AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır
May 01, 2023 | 12:00 Mühüm hadisələr

Ümummilli Lider Heydər Əliyev ölkəmizin çoxəsrlik dövlətçilik ənənələrinin əsasında yetişib formalaşmış görkəmli dövlət xadimidir. Bu dahi şəxsiyyətin simasında Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Atabəylər dövlətinin məharəti, Səfəvilər imperiyasının qüdrəti, Şirvanşahlar hakimiyyətinin siyasəti cəmləşmişdir. Azərbaycan xanlıqlarının nümayiş etdirdikləri milli qürur da Heydər Əliyevin şəxsiyyətində qabarıq surətdə özünü göstərən faktorlardandır.

Bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş Xüsusi iclasında “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” mövzusunda çıxışı zamanı deyib.  

Akademik qeyd edib ki, Azərbaycan tarixinə müstəqillik kimi parlaq və tarixi bir səhifə yazmış Xalq Cümhuriyyəti rəhbərlərinin Azərbaycan idealı Heydər Əliyevin dövlətçilik təliminin əsas mahiyyətini və hədəflərini təşkil etmişdir. SSRİ adlandırılan qırmızı terror bolşevik dövlətinin tərkibində olan digər xalqları əridib sıradan çıxarmaq siyasətinin qarşısında milli-mənəvi dəyərlərin dövlət siyasəti səviyyəsində yaşadılması və möhkəmləndirilməsi də möhtəşəm Heydər Əliyev obrazının ana xətlərini müəyyən edir.

“Məhz bu cəhəti, yəni mənsub olduğu xalqın tarixi keçmişini unutdurmaq və soykökündən ayırmaqla onun milli-mənəvi varlığını yox etmək siyasətinin görünən və görünməyən bütün tərəflərini dərindən dərk etməsi Heydər Əliyevin dövlətçilik təliminə milli istiqlal ideyasını gətirmişdir. O, hələ sovet hakimiyyəti illərində kommunist imperiyasının daxildən çökməkdə olduğunu hamıdan daha dərindən hiss etdiyi üçün xalqını gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını qabaqcadan böyük bacarıqla həyata keçirmişdir. Heydər Əliyev cəmiyyəti yeniləşdirməklə inkişaf etdirmək vəzifəsini həyata keçirmişdir. Qarbaçovsayağı kosmik dəyişmələrdən fərqli olaraq, Heydər Əliyevin mövcud sistem daxilində dəyişiklik uğrunda apardığı mübarizə nəticə etibarilə qüvvəsini təşkil etmişdir. Bu mənada Heydər Əliyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ miqyasında müstəqil dövlətçilik ideyasının banisidir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Heydər Əliyevin sovet hökumətinin hələ qüvvədə olduğu vaxtda, 19 iyul 1991-ci ildə Kommunist partiyasının sıralarından çıxmasını rəsmi şəkildə bəyan etməsi ilə həmin rejimin çökməsinə zərbə vuran yeganə dövlət xadimi olduğunu deyən AMEA rəhbəri Ulu Öndərin bununla təkcə Azərbaycanda deyil, SSRİ-nin tərkibinə daxil olan digər müttəfiq respublikalarda da milli istiqlal hərəkatına bir ordudan çox xidmət etdiyini söyləyib.

Natiq vurğulayıb ki, Ermənistanla və onun havadarları ilə davam edən müharibəni dayandırmaq və atəşkəs rejiminə nail olmaq və müstəqil dövlətin ordusunu qurmaq da Heydər Əliyev siyasətinin ən mühüm nəticələri sırasındadır. Həmçinin xarici güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması məqsədilə beynəlxalq birlik tərəfindən imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin möhtəşəm əsəridir. Müstəqil respublikalara çevrilmiş postsovet ölkələrində ilk olaraq torpaq islahatlarına başlamaq və onu qısa müddətdə axıra çatdırmaq da Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin modelini qurmuş və möhkəm siyasi-ideoloji əsaslarını yaratmışdır.

AMEA prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının dövlət ideologiyası olan Azərbaycançılıq təlimi Heydər Əliyev tərəfindən kəşf edilmişdir və Azərbaycan xalqı, Azərbaycan dili, Azərbaycançılıq ideologiyası kimi anlayışlar ölkəmizin müstəqillik tarixində siyasi sabitliyə və vətəndaş həmrəyliyinə nail olmaq üçün Heydər Əliyevin müəyyən etdiyi düsturlardır.

“Heydər Əliyev xalqına və ölkəsinə etibarlı dostlar və strateji müttəfiqlər qazandırmağın dəqiq formullarını kəşf etmiş dahi şəxsiyyətdir. Çoxəsrlik tarixi ənənələrə malik olan Azərbaycan-Türkiyə münasibətləri Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturu ilə möhtəşəm birlik və həmrəylik səviyyəsinə yüksəlmişdir. Bu gün hərtərəfli şəkildə inkişaf etməkdə olan türk dövlətləri birliyi “Bir millət – iki dövlət” düsturunun böyük strateji imkanlara malik olduğunu nümayiş etdirir”, - deyə AMEA rəhbəri qeyd edib.

Prezident İlham Əliyevin müstəqil Azərbaycanı inkişaf etməkdə olan ölkədən bütün istiqamətlər üzrə inkişaf etmiş dövlətlərin cərgəsinə doğru aparmaqla yeni tarixi epoxada öz erasını yaratmış qüdrətli lider olduğunu deyən akademik İsa Həbibbəyli Ali Baş Komandanın 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin Azərbaycanın çoxəsrlik tarixinin möhtəşəm qəhrəmanlıq dastanı olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin dünyada BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına liderlik etməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində Siyasi Büro zirvəsini fəth etməsinin yeni tarixi şəraitdəki nümunəsidir.

Həmçinin bildirib ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi bir çox layihələrlə Ulu Öndərin ideyalarını uğurla davam və inkişaf etdirir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində keçirilən bir çox konfranslarla, ərsəyə gətirilən sanballı nəşrlərlə Azərbaycan alimləri və təhsil işçiləri Ulu Öndərin ruhu qarşısında mənəvi borclarını yerinə yetirirlər.

Akademik çıxışının sonunda vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev əbədiyyət qazanmış Ümummilli Lider kimi müstəqil dövlətçilik idealları və dərsləri ilə həm xalqının qəlbində, həm də Azərbaycan Respublikasının inkişafının hər addımında yaşamaqda davam edir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023