Jul 14, 2023 | 15:25 Mühüm hadisələr
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin əməkdaşları - tarix elmləri doktoru İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları Tahir Şahbazov, Təranə Quluzadə və Nigar Coşkunsu 4-13 iyul tarixlərində Ordubad rayonunda elmi-etnoqrafik ezamiyyətdə olublar.
Səfər müddətində Ordubad şəhəri və kəndlərində (Əylis, Kotam, Nüsnüs, Vənənd, Aza, Vələver, Gənzə, Düylün, Dırnıs, Sabirkənd (Sabirdizə), Dəstə) maddi-mədəniyyət abidələrini qeydə alıb, yaşlı nəslin nümayəndələri arasında etnoqrafik sorğular keçiriblər.
Tədqiqat zamanı əhalinin təbii və mexaniki hərəkəti, ənənəvi təsərrüfat sahələri və onların hazırkı vəziyyəti, sosial-iqtisadi proseslərin, qloballaşmanın gündəlik məişətə təsiri, dinə və dini inanclara münasibət, ənənə və müasirlik, maddi və mənəvi mədəniyyət sahələrində transformasiyalar və s. məsələləri araşdırıblar.
Etnoqraflar, həmçinin Ordubad - Cənubi Azərbaycan, Ordubad - Qərbi Azərbaycan tarixi-mədəni əlaqələri mövzusunda məlumat toplayıblar.
Tədqiqatın nəticələri göstərir ki, zəngin tarixi-mədəni ənənələri və geniş turizm potensialı olan Ordubadın şəhər mədəniyyəti etnoqrafik aspektdən yenidən yazılmalı, şəhərin qoruq statusu təmin olunmalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.