Jul 25, 2023 | 16:27 Mühüm hadisələr
Ağstafada Neolit dövrünü əks etdirən “Çağrıtəpə” abidəsində artıq 4-cü arxeoloji qazıntı mövsümüdür ki, tədqiqat işləri aparılır və hazırda işlərin növbəti mərhələsinə başlanılır. Belə ki, arxeoloji qazıntı işlərinin aparıldığı üst qat götürüləcək və alt qatlarda tədqiqat işləri həyata keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun ekspedisiyası ərazidə qazıntını davam etdirir. Burada təxminən 8 min il əvvələ aid Neolit dövrünün ən qədim mərhələsinin izlərinə rast gəlinib.
İnstitutun ekspedisiyası Ağstafa rayonunun Xətai kəndi ərazisində “Çağrıtəpə” abidəsində qazıntı tədqiqat işlərini davam etdirir. Abidə Neolit dövrünə aid Şomutəpə mədəniyyətinə təsadüf edən yaşayış yeridir. Bu mədəniyyətin abidələri həm şərqi Gürcüstan, həm də qərbi Azərbaycan ərazilərini əhatə edir. Araşdırmalar zamanı məlum olub ki, bu ərazidə insanlar eramızdan əvvəl 6-cı minilliyin başlanğıcında yaşayıblar. Arxeoloqlar artıq 4-cü ildir ki, yaşayış yerində tədqiqat işləri aparır. Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Nəcəf Museyibli bildirib ki, bu illər ərzində ekspedisiya qrupu qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edib. “Bu ərazilərdə Neolit dövründə yaşamış insanlar əkinçilik və maldarlıqla məşğul olublar. Əsas maraqlı məqam ondan ibarətdir ki, bu tip abidələr o cümlədən də “Çağrıtəpə” yaşayış yeri Azərbaycan ərazisində protosivilizasiyaların başlanğıc dövrüdür. Yəni ilk dəfə olaraq bu ərazidə əkinçilik mədəniyyətinin meydana çıxması tarixini izləmək mümkün olur. Arxeoloji qazıntılar nəticəsində əkinçilik təsərrüfatına aid maddi mədəniyyət nümunələri aşkara çıxarılıb”, - deyə Nəcəf Museyibli bildirib.
Hazırda 240 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Qazıntılar nəticəsində çiy kərpicdən ibarət tikili qalıqları aşkar edilib. Eyni zamanda, qalıqların içərisindən çoxlu sayda maddi mədəniyyət nümunələri, əmək alətləri, çaxmaq daşı, kəsici alətlər və təsərrüfat quyularından heyvan sümükləri tapılıb.
“Arxeoloji qazıntılar başa çatdıqdan sonra bu maddi mədəniyyət nümunələri üzərində laborator analizlər aparılacaq və bu bizə abidənin daha dəqiq dövrünü müəyyənləşdirməyə imkan verəcək”, - arxeoloji ekspedisiyanın üzvü Anar Ağalarzadə əlavə edib.
“Çağrıtəpə”də arxeoloji qazıntılar göstərir ki, bu yerlərdə istehsal mədəniyyəti, erkən əkinçilik mədəniyyəti yerli zəmində meydana çıxıb. Həmçinin qazıntı zamanı məlum olub ki, “Çağrıtəpə”də yaşayış bir neçə mərhələdən ibarət olub və mərhələlər arasında fasilə yoxdur, ardıcıllıqla bir-birini əvəz edir.
Arxeoloqlar birinci tikinti mərhələsinin qazıntısını artıq yekunlaşdırıblar və tədricən daha alt qatlarda yerləşən ikinci tikinti mərhələsinin abidələrini və tikili qalıqlarını aşkara çıxarmaqla məşğuldurlar.