AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda ərəb ölkələrini tarixinə dair əhəmiyyətli elmi araşdırmalar aparılır
Aug 16, 2023 | 15:54 Mühüm hadisələr

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərən Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsi 1964-cü ildə təşkil olunub. İkinci Dünya müharibəsindən sonra müstəqil inkişaf yoluna qədəm qoymuş gənc ərəb dövlətləri ilə geniş hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq tələbi o zamankı sovet şərqşünaslığı qarşısında ərəb Şərqinin elmi surətdə öyrənilməsini mühüm bir məsələ kimi ortaya çıxardı. Şərqşünaslıq İnstitutunda (o zaman Yaxın və Orta Şərq xalqları İnstitutu) bu məsələlərə aid xüsusi şöbənin yaradılması Azərbaycan xalqının ərəb müsəlman dünyası ilə tarixi və mədəni bağların mövcudluğuna əsaslanmışdı. Şöbəyə ilk gündən ölkəmizdə şərqşünaslıq elminin görkəmli nümayəndəsi, böyük ərəbşünas alim, akademik Ziya Bünyadov rəhbərlik edib. Təxminən otuz il onun rəhbərliyi altında işləyən şöbə qısa bir zamanda respublikamızda geniş tanınaraq, ərəb ölkələri üzrə ixtisaslaşmış mötəbər elmi ocağa çevrilir.

Bunu açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov söyləyib. O bildirib ki, şöbə Ərəb xilafəti və ona daxil olan ölkələrin tarixi keçmişini, həm də müasir ərəb dövlətlərinin tarix və iqtisadiyyatını tədqiq etməklə məşğul olmuş və olmaqda davam edir. Şöbənin elmi araşdırmalar proqramı və prioritetlərini müəyyən etməkdə və əsaslarını qoymaqda akademik Ziya Bünyadovun elmi baxışları və yaradıcılığının istiqamətləndirici əhəmiyyəti olub. Z.Bünyadovun üç fundametal əsəri şöbədə tədqiqatlara xüsusi təsir və yönəm vermişdi. Bunlar “Azərbaycan VII-IX əsrlərdə” (1965), “Azərbaycan Atabəyləri dövləti” (1978) və “Xarəzmşahlar – Anuştəkinilər dövləti” (1986) kimi sanballı, dünyada şöhrət və etibar qazanmış monoqrafiyalardır.

Şöbə müdiri qeyd edib ki, müstəqillik dövründə Azərbaycan dövlətinin qarşısında duran təhlükəsizlik, ərazi bütövlüyü, milli kimlik və mədəni-mənəvi dəyərlərin dərki və saxlanılması problemləri ərəb dünyası ilə qarşılıqlı anlaşma və əməkdaşlıq məqsədləri qoyurdu. Bu əməkdaşlığa yol açan amillərdən biri də ərəb xalqlarının keçmişi və indiki problemlərin öyrənilməsi olmuşdu. Ənənəvi olaraq Ərəb xilafətinin çiçəklənməsi dövründə İslam dövlətləri və Azərbaycan tarixinin öyrənilməsi şöbənin mühüm istiqaməti olaraq qalır. Bu tədqiqat dairəsində Cabir İskəndərlinin “İslamda mürtəddlik (ridda) hərəkatı”, Hikmət Əkbərovun “Mosul və Hələbdə Həmdanilər sülaləsi dövlətləri” və “IX əsrdə Cənubi Xəzəryanı ərazilərdə Səffarilər dövləti”, Jalə Vəlinin “Şiə və sünni tarixi ənənəsinin təsvirində erkən İslam tarixinin hadisələri”, Elman Salahovun “Əməvilər dövründə hakimiyyət uğrunda mübarizə aparan dini-siyasi cərəyanlar”, Gülər Qafqazlının “XVI əsrin əvvəllərində Misirdə siyasi vəziyyət” tədqiqat mövzularını göstərmək olar.

