AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafında yeni mərhələ
Sep 08, 2023 | 11:50 Yeni nəşrlər

Məlumdur ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də sıx əlaqələr mövcuddur. 2022-ci ilin mayında ilk dəfə Türkiyədən kənarda Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalı, hər iki ölkənin elmi qurumlarının təşkili və iştirakı ilə baş tutan çoxsaylı tədbirlər, müştərək layihələr və proqramların həyata keçirilməsi – bütün bu təşəbbüslər ikitərəfli elmi əməkdaşlığın bariz nümunəsidir.

Sentyabrın 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Türkiyənin Aydın Adnan Menderes Universiteti, Səlcuk Universiteti, MATM, AMEA Memarlıq və İncəsənət İnstitutu, həmçinin Şimali Makedoniya, Albaniya, Ukrayna və Almaniyanın bir sıra elmi qurumlarının birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru Konqresinin açılış mərasimi baş tutub. Beynəlxalq tədbir muzeyin direktoru, respublikanın əməkdar elm xadimi, akademik Nailə Vəlixanlıya həsr edilib. Konqres çərçivəsində ənənəvi olaraq müxtəlif sənət növlərini əhatə edən sərgi də təşkil olunub.

Əvvəlcə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bütün iştirakçıları AMEA adından salamlayaraq bu kimi təşəbbüslərin əsas məqsədinin Azərbaycan-Türkiyə elmi, ədəbi, mədəni, tarixi əlaqələrinin müasir inkişaf səviyyəsi haqqında məlumatları iki ölkənin ictimaiyyətinə çatdırmaq və qarşıda duran vəzifələri müəyyən etməkdən ibarət olduğunu bildirib. Akademik Nailə Vəlixanlının çoxşaxəli fəaliyyətinin konqresin çoxaspektli olmasına şərait yaratdığını deyən akademik İsa Həbibbəyli tədbirin ölkələrarası əlaqələrin inkişafında yeni bir mərhələ olacağına əminliyini bildirib.

MATM-ın direktorunun elmi və elmi-təşkilati fəaliyyəti haqqında ətraflı danışaraq AMEA rəhbəri vurğulayıb ki, akademik Nailə Vəlixanlı qədim və orta əsrlər Azərbaycan tarixi, mənbəşünaslığı və ictimai fikrinin əsas tədqiqatçılarındandır: “Görkəmli alimimiz, akademik Ziya Bünyadov Azərbaycan tarixinin mənbələr əsasında tədqiq və şərh edilməsi sahəsində fundamental məktəb yaradıb. Ziya Bünyadov məktəbinin yetirməsi olan akademik Nailə Vəlixanlı həm bu məktəbi davam və inkişaf etdirib, həm də öz məktəbini yaradıb. Akademik Ziya Bünyadov VII-XII əsrlər Azərbaycan tarixini araşdırıb, akademik Nailə Vəlixanlı isə bu çərçivəni XIII-XIV əsrlərədək genişləndirib, bununla kifayətlənməyib digər dövrlərin, hətta müasir dövrün bir çox aktual problemləri haqqında öz sözünü deyib. Arsen Şaqinyan və Zori Balayanın irəli sürdükləri əsassız iddialara verdiyi cavablarla isə akademik Nailə Vəlixanlı həm də alim-vətəndaş missiyasını yüksək səviyyədə yerinə yetirib”.

Akademik Nailə Vəlixanlının çoxsaylı ərəbdilli mənbələri Azərbaycan tarixşünaslığına ilk dəfə daxil etdiyini qeyd edən akademik İsa Həbibbəyli alimin bu mənbələri Azərbaycan və rus dillərinə tərcümə etdiyini, akademik fundamental tarixşünaslığın əsaslarını yaratdığını vurğulayıb. Bildirib ki, akademik Nailə Vəlixanlı bir çox elmlər və fəlsəfə doktorlarını yetişdirib, çoxsaylı elmi işlərin rəyçisi, opponenti olub, bir sözlə yeni nəsil tarixçilərinin formalaşması və inkişafına böyük töhfələr verib.

