AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarix İnstitutunda erməni saxtakarlığına qarşı yeni elektron nəşr hazırlanıb
Jul 28, 2023 | 11:16 Yeni nəşrlər

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycan tarixi erməni publisistikası və tarixşünaslığında: təhriflər və həqiqətlər (Azərbaycan tarixçilərinin resenziyaları əsasında)” adlı kitabın elektron variantı hazırlanıb.

Kitabın “Ön söz”ünün müəllifi və tərtibçisi institutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovdur. “Ön söz”də qeyd edilir ki, erməni tarixi publisistikası və tarixşünaslığı Ermənistan tarixi ilə paralel Azərbaycan tarixinin bütün fundamental problemlərini də tədqiq, əslində təhrif etməyi, eyni zamanda həmin problemlərin Azərbaycan üzrə görkəmli tədqiqatçılarını hədəfə çevirməyi özünün əvəzedilməz vəzifəsinə çevirmişdir. Azərbaycan tarixçiləri bu məsələlərə ayrı-ayrı tarixi problemlərin öyrənilməsinə dair tədqiqatlarının tarixşünaslıq hissəsində, o cümlədən xüsusi olaraq, resneziyalar vasitəsilə tutarlı cavab verirlər.

Tarixşünaslıqda ilk dəfə olaraq, Azərbaycan tarixçilərinin erməni təhrifçiliyinə qarşı yönəlmiş resenziyaları tədqiqat obyekti olmuşdur. Akademik Ziya Bünyadov, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, tarix elmləri doktoru Mikayıl Heydərov və digər müəlliflər tətəfindən yazılmış 14 belə resenziya bir araya gətirilmişdir. Bu resenziyalar həm nəşr tarixi, həm də tematikasına görə, təsnif edilmişdir. Müxtəlif vaxtlarda nəşr edilmiş bu resenziyaların toplu şəklində hazırlanması erməni saxtakarlığına tutarlı cavab olmaqla birgə, Azərbaycan tarixinin Albaniya (Qafqaz) dövründən başlanmış son dövrədək olan tarixinin fundamental problemləri üzrə də müəyyən elmi məlumatlar almağa kömək edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023