Aug 30, 2023 | 12:42 Yeni nəşrlər
Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin iki cildlik “Sufi fenomenologiya” adlı monoqrafiyası çapdan çıxıb.
Əsər düşüncə tarixində yeni fəlsəfi sistemin təqdimidir. Burada ruhani təcrübə ilə şüur təcrübəsinin vahid strukturu işığında varlıq probleminə və idrak nəzəriyyəsinə yeni bir baxış bucağı açılır. Təməlində sufizm və fenomenologiya dursa da, monoqrafiyada vahid xəttin və başlıca ideyanın əsaslandırılması məqsədilə antik yunan dövründən başlayaraq bir çox fəlsəfələrə, fəaliyyət sahələrinə, hətta dəqiq elmlərə, xüsusilə kvant fizikasına müraciət olunur.
Müəllifin kitabın girişində qeyd etdiyinə görə, əsər 17 ildən artıq müddətdə aparılan tədqiqatın nəticəsidir. Doktorluq dissertasiyasında irrasional idrakın araşdırılması ilə başlayan bu düşüncə xətti fərqli vaxtlarda kitab, məqalə, konfrans məruzələri kimi işıq üzü görmüş, sufizm və fenomenologiya arasında müxtəlif aspektlərdə aparılan müqayisəli təhlillər bir növ vahid sistemin ayrı-ayrı detalları kimi işlənmişdir.
Könül Bünyadzadə onu da əlavə edir ki, sufi fenomenologiya iki fəlsəfi nəzəriyyənin kəsişən məqamları əsasında doğulan yeni ideyaların sistemli təqdimidir, varlığa və idraka yeni baxış bucağıdır.
Filosof alimin əvvəlki tədqiqatlarından fərqli olaraq əsərdə fəlsəfə tarixi cüzi yer tutur. Burada vahid ideya xəttini qorumaq üçün başqa filosofların, mütəfəkkirlərin oxşar məsələ ilə bağlı düşüncələrinə müraciət olunub, lakin onların təhlilinə ayrıca yer ayrılmır. Bu, hər oxucunun öz ixtiyarına buraxılır.
Yeni nəşrdə həm müqəddəs kitablara, həm də elmi dəlillərə müraciət edilir. Ancaq sufi fenomenologiya nə təfsirdir, nə elmin fəlsəfəsi. Bu üsulla sadəcə ruhani təcrübəyə və rasional şüura istinad edən düşüncələr əsaslandırılır.
Müəllifin bildirdiyinə görə, monoqrafiyanın yazılmasında tanınmış filosof, fenomenologiyanın təməlini qoyan Edmund Husserlin “Saf fenomenologiya və fenomenoloji fəlsəfə haqqında ideyalar (I kitab)” əsəri nümunə olaraq götürülmüşdür. Eyni zamanda, əsərdə məhz sufizmin prinsiplərindən istifadə olunmuşdur: bir tərəfdən, mülahizələr sadədən mürəkkəbə doğru hərəkət edir, digər tərəfdən, eyni mövzuya təkrar, hər dəfə daha dərin kontekstdə qayıdılır. Məqsəd həqiqəti bütöv şəkildə təqdim etməklə yanaşı, həm də mahiyyəti köməkçi ideyalardan ayırmaqdır.
Monoqrafiyanın birinci cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin əsaslarını, ikinci cild isə sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələri, təhlilləri ehtiva edir.
Qeyd edək ki, “Sufi fenomenologiya” Şərq düşüncə tarixində qadın filosof tərəfindən yazılmış ilk fəlsəfi sistemdir. Əsərin əsas ideyaları artıq bir neçə beynəlxalq konfransda təqdim edilmiş, nüfuzlu elmi jurnallarda dərc olunmuşdur və bu prosess hazırda davam etməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.