AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş keçirilib
Jun 06, 2023 | 21:09 Görüşlər

İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Azərbaycanda təşkil olunması ölkəmizin türk dünyasının əsas elmi-mədəni mərkəzlərindən olduğunu isbat edən faktorlardan biridir. Festivalın uğurla davam etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin kitab həvəskarlarının böyük maraq və sevincinə səbəb olduğunu qeyd edib. O, festivalın ədəbiyyatın, mədəniyyətin, elmin və ictimai fikrin təbliği baxımından əhəmiyyətli platforma rolunu oynadığını vurğulayıb.

Kitab festivalı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud olduğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çoxcəhətli yaradıcılıq fəaliyyətindən bəhs edib.

AMEA rəhbəri bildirib ki, Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biridir: “Yazıçının yaradıcılığa başladığı  dövrdə sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb. Altmışıncı illərin ədəbi nəsli və həmin nəslin önündə gedən Anar müəllim vaxtilə Cəlil Məmmədquluzadənin, mollanəsrəddinçilərin başladığı milli ədəbiyyat ənənəsini yenidən bərpa edib, ona milli istiqlal məzmunu gətirməyi bacarıb”.

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın Azərbaycanda ideologiyadan kənar, xalqa xidmət edən ədəbiyyat yaratdığını və ədibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri olduğunu qeyd edib. Bildirib ki, yazıçı müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən proseslərə sanballı töhfəsini verib. Yazıçının “Ağ qoç, qara qoç” əsəri müstəqilliyin mahiyyətini başa salan, onu qorumağın əhəmiyyətini izah edən  möhtəşəm əsərdir. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan ədəbiyyatında  yeni dövrdə, XIX əsrdə müstəqillik uğrunda mübarizəyə həsr olunan əsərlər içərisində “Ağ qoç, qara qoç”la müqayisə olunacaq əsər yoxdur.  

Akademiya prezidenti Xalq yazıçısı Anarın “Otel otağı” povestinin müstəqillik dövrünün başlanğıc çətinlikləri şəraitindəki mənəvi münasibətləri, açılan yeni dünyada baş verən real hadisələri və çıxış yollarını aydın şəkildə əks etdirdiyini, “Göz muncuğu” romanının isə müstəqil dövlətçiliyi qoruyub saxlamağın önəmini əbədi materiallar əsasında şərh etdiyini vurğulayıb.

Anarın türk dünyasında böyük nüfuza malik görkəmli yazıçı olduğunu söyləyən akademik İsa Həbibbəyli ədibin əsərlərinin Qərbin və Şərqin 40-a yaxın dilinə tərcümə olunduğunu diqqətə çatdırıb. O, Anarın bu yaxınlarda Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıçının TÜRKSOY-un Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildiyini bildirib.

“Türk dünyasının böyük oxucu kütləsi Xalq yazıçısı Anarı yeni dövrün türk dünyası ədəbiyyatının lideri kimi qəbul edərək, yüksək qiymətləndirir”, - deyən AMEA rəhbəri yazıçının əsərlərinin türk dünyasına həsr olunmaqla yanaşı, açılan bütün dünyanı dərk etməyə və maraqlı hadisələri ədəbiyyata gətirməyə örnək olduğunu vurğulayıb. Bildirib ki, Anar XIX əsr dünya ədəbiyyatının əsas yaradıcılarından biridir. Onun əsərləri dünyanın əbədi mirasına, əbədi sərvətinə çevrilmişdir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın müasir ədəbiyyatımızın müdrik, uzaqgörən, mütəfəkkir simalı Dədə-Qorqudu olduğunu qeyd edib.

Daha sonra  Milli Dəyərlər üzrə Maarifləndirmə  İctimai Birliyinin  sədri, şair Gülşən Behbud və Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən, “Qobustan” jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edərək yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılarına, diqqətli oxucularına minnətdarlığını bildirib.

www.science.gov.az 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023