Sep 19, 2023 | 12:27 Yeni nəşrlər
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Zakirqızı Məmmədovanın “Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı çapdan çıxıb.
Kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
Dəyər bir problem kimi müxtəlif elmlər tərəfindən öyrənilir. Bu baxımdan dəyər problemi riyaziyyat, iqtisadiyyat, məntiq, psixologiya, sosiologiya, etika və estetika elmlərində geniş şəkildə araşdırılır. Bu mənada fəlsəfədə dəyər probleminə baxış, dəyərin fəlsəfəsi də bir problem kimi tədqiq edilir. Etik-fəlsəfi baxımından dəyər probleminə yanaşarkən insani dəyərlər kimi yanaşmalar, görüşlər tədqiq edilir. Fəlsəfə tarixində qədim dövrdən başlayaraq dəyər probleminə diqqət yetirilmişdir. Bunu Sokratın, Platonun, Aristotelin fikirlərinə diqqət yetirərkən görmək mümkündür.
İnsani dəyərlər, müsbət insani keyfiyyətlər, fəzilətlər haqqında antik dövr alimlərinin baxışları orta əsrlərdən başlayaraq Şərq filosoflarının və mütəfəkkirlərinin – Farabi, İbn Sina, Nizamülmülk, Nəsirəddin Tusi və b. kitablarında davam və inkişaf etdirilmişdir. Şərq fəlsəfəsi tarixində insan yaranmışların ən şərəflisi kimi dəyərləndirilir. İnsan özünü təkmilləşdirməklə kamillik zirvəsinə çatmışdır. Burada insan cəmiyyətdə daxilində, ağlı ilə, biliklərə yiyələnməklə fəaliyyət göstərdiyini bildirmişlər. Yeni və müasir dövr filosoflarının yaradıcılığı əsasında etik-fəlsəfi baxımından dəyər problemi araşdırılmışdır. Benedikt Spinozanın, Abbasqulu ağa Bakıxanovun, Hilmi Ziya Ülkənin və başqalarının yaradıcılıqlarında insani dəyərlər, fəzilətlər – müsbət insani keyfiyyətlər haqqında məsələlər geniş şəkildə işıqlandırılmışdır.
Cəmiyyətlərdə, dövlətlərdə mənəvi dəyərlər məsələsindən bəhs edərkən xalqların dünya elm və mədəniyyəti xəzinəsinə bəxş etdiyi töhfələrə diqqət yetirilir. Bəşəriyyətin elm və mədəniyyət xəzinəsinin zənginləşdirilməsində hər bir xalq özünəməxsus töhfələr bəxş etmişdir. Bu mənada Şərq xalqlarının yaratdıqları, əsrlər boyu unudulmayan, nəsildən nəsilə ötürülən misilsiz sərvəti dünya mədəniyyəti tarixində xüsusi yer tutur.
“Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı Türkiyənin tanınmış mütəfəkkiri Hilmi Ziya Ülkənin irsini tədqiq və təbliğ etmiş qızı Gülseren xanımın əziz xatirəsinə ithaf olunmuşdur. Türkiyəli alimin nəvəsi Fatma xanımın yazdığı “Hilmi Ziya Ülken” adlı “Ön söz”ü ilə başlayan kitabda “Elmdə dəyər problemi”, “Düşüncə tarixində varislik əlaqəsi və Şərqin elmi-mədəni dəyərləri”, “Dəyər nəzəriyyəsinə fəlsəfi-etik yanaşma”, “İnsan və əxlaqi dəyərlər haqqında”, “Hilmi Ziya Ülkənin yaradıcılığında dəyər nəzəriyyəsi” adlı bölmələr vardır.