AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
“Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri” mövzusunda respublika konfransı keçirilib
Jun 01, 2023 | 16:20 Konfranslar, iclaslar

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri” mövzusunda respublika konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Pakistan arasında bir çox istiqamətlərdə davam edən çoxşaxəli münasibətlərin dostluq və qardaşlıq prinsipinə əsaslandığını qeyd edib. O, iki dövlət arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyev xidmətlərindən bəhs edərək hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycanın bütün məsələlərdə Pakistanın mövqeyini dəstəklədiyini qeyd edən AMEA rəhbəri hər iki dövlətin bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya etdiklərini, bir-birilərini qeyd-şərtsiz dəstəklədiklərini bildirib.

Akademik İsa Həbibbəyli Pakistanla elm sahəsində də əlaqələrin uğurla davam etdiyini söyləyərək, iki ölkənin elmi qurumlarının doktorant və dissertantların yetişdirilməsində birgə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. O, birgə əməkdaşlıq çərçivəsində pakistanlı dissertantların AMEA-da ödənişsiz təhsil almasının planlaşdırıldığını qeyd edib. Alim, həmçinin Pakistanın Lahor Dövlət Universitetində urdu dilində böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunan kitabın çap olunduğunu bildirib. 

Çıxışının sonunda AMEA prezidenti bugünkü tədbirin Azərbaycan-Pakistan münasibətlərinin inkişafına, elmi problemlərin müzakirəsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və bu inkişaf sayəsində xalqlarımızın daha da yaxınlaşdığını bildirib. E.Mədətli institut alimlərinin Pakistanla elmi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edərək, azərbaycanlı mütəxəssislərinin bu ölkənin elmi cəmiyyəti ilə qurulan əlaqələrindən, elmi jurnalları ilə əməkdaşlıqlarından, birgə elmi-tədqiqat layihələrindən danışıb.

O, bugünkü tədbirin “Heydər Əliyev İli” ilə əlaqədar Pakistanla birgə təşkil edilmiş elmi konfranslardan biri olduğunu deyərək, konfransın uğurlu elmi nəticələr verəcəyinə inamını bildirib.

Daha sonra tədbirə onlayn qatılan Pakistan İslam Respublikasının Preston Universitetinin rektoru, professor Əbdül Bəsit “Pakistan-Azərbaycan münasibətləri müasir geosiyasi çağırışlar kontekstində” adlı məruzə ilə çıxış edib. İki ölkə arasında münasibətlərin hələ ötən əsrdən inkişaf etməyə başladığını qeyd edən məruzəçi mədəni, dini, siyasi, tarixi əsaslara söykənən bu əlaqələrin son 30 il ərzində ən yüksək inkişaf pilləsində olduğunu söyləyib. O, Pakistan və Azərbaycanın müasir dövrdə üzləşdiyi geosiyasi problemlərdən bəhs edib, Pakistanın Azərbaycan-Ermənistan münaqişəsində Ermənistanın işğalçı siyasətini tənqid etdiyini, Azərbaycanı dəstəklədiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını diqqətə çatdırıb.

Tədbirdə Pakistanın “Daily Ettehad” qəzetinin baş redaktoru, Pakistan Qəzet Redaktorları Şurasının vitse-prezidenti Tahir Faruk “Heydər Əliyev və Məhəmməd Əli Cinnah - iki dahi Millət Atası” adlı məruzəsini təqdim edib.

O, Azərbaycan və Pakistanın siyasi həyatında mühüm rol oynamış iki böyük şəxsiyyət - Heydər Əliyev və Məhəmməd Əli Cinnahın hər iki ölkənin xalqı qarşısında gördüyü işlər haqqında məlumat verib. Tahir Faruk Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin yenidən qurulmasında və gələcəyinin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb, Ulu Öndərin siyasi fəaliyyəti barədə danışıb. 

Konfransda Pakistan Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Fərhad Asifin “Prezident İlham Əliyev və Pakistan-Azərbaycan münasibətləri”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Məhəmməd İqbalın fəlsəfəsinin ümumbəşəri mahiyyəti və həmrəyliyə çağırışları”, institutun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqanayevanın “Heydər Əliyev və Azərbaycan-Pakistan əlaqələri İslam həmrəyliyi kontekstində” və Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, s.ü.f.d., dosent Şahin Bağırovun “Pakistan İslam Respublikası dünya siysətində və Azərbaycan Respublikasına münasibət” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda bu kimi konfransların keçirilməsinin önəminə toxunulub, tədbirin iki ölkənin elmi qurumları üçün aktual elmi problemlərin müzakirəsi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023