Apr 14, 2023 | 15:00 Mühüm hadisələr
Qafqaz Albaniyasının dini və sosial həyatına həsr edilmiş onuncu yubiley beynəlxalq konfransı Azərbaycan Albanistikası üçün çox önəmli bir tarixi gündür.
Bunu AMEA-nın Tarix institutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.
O xatırladıb ki, Qafqaz Albaniyasına dair ilk beynəlxalq konfrans 2001-ci ilin mayında Bakıda keçirilib: “Sonra London, Roma və Qafqaz Albaniyasının paytaxtı Qəbələ bu konfranslara ey sahibliyi edib. Bu konfransların tezis və ya məruzələri çap olunub və Albanistikaya böyük töhfələr verib”.
Kərim Şükürov deyib ki, Azərbaycan Albanistikasının tarixi qədim köklərə malik olsa da, gərgin elmi axtarışlar və sözün əsl mənasında, mübarizə məktəbi keçərək 1960-cı illərdə daha da inkişaf edib: “Bu sahədə erməni tarixçiliyinin inhisarçılığına qəti şəkildə son qoyulub. Bununla da dünya Albanistikasının tarixində ciddi keyfiyyət dəyişiklikləri baş verib. Bu gün biz belə bir möhtəşəm elmi konfransda Albanistikaya böyük töhfələr vermiş bütün mütərəqqi alimləri, o cümlədən Azərbaycan Albanistikasında dərin iz qoymuş tədqiqatçılarımızı ehtiramla yad edirik. Bu görkəmli tədqiqatçılarımızdan iki alimimizi xüsusilə xatırlamağı özümə borc bilirəm. Bu il 100 illiyini qeyd edəcəyimiz akademik Ziya Bünyadov Qafqaz Albaniyasının tarixinə dair bir sıra fundamental müddəalar irəli sürüb, onları konseptual şəkildə formalaşdırıb. Bu nailiyyətlər hazırda da aktuallığını saxlayır və Azərbaycan Albanistikasının inkişafına stimul verməkdə davam edir”.
Kərim Şükürov qeyd edib ki, Fəridə Məmmədova da Azərbaycan Albanistikasının ən ağır problemlərini zərif çiyinlərinə alaraq, onları uğurla həll edib, Albanistikanı yeni səviyyəyə yüksəldib: “Azərbaycanda Albanistika sahəsinə yeni tədqiqatçılar nəslinin gəlməsi bu sahədəki ənənənin davam etdirilməsi ilə birgə, onun yeni perspektivlərindən xəbər verir”.
Kərim Şükürov çıxışı zamanı Azərbaycan Albanistikasının əsas prioritetlərindən də danışıb: "Qafqaz Albaniyası Azərbaycan tarixinin təxminən minillik bir dövrünü əhatə edir. Müəyyən xronoloji istisnalar ilə onunla eyni zamanda, Azərbaycanın cənubunda mövcud olan Atropatena dövləti ilə Azərbaycan tarixinin fundamentini təşkil edir. Hər iki dövlətin keçdiyi tarixi inkişaf yolu yalnız və yalnız Azərbaycan tarixi kontekstində obyektiv həllini tapır. Bu baxımdan müasir dövrdə də Albanistika Azərbaycan tarixinin aktual elmi istiqamətlərindən biri kimi qalmaqda davam edir”.
Kərim Şükürov vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddialarının həyata keçirilməsində Qafqaz Albaniyasının tarixinin bir vasitəyə çevrilməsi, onun siyasiləşdirilməsi qeyri-elmi və səhv bir yoldur: “Azərbaycan Albanistikası bu tarixçilik təcavüzünə indiyədək elmi cavabını verib, bundan sonra da cavab verəcək. Azərbaycanın Qafqaz Albaniyası dövrünün Qarabağ, Zəngəzur və İrəvan bölgələrindəki maddi irsinin etnik mənsubiyyətinin dəyişdirilməsi yolverilməzdir. Qafqaz Albaniyası dövründən bu günə irs qalmış etno-konfessional müxtəliflik Azərbaycanın güc və qüdrətinin göstəricisidir. Buna görə də dünya təcrübəsində məhz Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm konsepsiyası tarixi həqiqətin reallaşdırılması nümunəsidir”.