AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
AMEA-nın Ümumi yığıncağının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Xüsusi iclası keçirilib
May 01, 2023 | 14:00 Konfranslar, iclaslar

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının “Görkəmli dövlət xadimi Heydər Əliyev: lider, zaman və müasirlik” mövzusunda Xüsusi iclası keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA-nın Əsas binasında baş tutan tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Elm və Təhsil Nazirliyinin, Ali Attestasiya Komissiyasının, eləcə də Türkiyə, Özbəkistan, Gürcüstan Elmlər Akademiyalarının, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının rəhbərliyi və nümayəndələri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və KİV əməkdaşları iştirak ediblər.

Yığıncaqdan öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Xüsusi iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” mövzusunda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu dahi şəxsiyyətin simasında Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Atabəylər dövlətinin məharəti, Səfəvilər imperiyasının qüdrəti, Şirvanşahlar hakimiyyətinin siyasəti cəmləşmişdir. Azərbaycan xanlıqlarının nümayiş etdirdikləri milli qürur da Heydər Əliyevin şəxsiyyətində qabarıq surətdə özünü göstərən faktorlardandır.

Akademik qeyd edib ki, Azərbaycan tarixinə müstəqillik kimi parlaq və tarixi bir səhifə yazmış Xalq Cümhuriyyəti rəhbərlərinin Azərbaycan idealı Heydər Əliyevin dövlətçilik təliminin əsas mahiyyətini və hədəflərini təşkil etmişdir. SSRİ adlandırılan qırmızı terror bolşevik dövlətinin tərkibində olan digər xalqları əridib sıradan çıxarmaq siyasətinin qarşısında milli-mənəvi dəyərlərin dövlət siyasəti səviyyəsində yaşadılması və möhkəmləndirilməsi də möhtəşəm Heydər Əliyev obrazının ana xətlərini müəyyən edir.

“Məhz bu cəhəti, yəni mənsub olduğu xalqın tarixi keçmişini unutdurmaq və soykökündən ayırmaqla onun milli-mənəvi varlığını yox etmək siyasətinin görünən və görünməyən bütün tərəflərini dərindən dərk etməsi Heydər Əliyevin dövlətçilik təliminə milli istiqlal ideyasını gətirmişdir. O, hələ sovet hakimiyyəti illərində kommunist imperiyasının daxildən çökməkdə olduğunu hamıdan daha dərindən hiss etdiyi üçün xalqını gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını qabaqcadan böyük bacarıqla həyata keçirmişdir. Heydər Əliyev cəmiyyəti yeniləşdirməklə inkişaf etdirmək vəzifəsini həyata keçirmişdir. Qarbaçovsayağı kosmik dəyişmələrdən fərqli olaraq, Heydər Əliyevin mövcud sistem daxilində dəyişiklik uğrunda apardığı mübarizə nəticə etibarilə qüvvəsini təşkil etmişdir. Bu mənada Heydər Əliyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında müstəqil dövlətçilik ideyasının banisidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Natiq vurğulayıb ki, Ermənistanla və onun havadarları ilə davam edən müharibəni dayandırmaq və atəşkəs rejiminə nail olmaq və müstəqil dövlətin ordusunu qurmaq da Heydər Əliyev siyasətinin ən mühüm nəticələri sırasındadır. Həmçinin xarici güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması məqsədilə beynəlxalq birlik tərəfindən imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin möhtəşəm əsəridir. Müstəqil respublikalara çevrilmiş postsovet ölkələrində ilk olaraq torpaq islahatlarına başlamaq və onu qısa müddətdə axıra çatdırmaq da Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır.

AMEA prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının dövlət ideologiyası olan Azərbaycançılıq təlimi Heydər Əliyev tərəfindən kəşf edilmişdir və Azərbaycan xalqı, Azərbaycan dili, Azərbaycançılıq ideologiyası kimi anlayışlar ölkəmizin müstəqillik tarixində siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olmaq üçün Heydər Əliyevin müəyyən etdiyi düsturlardır.

