AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib
Apr 18, 2023 | 11:02 Konfranslar, iclaslar

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyində duran birinci məsələ “Heydər Əliyev-100: Arxeologiya, Etnoqrafiya və Antropologiya elmlərinin prioritet məsələləri” adlı respublika konfransına hazırlıq olub. İnstitutun baş direktoru, t.e.d., professor Abbas Seyidov görülən işlər barədə açıqlama verərək bildirib ki, konfransla bağlı 400 səhifədən artıq kitab çapa təqdim olunub. Konfransa qədər materialların dərc olunması nəzərdə tutulur. Konfransın işində bölmələr də daxil olmaqla 100-dən artıq məruzənin dinlənilməsi planlaşdırılır. Məqalələr Azərbaycan, ingilis və rus dillərindədir.

Gündəlikdə duran ikinci məsələ şəffaflığın təmin olunması ilə bağlı AMEA Rəyasət Heyətinin “AMEA-da ekspedisiyaların təşkili üzrə Komissiyanın yaradılması haqqında” 13 mart 2023-cü il tarixli qərarının həyata keçirilməsinin müzakirəsi olub. Bu qərarla bağlı arxeoloq alimlər Arif Məmmədov, Hidayət Cəfərov, Səfər Aşurov, Əsədulla Cəfərov, Qəhrəman Ağayev, Vəfa Mahmudova, Bəhlul İbrahimli, icraçı direktor Zaur Həsənov öz təklif və mülahizələrini bildiriblər. Sonda qərara alınıb ki, işin səmərəliliyinin artırılması üçün rəhbərliyə alimlərin təkliflərindən ibarət müraciət göndərilsin.

Növbəti məsələ may ayının 23-25-i tarixlərində keçirilməsi nəzərdə tutulan Birinci Beynəlxalq ”Məhkəmə Arxeologiyası və Antropologiyası“ adlı konfransa hazırlıqla bağlı olub. Abbas Seyidov görüləcək işlər, konfransın gündəliyində duran məsələlər haqqında geniş məruzə edib.

Sonra AMEA-da doktorantura və dissertanturaya qəbulla bağlı t.ü.f.d., dosent Səfər Aşurov məlumat verib.

Daha sonra 35 yaşa qədər olan alimlər arasında “İlin alimi mükafatı”nı almaq üçün t.ü.f.d. Gülanə Əliyevanın namizədliyi irəli sürülüb. Arxeoloji xidmət və yeni tikinti sahələrini arxeoloji tədqiqi şöbəsinin böyük elmi işçisi Elnur Vəliyevin “Azərbaycanda maddi-mədəniyyət abidələrində Zərdüştlüyün izləri” adlı monoqrafiyasının çapa təqdim olunması müzakirə edilib.

Sonda bir sıra cari məslələrə baxılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023