AMEA rəhbəri alimin muzey qurucusu kimi fəaliyyətindən bəhs edərək Milli Azərbaycan Tarixi Muzeyinin ölkənin ən iri muzeyi olmaqla yanaşı həmçinin nüfuzlu elmi-tədqiqat mərkəzi olduğunu qeyd edib. Bildirib ki, Akademiyanın bir çox institutu MATM-ın arxiv və fondlarından mütəmadi olaraq istifadə edir.

Yaradılan beynəlxalq əlaqələrdən söz açan akademik İsa Həbibbəyli muzeyin Avropa ölkələri, Çin, Orta Asiya respublikaları və dünyanın digər yerlərində keçirilən tədbirlərdə Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb, qardaş Türkiyənin elmi qurumları ilə sıx əməkdaşlığın nəticəsi olaraq bu kimi tədbirlərin ümummilli lider Heydər Əliyevin səsləndirdiyi “Bir millət – iki dövlət” tezisinin elm sahəsində təzahürü olduğunu qeyd edib: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyəyə çatdırdıqları ölkələrarası strateji tərəfdaşlıq əlaqələri və geniş əməkdaşlıq digər sahələrdə olduğu kimi, elm sahəsində də öz sözünü deyir və gələcəkdə də deyəcək”.

Çıxışının sonunda AMEA rəhbəri akademik Nailə Vəlixanlıya ölkə alimlərinin 10 illik əməyinin bəhrəsi olan 2 cilddən ibarət Azərbaycan Respublikasının “Qırmızı kitabı”nı təqdim edib və konqresin işinə uğurlar arzulayıb.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Muzeyin qonaqlarını salamlayan MATM-ın direktoru, akademik Nailə Vəlixanlı konqres təşkilatçılarına bu təşəbbüsə görə minnətdarlığını bildirib, tədbirin tək öz şəxsiyyəti və fəaliyyətinə deyil, bütövlüklə Azərbaycan elminə verilən dəyərin təzahürü olduğunu vurğulayıb. Türkiyə elmi qurumları ilə müştərək konfransların dəfələrlə keçirildiyini bildirən akademik hazırkı tədbirin daha genişmiqyaslı olduğunu dilə gətirib, konqresə canlı və onlayn qoşulan çoxsaylı əcnəbi alimlərin iştirakını yüksək qiymətləndirib.

Daha sonra AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, konqres təşkilatçılarından Səlcuk Universitetinin professoru Osman Kunduracı və Aydın Adnan Menderes Universitetinin professoru Əhməd Aytac akademik Nailə Vəlixanlının çoxşaxəli fəaliyyətindən danışıb, alimin əsərlərinin Azərbaycan tarixşünaslığının ayrılmaz parçası olduğunu vurğulayıb, akademikə gələcək elmi və muzey quruculuğu fəaliyyətində uğurlar arzulayıblar. Qonaqlar təşkil olunan bu kimi tədbirlərin Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi məqsədini daşıdığını, builki konfransın coğrafiyasının əhəmiyyətli dərəcədə genişləndiyini xüsusi olaraq qeyd ediblər.

Açılış mərasimi bədii hissə ilə davam etdirilib. Bədii hissədə tarix üzrə fəlsəfə doktoru, dosent, etnoqraf-alim Gülzadə Abdulovanın rəhbərliyi ilə “Alaca” milli geyim evində hazırlanan Azərbaycan milli geyimləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyaları səsləndirilib.

Daha sonra plenar iclasda MATM-ın elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, professor Əhməd Aytac və professor Kərim Şükürov elmi məruzələrlərlə çıxış ediblər.

Konqres işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyədən Azərbaycana 12 alim gəlib. Konqresə onlayn şəkildə Türkiyə ilə yanaşı Şimali Makedoniya, Albaniya, Ukrayna, İran, Türkmənistan, Rusiya (Dağıstan), Hindistan, Bolqarıstan, Moldova (Qaqauziya), Özbəkistan təmsilçiləri qoşularaq tarix, arxeologiya, numizmatika, sənətşünaslıq, ədəbiyyat, fəlsəfə, habelə humanitar və ictimai elmlərin digər sahələrini əhatə edən elmi məruzələrlə çıxış ediblər.

Nəzmin CƏFƏROVA, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023