“Heydər Əliyev xalqına və ölkəsinə etibarlı dostlar və strateji müttəfiqlər qazandırmağın dəqiq formullarını kəşf etmiş dahi şəxsiyyətdir. Çoxəsrlik tarixi ənənələrə malik olan Azərbaycan-Türkiyə münasibətləri Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturu ilə möhtəşəm birlik və həmrəylik səviyyəsinə yüksəlmişdir. Bu gün hərtərəfli şəkildə inkişaf etməkdə olan türk dövlətləri birliyi “Bir millət – iki dövlət” düsturunun böyük strateji imkanlara malik olduğunu nümayiş etdirir”, - deyə AMEA rəhbəri qeyd edib.

Prezident İlham Əliyevin müstəqil Azərbaycanı inkişaf etməkdə olan ölkədən bütün istiqamətlər üzrə inkişaf etmiş dövlətlərin cərgəsinə doğru aparmaqla yeni tarixi epoxada öz erasını yaratmış qüdrətli lider olduğunu deyən akademik İsa Həbibbəyli Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin Azərbaycanın çoxəsrlik tarixinin möhtəşəm qəhrəmanlıq dastanı olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına liderlik etməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində Siyasi Büro zirvəsini fəth etməsinin yeni tarixi şəraitdəki nümunəsidir.

Həmçinin bildirib ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi bir çox layihələrlə Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində keçirilən bir çox konfranslarla, ərsəyə gətirilən sanballı nəşrlərlə Azərbaycan alimləri və təhsil işçiləri Ulu Öndərin ruhu qarşısında mənəvi borclarını yerinə yetirirlər.

Akademik çıxışının sonunda vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev əbədiyyət qazanmış Ümummilli Lider kimi müstəqil dövlətçilik idealları və dərsləri ilə həm xalqının qəlbində, həm də Azərbaycan Respublikasının inkişafının hər addımında yaşamaqda davam edir.

Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər “Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi: tarix və müasirlik” adlı məruzəsində bildirib ki, Heydər Əliyevin Azərbaycanın siyasi və ictimai həyatındakı xidmətləri misilsiz olmuşdur və onun uzaqgörənliyi, liderliyi və Azərbaycan xalqına sarsılmaz sədaqəti həmişə minnətdarlıqla xatırlanacaqdır. O qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu çoxəsrlik ortaq dilə, tarixə və mədəniyyətə əsaslanır və bu gün ölkələrimiz bir çox sahələrdə möhkəm strateji tərəfdaşlığa malikdir: “İki ölkə arasında münasibətlər heç vaxt bu qədər güclü olmayıb və biz gələcək illərdə də əlaqələrimizin daha da möhkəmlənməsinə sadiqik. İki ölkənin birliyi və həmrəyliyi təkcə bizim üçün deyil, həm də bütün regionun sabitliyi və rifahı üçün vacibdir. Azərbaycan və Türkiyə mürəkkəb və daim dəyişən dünyada tərəqqidədir və biz qarşıda duran bütün çətinliklərin öhdəsindən gəlmək üçün birlikdə çalışmalıyıq. Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu, siyasi, mənəvi dəstək verdi və başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli rəsmilərimiz olmaqla Azərbaycanla həmrəy olduqlarını ifadə etdi, Ermənistanın qanunsuz işğalını pislədilər. Bəxtiyar Vahabzadənin dediyi kimi, “Azərbaycan və Türkiyə bir ananın iki oğludur”. Qarabağ müharibəsi bizim bir-birimizi dəstəkləmək üçün birgə səylərimizin yalnız bir nümunəsidir və biz qarşıda duran istənilən çətinliyə qarşı birlikdə olmağa davam edəcəyik”.

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Siracəddin Mirzayev “Özbəkistan-Azərbaycan əlaqələri: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edərək ortaq tarixə və mədəniyyətə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixindən bəhs edib. Özbəkistanla Azərbaycan arasındakı yüksək inkişaf səviyyəsinə çatmış əlaqələrin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə genişləndirilməyə başlanıldığını, iki qardaş xalqın bir-birinə daha da yaxınlaşması üçün mühüm tədbirlərin görüldüyünü  qeyd edib. Akademik S.Mirzayev Azərbaycan və Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirildiyini vurğulayıb.

