Sep 05, 2023 | 09:35 Yeni nəşrlər
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun Xəzər neftinin tarixinə dair 23 səhifəlik “XX əsrin ikinci yarısında Azərbaycanın Xəzər nefti tarixinin açılmamış səhifələri (1950-1994-cü illər)” adlı məqaləsi İtaliyanın nüfuzlu “Rivista Di Studi Politici Internazionali” (RSPI) jurnalında dərc olunub.
Qeyd edək ki, beynəlxalq siyasi tədqiqatlar jurnalı olan RSPI İtaliyada 1935-ci ildən nəşr olunur. Jurnal bütün Avropada yayımlanır və siyasi xadimlər və diplomatik nümayəndələr tərəfindən mütəmadi oxunur.
“Rivista Di Studi Politici Internazionali” dünyanın nüfuzlu kitabxanaları və məlumat bazalarındandan olan “Ebsco Political Science Complete” və “JSTOR”da yer alıb. Bundan başqa, jurnal universitetlərin və tədqiqatların qiymətləndirilməsi üzrə milli agentlik tərəfindən (ANVUR) 14 elm sahəsini əhatə edən elmi jurnal statusu alıb.
Cəbi Bəhramovun məqaləsi Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranma tarixinə həsr olunub və bu, “Əsrin müqaviləsi” də daxil olmaqla, XX əsrin ikinci yarısını əhatə edir.
Məqalədə Azərbaycan dəniz neft sənayesinin yaradılması zamanı yaranmış problemlər, onun həyata keçirilməsinin qarşısının alınması məqsədilə SSRİ hökümətində kök salmış düşmənlərimizin atdığı addımlar, Nobel qardaşları ailəsinə yaxın olan Auqust Qermanoviç Helkerstin cinayətkar fəaliyyəti, onun ermənilərlə birgə gördüyü işlər, eləcə də onların Azərbaycan SSRİ neft sənayesini ləğv etmək istiqamətində göstərdikləri təşəbbüslərdən bəhs olunur.
Bunula yanaşı, XX əsrin 70-80-ci illərində Azərbaycan dəniz neftçıxarma sənaye sahəsinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sovet imperiyasının süqutundan sonra Qərb ölkələrinin Xəzər neftinə göstərdikləri maraq, təcavüzkar dairələrin ermənilərdən istifadə edərək Azərbaycan xalqının öz təbii sərvəti olan neftdən istifadə etməsinə yol verməmək məqsədilə keçmiş Qarabağ münaqişəsini ortaya çıxarmaları, Azərbaycan torpaqlarının işğalına rəvac vermələri və s. faktiki sənədlər əsasında məqalədə geniş şəkildə təqdim olunub.
Bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış Milli Neft Strategiyasının həyata keçirilməsi və bütün maneələrin dəf edilməsi məsələləri də məqalədə öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.