AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA prezidenti Türkiyə tərəfindən təşkil olunmuş konfransda çıxış edib
Jul 08, 2023 | 10:54 Mühüm hadisələr

Türkiyənin Azərbaycandakı səfirliyi, Şərqi Anadolu İnkişaf Agentliyi və Van Yüzüncü Yıl Universitetinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanları” mövzusunda onlayn konfrans keçirilib.

Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Van Yüzüncü Yıl Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, prof. Dr. Bekir Koçlar açıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransda çıxış edərək qan yaddaşından başlayan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığı barədə söz açıb. Ümummilli lider Heydər Əliyevin artıq şüara çevrilmiş “Bir millət – iki dövlət” sözlərini xatırladan AMEA rəhbəri iki qardaş ölkə arasında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və qardaşlıq əlaqələrinin bu gün Azərbayn Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da dərinləşdirilərək inkişaf etdirildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, elm sahəsində də qurulmuş əməkdaşlıq əlaqələri yüksək inkişaf mərhələsinə qədəm qoyub. Hələ Naxçıvan Dövlət Universitetinin rektoru olduğu illərdə Van Yüzüncü Yıl Universiteti ilə geniş əməkdaşlıq münasibətlərinin yaradıldığını bildirən akademik İsa Həbibbəyli bu gün AMEA tərəfindən qardaş ölkənin TÜBA, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, TÜBİTAK kimi elmi qurumları və onlarla universitetləri ilə səmərəli elmi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdirildiyini nəzərə çatdırıb.

Bundan əlavə, ədəbiyyat, dil, tarix, seysmologiya, iqtisadiyyat, demoqrafiya və digər elm sahələri üzrə əməkdaşlığın genişləndirilməsinin, bir sıra ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İki qardaş ölkənin digər elmi qurumları arasında da bir sıra proritet istiqamətlərdə birgə əməkdaşlıq münasibətlərinin yaradılmasının vacibliyini diqqətə çatdıran akademik İsa Həbibbəyli müştərək elmi tədqiqatların aparılmasının, eləcə də konfransların, dəyirmi masaların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Konfransda, həmçinin AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Azərbaycanın Türkiyədəki səfirliyinin mədəniyyət üzrə baş katibi İslam Quliyev, Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Hamdullah Şevli, Şərqi Anadolu İnkişaf Agentliyinin baş katibi, professor Halil İbrahim Güray və başqaları çıxış edərək gündəlikdə nəzərdə tutulan məsələlər ətrafında fikir və mülahizələrini bildirərək təkliflərini səsləndiriblər.

Konfransda “İki şəhər, bir hekayə: Van və Şuşa” mövzusunda panel iclası da keçirilib. Həmçinin iqtisadi, mədəni və turizm üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023