AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-da “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi qrupun ilk iclası keçirilib
Jul 17, 2023 | 17:22 Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşmüş və bu görüşdə dərin məzmunlu nitq söyləmişdir. Bu nitqin əsasında Qərbi Azərbaycana qayıdış üzrə kompleks tədbirlər planı müəyyən edilmişdir.

Həmçinin ölkə başçısının çıxışından irəli gələrək AMEA Rəyasət Heyəti tərəfindən də bir sıra qərarlar qəbul olunub. Belə ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü əsasında AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli iclasında “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” qərarında “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması əksini tapıb. AMEA Rəyasət Heyətinin 19 iyun 2023-cü il tarixli qərarı ilə “Qərbi Azərbaycan Ensiklopediyası“nın hazırlanmasına dair AMEA-nın Tarix, Folklor, Memarlıq və İncəsənət, Dilçilik institutlarının, o cümlədən Elm və Təhsil Nazirliyinin Coğrafiya institutunun aidiyyatı mütəxəssislərindən ibarət İşçi qrup yaradılıb. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanmasına elmi-metodiki dəstək verilməsi həvalə edilib.

İyulun 17-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş direktor, tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi qrupun ilk iclası keçirilib. İclasda işçi qrupun qarşısında duran vəzifələrin uğurla həyata keçirməsi üçün elmi-təşkilati məsələlər müzakirə olunub.

Həmçinin AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, ensiklopediyanın sözlüyünün 20 sentyabr 2023-cü il tarixinədək hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyənləşdirilib.

Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə İşçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023