Son on ildə tərəfimdən davamlı olaraq Xəzər türklərinin tarixi və onların Azərbaycanla siyasi və iqtisadi əlaqələri tədqiq edilir. Bu mövzu ilə əlaqədar “Xəzərlər və Azərbaycan” monoqrafiyası və ölkə xaricində onlarla məqalə dərc edilib. Ümumiyyətlə, tarixi araşdırmalarla yanaşı, ərəbdilli yazılı abidə, mənbə və sənədlərin tədqiqi, tərcüməsi, habelə nəşri şöbənin daim diqqət yetirdiyi digər əsas istiqamətlərdən biridir. Həmin mənbə və sənədlərdə Azərbaycanın orta əsrlər tarixinə, coğrafiya və inzibati bölgüsünə dair çoxlu qiymətli və nadir məlumatlar olduğundan onların tərcümə və nəşri indinin özündə də elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bir qədər arxaya qayıdıb qeyd etmək lazımdır ki, şöbənin fəaliyyətində bu istiqamətin də əsası 1970-80-ci illərdə Ziya Bünyadovun nəşrləri ilə qoyulub. Bu sırada əl-Bakuvinin “Kitəb təlxis əl-əsər” (1971), ən-Nəsəvinin “Sultan Cəlaləddin Mənkburnunun həyatı” (1973), əl-Hüseyninin “Əxbar əd-daulə əs-səlcuqiyyə” (1980) və İbn Əsəm əl-Kufinin “Kitab əl-Futuh” (1981) əsərlərini nümunə kimi göstərmək olar. Bu sırada vaxtı ilə şöbəmizdə çalışmış akademik Nailə Vəlixanlının indiyə qədər keçmiş SSRİ məkanında ərəb coğrafiyası əsərlərinin nümunəvi tərcüməsi sayılan İbn Xordadbehin “Kitab əl-Məsəlik və əl-Məmalik” kitabının nəşrini (1986), Rəhilə Şükürovanın Fəzlullah Rəşidəddinin “Oğuznamə”sini (1987) göstərmək mümkündür. Sonrakı illərdə Sevda Süleymanova Azərbaycanın şimal-qərb bölgəsinə aid olan bir sıra ərəbdilli yerli arxeoqrafik materialları, “Car, Balakən və İlisu qanunnaməsi”ni və Molla Məhəmməd əl-Carinin “Car salnaməsi”ni (1997) ərəb dilindən Azərbaycan dilinə tərcümə edərək çap etdirir. Bu ənənəni davam etdirən şöbə işçiləri 2005-ci ildə “Orta əsr ərəb mənbələrində Azərbaycanın tarixinə dair materiallar” adlı toplu hazırlayıb çap etdiriblər. Bu nəşrdə Vətənimizin tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti olan ərəb orta əsr tarixçilərinin əsərlərindən parçalar Azərbaycan dilində müvafiq şərhlərlə birgə nəşr olunub. Ət-Təbərinin, əl-Yaqubinin, əl-Bəlazurinin, əl-Qəlqəşəndinin əsərlərindən Azərbaycan tarixinə dair hissələr şöbənin işçiləri Cabir İsgəndərov, Sevda Süleymanova, Hikmət Əkbərov, Esmeralda Ağayeva tərəfindən tərcümə edilib, qeydlər və şərhlərlə birgə çapa hazırlanıb.