 

Son illər bu əlaqələrin möhkəmləndirilməsi məqsədilə hər iki dövlət başçısı tərəfindən əməli addımların atıldığını deyən S.Mirzayev siyasi, diplomatik əlaqələr, iqtisadi münasibətlərlə paralel olaraq ədəbi-mədəni, elmi əməkdaşlığın da yüksələn xətlə inkişafına nail olunduğunu diqqətə çatdırıb. O, bu baxımdan Özbəkistan Elmlər Akademiyası ilə AMEA-nın elmi əlaqələrinin önəminə toxunub, bu münasibətlərin daha da inkişaf etdirilməsinə maraqlı olduqlarını ifadə edib. 

Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Yüksel Özgen “Bir millət – iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə” adlı məruzəsində vurğulayıb ki, ortaq tarixi mədəniyyətə və daim dost, qardaş münasibətlərə malik olan iki ölkə arasındakı əlaqələr keçmişdən bu günə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri çərçivəsində formalaşıb. Azərbaycanın tarixində Heydər Əliyevin yeri və önəminin açıq şəkildə görüldüyünü deyən məruzəçi dahi liderin Azərbaycanın müstəqillik əldə etməsində və Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın əldə olunmasında mühüm rol oynadığını, Ulu Öndərin bütün həyatını Azərbaycana həsr etdiyini söyləyib.

Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideologiyası” adlı məruzəsində qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyəti və tarixi siyasət məktəbi Azərbaycanın ictimai-milli şüurunda əvəzsiz rol oynayıb, o, vətəndaş fəallığı ilə qətiyyət və prinsipiallığı, hərtərəfli hazırlığı, dərin biliyi, geniş siyasi və mədəni dünya görüşü olan rəhbər kimi dünyanın bütün mürəkkəb proseslərindən baş çıxardaraq və dahiyanə qərarları ilə xalq arasında böyük hörmət qazanıb. Onun sözlərinə görə, Ümummilli Liderin dövlətçilik düşüncəsinin mayasını müstəqillik ideyası təşkil edib: “Heydər Əliyev dövlətçilikdə müstəqillik ənənələrinin möhkəmlənməsində tarixi varislik kontekstində yeni ideoloji konsepsiya irəli sürürdü. Bu  konsepsiya azərbaycançılıq ideologiyası idi. Heydər Əliyevin yaratdığı konsepsiya tarixi şüura əsaslanırdı. Odur ki, yeni konsepsiya tarixi varislik və yeni siyasi şərait konteksində qiymətləndirilməlidir. Heydər Əliyevin azərbaycançılıq təlimi müstəqil dövlətçilik ideologiyası olmaqla bərabər, dövlət müstəqilliyimizin ideya-siyasi istiqamətini bəyan edir. Ulu Öndər Heydər Əliyevin kəşf etdiyi azərbaycançılıq ideologiyası sözün əsl mənasında mükəmməl bir milli birlik platformasıdır”.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” adlı məruzəsində qeyd edib ki, ən çətin geosiyasi şəraitdə, böyük təzyiqlərə baxmayaraq, 1996-cı ildə Eduard Şevardnadze ilə Heydər Əliyev arasında Bakı-Supsa neft kəmərinin tikintisinə dair müqavilə imzalanıb. Məhz bu saziş sonralar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi tarixi layihələrin əsasını təşkil etdi: “O vaxtdan bu günə kimi çox sayda strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi davam etdirilir. Onlar regionun enerji təhlükəsizliyini və siyasi sabitliyini, eyni zamanda ölkələrimizin suverenliyini və təhlükəsizliyini təmin edir. Həmin illərdə bütün dünyanın Gürcüstanı qeyri-sabit ölkə kimi tanıdığı, Gürcüstan ərazisinin 20%-nin işğal olunduğu, daxili siyasi və iqtisadi problemlərin baş verdiyi çətin dövrü unutmaq mümkün deyil. Bu dövr Azərbaycan üçün də asan olmadı. Qarabağ müharibəsini və daxili qarşıdurmaları xatırlamaq kifayətdir. Gürcüstan üçün hər şeyin qıt olduğu dövrdə, elektrik enerjisinin və yanacağın çatmadığı bir vaxtda özü də kifayət qədər ağır vəziyyətdə olan Azərbaycan şəxsən Heydər Əliyevin tapşırığı ilə ölkəmizə kömək edirdi. Boru kəmərlərinin çəkilməsi böyük əhəmiyyət kəsb edirdi və bu gün də ekspertlər və siyasətçilər Heydər Əliyevin bu qərarının tarixi və həlledici əhəmiyyətə malik olduğunu qeyd edirlər. Heydər Əliyev layihələrin həyata keçirilməsi üçün Gürcüstan marşrutunu seçdi və gürcü xalqı buna görə ona əbədi minnətdar olacaq”.

