AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycanlı alimin məqaləsi “Web of Science” indeksli elmi jurnalda dərc olunub
Jul 10, 2023 | 14:16 Yeni nəşrlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri, f.ü.f.d. Məhəmməd Cəbrayılovun Yeni Zellandiyanın “Web of Science” beynəlxalq indeksli “BioGecko” elmi jurnalında “Beynəlxalq təhlükəsizliyin təmin edilməsi: gələcək müharibə və ətraf mühitin vəziyyəti” (Providing of the International Security: Future War and the Environment State) adlı məqaləsi nəşr olunub.

Müəllif  tədqiqat işində müqayisəli, retrospektiv, empirik və proqnozlaşdırıcı metodlardan istifadə etmiş, süni intellekt (Sİ) texnologiyalarının tətbiqləri və onların qlobal müharibələrin dayandırılması effektini və ətraf mühitin mühafizəsi yolunda təhlükəsizliyə təsiri proseslərini araşdırmış, habelə süni intellektin digər texnologiyalardan fərqliliyini təhlil etmiş, qlobal ekoloji proseslərə təsirini nəzərdən keçirmişdir.

Məqalədə bütün bunları həm qlobal güc mərkəzlərinin hərbi strategiyası, həm də imperializmin məqsədləri ilə bağlı nəzərə alınmasını vacib sayan alim neoimperializmin inkişafına səbəb olan və gələcək müharibədə beynəlxalq təhlükəsizlik üçün yaradılan çətinlikləri məntiqi əsaslarla təhlil edərək hazırda beynəlxalq təhlükəsizlik məsələlərində süni intellektin gələcəklə bağlı təhlükələrinin o qədər də yaxşı dərk edilməmiş aspektlərini izah edir.

M.Cəbrayılov məqaləsində, həmçinin Azərbaycanın bugünkü və gələcək təhlükəsizliyinin təmin edilməsi istiqamətində seçdiyi strategiya, xüsusilə Vətən müharibəsi illərində süni intellektlə təchiz edilmiş yeni nəsil hərbi texnologiyalara üstünlük verməsi nəticəsində müdafiə sistemi və istifadə edilən klassik hərbi texnologiyaları tamamilə məhv etməsi ilə bağlı fikir irəli sürmüşdür. Alim müharibələr tarixində ilk dəfə olaraq Azərbaycanın hərbi məqsədlər üçün istifadə olunmayan süni intellekt texnologiyalarının döyüş meydanında tətbiq etdiyini və bu günə qədər müharibələr tarixində süni intellektin digər silahlar üzərində üstünlüyünü dünyada ilk dəfə olaraq Azərbaycanın açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023