AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Tarixçi alim beynəlxalq konqresdə iştirak edib
Apr 28, 2023 | 10:00 Mühüm hadisələr

26-28 aprel 2023-cü ildə Bakıda Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə (“International Congress on Advanced Earthquake Resistant Structures (AERS 2023)” Beynəlxalq Konqres keçirilib.

Konqresin plenar iclasında Azərbaycandan olan elm adamları ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.

Əvvəlcə qardaş Türkiyədə bu ilin fevral ayında baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

AzMİU-nun rektoru, konqresin fəxri sədri, professor Gülçöhrə Məmmədova çıxış edərək iştirakçıları salamlayıb və mövzunun aktuallığına diqqət çəkib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək konqresin əhəmiyyətinə diqqət çəkib və ölkəmiz üçün gələcək faydalarına toxunub. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli zəlzələrin dağıntılarından qorunmaq üçün individual yanaşma lazım olduğunu qeyd edib. Konqresin plenar iclası müxtəlif xarici dövlətlərin nüfuzlu alimlərinin elmi məruzələri ilə davam etdirilib. 

Beynəlxalq Konqresdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı da iştirak edib. Konqresin bölmə iclasında “Azərbaycanda zəlzələlərin tarixindən (The history of earthquakes in Azerbaijan)” adlı elmi məruzə ilə çıxış edən Mübariz Ağalarlı Azərbaycanda tarixən baş verən zəlzələlər haqqında tarixi qaynaqlarda əks olunan məlumatlar, bu zəlzələlərin doğurduğu acı nəticələr, insan tələfatı və bunun demoqrafik prosesə mənfi təsiri haqqında danışaraq bu zəlzələlərin Azərbaycanın sosial-iqtisadi və mədəni həyatına vurduğu acı nəticələri qeyd edib.

Konqresin nəticəsi olaraq məruzə və elmi məqalələrin beynəlxalq “Springer” nəşriyyatında və “Elmi əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi qərara alınıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023