AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Xınalıqda arxeoloji tədqiqatlar
Aug 19, 2023 | 10:50 Mühüm hadisələr

AMEA Rəyasət Heyəti aparatının 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirməsi şöbəsinin yaradılması haqqında qərar qəbul edilib. Qərarın icrası məqsədilə sözügedən müəssisənin şöbə müdirləri Təvəkkül Əliyev, Hidayət Cəfərov və Natiq Alışovdan ibarət monitorinq komissiyasının tərkibi müəyyən edilib.

Ölkə ərazisində aparılan arxeolojii tədqiqatların səmərəliliyini və şəffaflığını artırmaq üçün komissiya üzvləri 16 avqust 2023-cü il tarixdə t.ü.f.d. İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndi ərazisindəki “Qədim qəbirstanlıq” (Xınalıq dilində Kıma Liqebriş) adlanan sahədə aparılan arxeoloji qazıntı sahəsində monitorinq işlərini həyata keçiriblər.

Ərazidə arxeoloji tədqiqatlar 2016-cı ildə başlanıb. 2019-cu ildən isə Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə arxeoloji araşdırmalar davam edir.

Xınalıq kəndinin yaxınlığında Qudyalçayın sağ sahilində, Suta çayla kəsişməsində ümumi sahəsi 2 hektara yaxın ərazidəki nekropolda cari ilin tədqiqatları da daxil olmaqla 30 ədəd daş qutu qəbir tədqiqata cəlb edilib.

Monitorinq nəticəsində müəyyən olunub ki, burada aşkar edilən daş qutu qəbirlər şərq-qərb istiqamətli olmaqla çay daşından qurulub.

Qəbirlərdə mərhumlar arxası üstə, düz uzadılmış vəziyyətdə dəfn olunub. Qəbir avadanlığı sırasına metal - dəmir və tuncdan silah və bəzək əşyaları, sınmış halda olan saxsı qab nümunələri və s. daxildir. Bu artefaktlar yuxarıda bəhs olunan daş qutu qəbirlərin Son Antik və Erkən Orta əsrlərə aid olduğunu deməyə əsas verir. Monitorinq qrupunun üzvləri  30 saylı daş qutu qəbirin açılışında iştirak ediblər.

Monitorinq qrupu ilə yanaşı, Xınalıqda aparılan tədqiqat işlərinin gedişi ilə həm də Dövlət Turizm Agentliyinin şöbə müdiri E.Mustafayev, “Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu”nun direktoru H.Ağayev və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri S.Aşurov da tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023