Daha sonra Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti, professor Əhməd Nuri Yurdusev “Asiyadan baxanda Heydər Əliyev” adlı məruzəsini təqdim edib. Professor Ə.Yurdusev Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Asiya qitəsində xüsusi mövqeyi olan Cənubi Koreya ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsinə böyük önəm verdiyini qeyd edib. Alimin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri nəticəsində bu ölkə ilə əməkdaşlığın geniş perspektivləri müəyyən olunmuş və konkret proqramlar üzrə işbirliyinə meydan açılmışdır.

Rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən professor Ə.Yurdusev Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyətinin 34 ölkənin Elmlər Akademiyalarını əhatə etdiyini bildirib. AASSA-nın prezidenti bu yaxınlarda AMEA-nın da qurumun tam səsvermə hüququna malik üzvlüyünə qəbul edildiyini diqqətə çatdırıb və bu üzvlüyün Asiyada elmi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əmin olduğunu söyləyib. O, bu əməkdaşlığın AMEA-nın Asiya qitəsində fəaliyyət göstərən yüksək elmi qurumlarla əməkdaşlığına geniş şərait yaradacağını qeyd edib. 

AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva “Heydər Əliyevin Şərq siyasətində türk dünyası” adlı məruzəsindən diqqətə çatdırıb ki, Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Onun xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, Pakistan və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir: “Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha cox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, Pakistan İran, Səudiyyə Ərəbistanı, Misir və s. aiddir. Bu və İslam Əməkdaşlıq Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır”.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədrinin müavini, f.ü.f.d. Şəfa Əliyeva “Heydər Əliyevin idealları və müasir gənclik” adlı məruzəsində vurğulayıb ki, hər bir Azərbaycan gənci üçün müstəqil Azərbaycan dövlətinin vətəndaşı olmaq böyük iftixar mənbəyidir və Ulu Öndərin apardığı çətin və şərəfli mübarizə, həyata keçirdiyi müdrik siyasət Azərbaycanda müstəqil dövlətçiliyin qurulmasına, qorunub saxlanılmasına və möhkəmləndirilməsinə yol açmışdır: “Biz Azərbaycan Respublikasının Prezidenti, XXI əsr dünya liderlərindən biri olan İlham Əliyevin müstəqil dövlətimizin inkişaf etdirilməsi və ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha qüvvətləndirilməsi yollarında atdığı bütün addımları ürəkdən bəyənir və müdafiə edirik. Biz, Azərbaycan gəncləri fəxr edirik ki, bütün dünyada görkəmli dövlət xadimi kimi qəbul edilən Heydər Əliyevin nəvələri və davamçılarıyıq”.

Tədbirdə, həmçinin Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Siracəddin Mirzayev “Özbəkistan-Azərbaycan əlaqələri: Heydər Əliyevdən İlham Əliyevə” və Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, professor Əhməd Nuri Yurdusev “Asiyadan baxanda Heydər Əliyev” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda çıxış edən AMEA rəhbəri bildirib ki, bu gün Prezident İlham Əliyev Azərbaycanı bütün istiqamətlərdə inkişaf etdirib, dünya siyasətində yerini möhkəmləndirib və müstəqil Azərbaycan Respublikası Ulu Öndərin ideyaları işığında Prezident İlham Əliyevin liderliyində sabaha inamla irəliləyir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023