Alim vurğulayıb ki, son illərdə ərəbdilli mənbələrin öyrənilməsi və nəşri sahəsində şöbənin fəaliyyəti davam etdirilib və yeni nailiyyətlər əldə olunub. 2023-cü ildə Rusiyanın mötəbər “Nauka” nəşriyyatında şöbənin keçmiş işçisi, mərhum Esmeralda Ağayeva ilə birgə rus dilinə tərcümə etdiyimiz İbn Xaldunun şagirdi əl-Məqrizinin əsəri çap edilib. Hazırda orta əsr ərəb mənbələrin nəşri istiqamətində şöbə əməkdaşları bir neçə maraqlı nəşrlər üzərində çalışmaqdadırlar. Elmira Əlizadə əs-Suyutinin “Tərix əl-xülafə” və əl-Yaqubinin “Tarix” əsərlərini, Samid Bağırov əl-Cahizin “ət-Tac fi əxlaq əl-Müluk” və erkən ərəb işğalları dövrünün rəsmi sənədlərin toplusunu (Cabir İskəndərlinin materialları əsasında), Hikmət Əkbərov İbn Zafirin “Əxbar ad-daula əl-Həmdaniyya”, Jalə Vəli “Ibn Qüteybə əd-Dinavarinin “Kitab əl-İmama və əs-Siyəsə”əsərindən seçmələri, Nüşabə Bayramlı Şərq dünyasının Plutarxı şöhrətini qazanmış Şəmsəddin İbn Xəlliqanın “Vafiyyət əl-ə’yən və ənba əbnə əz-zaman” əsərindən Azərbaycan və türk mənşəli dövlət və mədəniyyət xadimlərinin bioqrafik materiallarını və X yüzilliyin hüquqşünas və yazıçısı Məhəmmad əl-Xuşaninin "Kitab əl-Qudat" əsərindən Əndəlus Əməvilər dövlətinin məhkəmə sistemində qadınların fəaliyyəti haqqında seçmələrin nəşrə hazırlanması ilə məşğuldurlar.

“Orta əsr tədqiqatları sahəsində şöbənin daha bir fəaliyyəti Z.Bünyadovun əsərlərinin Azərbaycanın geniş oxucu kütlələrinə çatdırılması olmuşdu. Akademikin iki fundamental monoqrafiyasının Azərbaycan dilində nəşrinin hazırlanmasında şöbə əməkdaşları yaxından iştirak ediblər. Qeyd etdiyim məlumatlardan aydın görünür ki, ərəb ölkələri tarixinin klassik dövrü uzun illər şöbənin aparıcı və əsas elmi tədqiqatlar predmeti olmuşdu. Lakin ərəb ölkələrinin müasirləşmə çağırışlarına cavabları və buradan irəli gələn ərəb dünyasında böhran və təlatümlü hadisələr də şöbənin elmi araşdırmalarında mühüm yer tutub. Müstəqil Azərbaycanın ərəb ölkələri ilə qurduğu siyasi-iqtisadi, elmi-mədəni əlaqələrinin günü-gündən artıb genişlənməsi bu növ tədqiqatları xüsusilə əhəmiyyətli edir. İsmayıl Əsədov “Azərbaycan və Fars körfəzi ölkələri”, Pərvinə Əfəndi “XIX yüzilliyin birinci yarısında Misirin intellektual mühiti və elm və təhsil sahəsində yeni cərəyanlar və islahatlar” və mövzu içində Qərb mədəniyyəti və ictimai-siyasi təsisatların Misirdə maarifləndirmə və islahatlara təsiri, Orxan Nəcəfov “Suriyada Əsəd ailəsi hakimiyyətinin qurulması və təkamülü”, Samid Bağırov “İraq dini mərkəzlər çevrəsinin dövlət siyasətində təmsilçiliyi və təsiri” və “əl-İxvan əl-Müslimun hərəkatının regional siyasət prosesində yeri” kimi mövzular üzərində tədqiqatlar aparıb və ya aparmaqda davam edirlər.

Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin ekspertləri müasir tələbə cavab olaraq tez-tez dövrü mətbuatda və televiziya kanallarında tarixi məsələlər və cərəyan edən hadisələrlə bağlı şərhlər və müsahibələr verməyi özlərinə borc bilirlər. Bütün bu deyilənlər, sözsüz, şöbənin Şərqşünaslıq İnstitutu tərkibində göstərdiyi hərtərəfli fəaliyyətinin əhəmiyyətindən, onun əldə etdiyi elmi nailiyyətlərinin miqyasından xəbər verir”, - deyə Fərda Əsədov fikrini yekunlaşdırıb.

AzərTac

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023