını əməkdaşlığa dəvət edib. Bu metodla arxeoloji tədqiqatlar aparılarkən, abidəyə heç bir zədə toxunmur və gələcək nəsillərə ötürülür. Çünki bu metodda “kvadrokopter”lərdən istifadə edilir. Bu da havada aparılan müşahidələr nəticəsində arxeoloji abidənin yerini, dərinliyini, əhatə sahəsini dəqiqliklə verir. Bunlar qazıntı işlərinin və aparılan tədqiqatların vaxt itkisinin qarşısını alır.
Sonra digər arxeoloq qonaqlar R.Nəsrətdinov və R.Qabitov “kvadrokopter”in iş prinsipindən danışıblar və otaqda oturaraq tədqiq ediləcək sahəni müşahidə etməyin mümkünlüyünü qeyd ediblər. Həmçinin bildiriblər ki, bunun sayəsində rəqəmsal plan tərtib etmək və hətta oxunması çətin olan yazıları da oxumaq mümkün olur. Bu aparat maqnit sahəsi ilə işlədiyi üçün dərinliyi də dəqiqliklə göstərir. Qonaqlar sözügedən yeniliyin Azərbaycanda da tətbiq edilməsini istədiklərini bildiriblər və bu məqsədlə də yayda Ufa Universitetində keçiriləcək elmi seminarda tələbə və aspirantların iştirak etməsini təklif ediblər.
Sonda qonaqlar arxeoloqları maraqlandıran sualları cavablandırıblar.
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru, t.ü.f.d., dosent Zaur Həsənov və t.ü.f.d., dosent Mikayıl Mustafayev qonaqlara maraqlı çıxışları üçün minnətdarlıqlarını bildiriblər.
www.science.gov.az