Jun 09, 2023 | 15:25 Görüşlər
İyunun 9-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkiyəli yazıçılar Sinan Yağmur və Mehmet Nuri Parmaksızla görüş keçirilib.
Türkiyəli qonaqlar öncə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda türkologiya sahəsində, xüsusən türk ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.
Sinan Yağmur və Mehmet Nuri Parmaksız institutun alimlərinin elmi yaradıcılıqları ilə bağlı duyduqlarından məmnunluqlarını bildirib, öz bədii yaradıcılıqları barədə də söhbət açıblar.
Daha sonra Sinan Yağmur və Mehmet Nuri Parmaksız Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Yazıçıları tədbir iştirakçılarına təqdim edən akademik G.Baxşəliyeva onların əsərlərinin tək Türkiyədə deyil, ölkələrinin sərhədlərindən kənarda da, o cümlədən Azərbaycanda sevilərək oxunduğunu qeyd edib, bir sıra təsəvvüfi bioqrafik romanları ilə tanınan Sinan Yağmurun “Eşqin göz yaşları” adı ilə çap olunan silsilə kitablarının bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edildiyini bildirib, son 10 ilin ən çox oxunan yazıçı olaraq kitablarının 14 dilə tərcümə edildiyini vurğulayıb.
Sinan Yağmur şərqşünas alimlərə öz həyat yolu və əsərləri barədə bəhs edərək, yaradıcılığının əsas istiqaməti olan təsəvvüfdən danışıb. Türkiyəli yazıçı Azərbaycan ədəbiyyatının vurğunu olduğunu qeyd edib.
Mehmet Nuri Parmaksız öz ədəbi yaradıcılığı və Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin rəhbəri kimi fəaliyyətindən də bəhs edib.
Sonda türkiyəli yazıçılar görüş iştirakçılarının suallarını cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.