Jun 07, 2023 | 10:18 Yeni nəşrlər
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırladığı “Qərb-Şərq sivilizasiyalarının qovşağında yer alan Azərbaycan elminin himayədarı Heydər Əliyev” adlı məqaləsi Misir Ərəb Respublikasının Mədəniyyət xəbərləri (culturenews.info) internet portalında dərc olunub.
Məqalədə vurğulanıb ki, Heydər Əliyev bu gün şərqli-qərbli bütün dünyada zəngin irsi, kəşfləri, nailiyyətləri ilə tanınan Azərbaycan elm tarixinə elm hamisi olaraq öz adını yazmış şəxsiyyətdir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşıb və bu gün bütün dünyanın hesablaşdığı Azərbaycanın nailiyyətlərinin bünövrəsində Heydər Əliyevdən miras qalan elmə, tərəqqiyə dəyər, qayğı durur. İftixar hissi və əminliklə qeyd edə bilərik ki, Heydər Əliyevin bu elm siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir” proqram xarakterli müdrik fikri regionun hər bir sahədə gücü olan Azərbaycan dövlətinin gələcək tərəqqisi üçün ən böyük təminatdır.
Qeyd edək ki, şərqşünas alim eyniadlı məruzə ilə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, mayın 3-4-də İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin iştirakı ilə keçirilən “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransda çıxış etmiş, məruzə maraqla qarşılanmışdır.
www.science.gov.az