AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunda “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçirilib
Apr 12, 2023 | 06:00 Konfranslar, iclaslar

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva Şuşa şəhərinin Azərbaycanın döyünən ürəyi, tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olduğunu deyərək, Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində Şuşaya zəngin tarixi abidə kimi qayğısından danışıb, Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edildiyini, şəhərin keçmişdə tikilmiş binalarının, tarixi abidələrin bərpa edildiyini vurğulayıb.

Şuşa şəhərinin 28 il erməni işğalında qaldığını, 2020-ci ilin 8 noyabrında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən azad edildiyini deyən akademik, bundan sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldığını və bu sahədə böyük işlər görüldüyünü qeyd edib.

Ötən il “Şuşa İli” çərçivəsində Şərqşünaslıq İnstitutunda görülən işlərdən danışan Gövhər Baxışəliyeva, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında 6 dekabr 2022-ci il tarixli Sərəncamını da xatırladaraq, bununla əlaqədar Şərqşünaslıq İnstitutunda da bir sıra işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra seminarın məruzələrinə başlanılıb. Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Elman Quliyev “Çağdaş türk poeziyasında Şuşanamələr: milli-tarixi yaddaş və müasirlik kontekstində” adlı məruzə edib. E.Quliyev bildirib ki, Şuşa bir gözəlliklər diyarı, bir türk yurdu, bir mədəni-elmi mərkəz, şairlər, alimlər, rəssamlar, qəhrəmanlar, siyasi xadimlər vətəni olaraq Azərbaycan və türk dünyasında sevilmiş, nəinki Azərbaycan, eyni zamanda ümumtürk ədəbiyyatımızın baş mövzusuna çevrilmiş, milli-tarixi yurd yeri Qarabağın - Şuşa şəhərinin lirik və bədii-fəlsəfi obrazı canlandırılmışdır. Məhəmməd Mehdi Bayat, Orxan Afacan, Kənan Çarboğa, Osman Akçay, Dursun Kepçeoğlu, Ümit Güngör və digər şairlərin şeirlərində Azərbaycanın qeyrət simvolu olan, Qarabağın incisi hesab edilən Şuşanın ümumi olaraq milli kontekstdə obrazlaşdırıldığını deyən məruzəçi, buradakı məzmunun ana xəttində əsasən son 30 ilin olaylarının dayandığını qeyd edib. Məruzədə sadalanan şairlərin Şuşa, Qarabağ haqqında yazdıqları şeirlərdən ətraflı bəhs edilib.

Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev seminarda “Şuşa şəhərinə aid epiqrafik abidələrdə şəxs adları və toponimlər” mövzusunda məruzə edib. Məruzə “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi” adlandırılan Qarabağın mədəniyyət mərkəzi Şuşa şəhərində inşa edilmiş tarixi abidələrə aid inşaat kitabələri və yazılardakı adların, toponimlərin tədqiqi ilə bağlı mövzuları əhatə edirdi. Epiqrafik abidələrin tədqiqinin elmi əhəmiyyətindən danışan məruzəçi, Məşədi Şükür Mirsiyab oğlunun karvansarasında və Yuxarı Gövhər Ağa məscidinin fasad görünüşündə, eləcə də giriş qapısının ətraflarında olan kitabələrdə yazılanlar, burada adları keçən toponimlər barədə ətraflı bəhs edib.

Daha sonra aparılan müzakirələrdə institut əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları Aybəniz Həsənova, Laura Orucova və başqaları çıxış edərək, səslənən məruzələri çox yüksək dəyərləndiriblər.


 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023