Sep 19, 2023 | 15:30 Yeni nəşrlər
AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın, eləcə də institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün və Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində məqalələri İraq Respublikasında dərc edilən “Türkmən Mədəniyyəti” rüblük populyar elmi jurnalında çap olunub.
Jurnalın dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş bu sayında akademik Gövhər Baxşəliyevanın “Böyük Azərbaycan şairi Füzuli Bağdadi yaradıcılığında məhəbbət konsepsiyası və qədim ərəb üzri lirikası”, Rühəngiz Cümşüdlünün “Füzuli Bağdadinin ərəbdilli bədii irsinin tədqiqi”, Elnur Mustafayevin “Füzuli Bağdadinin “Hədiqət-üs-Süəda” əsəri Azərbaycan klassik nəsr ədəbiyyatının nümunəsi kimi” adlı məqalələri dərc olunub.
Akademik G.Baxşəliyeva məqaləsində ədəbiyyatın inkişaf qanunauyğunluqları və qarşılıqlı təsirlərindən bəhs etdikdən sonra əsrlər boyu müştərək müsəlman mədəniyyəti çərçivəsində inkişaf edən Azərbaycan ədəbiyyatı, bu mədəniyyətin ayrı-ayrı ədəbiyyatları, o cümlədən ərəb ədəbiyyatı ilə sıx təması haqqında ətraflı izahlar verir. Daha sonra Məhəmməd Füzulinin yaradıcılığına müraciət edərək, onun bədii irsində təzahür edən məhəbbət konsepsiyası və qədim ərəb üzri lirikası, o cümlədən platonik və ülvi eşq, sevginin faciəli aqibəti və keşməkeşli taleyi kimi mövzuları araşdırır.
R.Cümşüdlü məqaləsində Azərbaycan ədəbiyyatında ərəb dilində yazmış şairlər və onların bədii irsi haqqında ətraflı məlumat verdikdən sonra Məhəmməd Füzulinin ərəb dilində yazdığı qəzəl və qəsidələri tədqiqata cəlb edir. O, məqaləsində Məhəmməd Füzulinin yaradıcılığında ərəb dilində yazılmış bədii irsin mühüm yer tutduğunu və bu istiqamətdə yeni elmi tədqiqatların aparılmasının zəruri olduğunu qeyd edir.
Elnur Mustafayev öz məqaləsində Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında ümumi məlumat verir, dahi şairin Azərbaycan ədəbiyyatı və dilinin inkişafında oynadığı əvəzsiz rolundan bəhs edir. Belə ki, o, Füzulinin “Hədiqət-üs-Süəda” əsərini tədqiqata cəlb etməklə, əsərin Azərbaycan ədəbiyyatında ana dilində yazılmış nəsr janrının ən parlaq nümunəsi olduğunu qeyd edir.