Sep 07, 2023 | 11:15 Yeni nəşrlər
Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Ümummilli Lider Heydər Əliyev
Elm heç kəsin istəyindən və iradəsindən asılı olmayan gerçəkliyi aşkar və sübut edir. Məşhur ərəb filosofu Əl Fərabinin fikrincə, dövlət ali sinfə mənsub adamların vasitəsilə yaranır. Hər bir dövlətin keçdiyi inkişaf yolunu, siyasi-ictimai, elmi-mədəni fəaliyyətini müəyyən edən milli inkişaf sistemi və bu sistemin qurulması üçün görüləcək işlərin xarakterini və ardıcıllığını müəyyən edən milli inkişaf strategiyası vardır. Dünyada baş verən siyasi proseslərin formaca mürəkkəb və məzmunca ziddiyyətli olduğu bir dövrdə həyata keçirilən siyasətin səciyyəvi xüsusiyyətləri çox mühüm nəzəri, eyni zamanda, praktik əhəmiyyətə malikdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının araşdırılması elmi-praktik baxımdan zəruridir. Zaman ötdükcə ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur.
Heydər Əliyevin zəkası bütün sədləri aşaraq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarmış, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Çağdaş Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatının son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin – Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində – milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.
Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin titanik fəaliyyəti dövlət idarəçiliyi akademiyası olmaqla, ən müxtəlif aspektlərdən tətbiq və təhlil edilməlidir. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində 1969-cu ildən etibarən milli mənəvi dəyərlərimiz, soy-kökümüz özümüzə qayıtmış, 1993-2003-cü illər isə tariximizə inkişaf, tərəqqi dövrü kimi yazılmışdır.
Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mehdi Hüseynzadə, Hüseyn Cavid abidələri, Üzeyir Hacıbəylinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının. Niyazinin, Bülbülün, M.S.Ordubadinin, Əzim Əzimzadənin, Nəriman Nərimanovun, Cəmşid Naxçıvanskinin və başqa elm və mədəniyyət xadimlərinin, şəxsiyyətlərin ev muzeyləri yaradılmışdır.
Dahi şəxsiyyət Azərbaycan xalqını, Azərbaycan elmini, mədəniyyətini necə deyərlər, qışdan bahara çıxardı. Ümummilli lider Heydər Əliyev daim dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, elmin tərəqqisi üçün müstəsna işlər görmüşdür. Ulu öndər Azərbaycanı məharətlə inkişaf etdirmiş, bütün dünyaya tanıtmışdır. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Bugünkü alimlər ulu öndər Heydər Əliyevin elmi irsinin dərindən öyrənilməsi və gənc nəsilə ötürülməsini özünə borc bilməlidirlər. Heydər Əliyevin elm sahəsindəki bütün fəaliyyəti ali bir ideyaya – azərbaycançılıq məfkurəsinə xidmət edir. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib, ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Heydər Əliyev müdrik müəllim kimi gənclərə “Siz hələ gəncsiniz. Qarşınızda böyük yaradıcılıq yolu vardır”, – söyləyərək onlara dəstək olurdu.
Hazırda Prezident cənab İlham Əliyevin Azərbaycan gəncliyinin elm sahəsindəki maraqlarının inkişafına diqqət və qayğısının sayəsində Azərbaycan gəncliyi özünün intibah dövrünü yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyində Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi mühüm rol oynamışdır. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuracaq coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.
Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib. Xalqına dərindən bağlanan, həyatını Azərbaycanın tərəqqisinə həsr edən dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, onun dünya miqyasında tanınmasına nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin çıxışı elmi baxımdan diqqəti cəlb etmişdi: “Gənc vaxtımda türk dilini öyrənmişdim, hətta mənim lüğətim də olubdur – “Azərbaycan–türk lüğəti”, sonra “Türk–rus lüğəti”. Mən bununla gənclik vaxtımda məşğul olmuşam. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir.’’ Azərbaycan Elmlər Akademiyası üçün deyil, bütövlükdə, Azərbaycan Respublikasının inkişafında, xalqımızın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin intibahında yarım əsr əvvəl – 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi müstəsna rol oynamışdır. Azərbaycan elminin, Elmlər Akademiyasının ən çox inkişaf etdiyi dövr, elmin yeni yüksəlişi Heydər Əliyev kimi dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir.
1969-cu ilin iyun ayında ümummili lider Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə elm, təhsil, mədəniyyət, ədəbiyyat, səhiyyə sahəsində sözün əsl mənasında, inqilab baş verdi. Azərbaycan Elmlər Akademiyası (AEA) onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, maddi-texniki bazasını möhkəmləndirmişdi. Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq akademiya Sovet dövründə bir sıra uğurlara imza atmışdır. Neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi və s. istiqamətlərdə uğurları xüsusi qeyd etmək lazımdır.
1969-cu il noyabrın 1-də Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan elminin və təhsilinin əsas istiqamətlərini müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Bu nitqi dövrün inqilabi sensasiyasına çevirən fakt isə o idi ki, sovet rejiminin yerli respublikaların rəhbər kadrları üçün müəyyənləşdirdiyi çərçivələrə baxmayaraq, Heydər Əliyev onu doğma Azərbaycan dilində söyləmişdi. O zaman üçün fövqəladə hal hesab edilən partiya liderinin Azərbaycan dilində çıxışı universitet həyatında milli ruhun, milli özünüdərkin, milli dirçəliş və oyanışın hərəkətə gətirilməsinə sanki start verdi.
Azərbaycan ziyalıları, sözün əsl mənasında, qanı-canı ilə milli mənafeyi hər şeydən uca tutan həqiqi milli liderini gördü, tanıdı və bütün varlığı ilə ona inanmağa başladı. Respublika rəhbərinin milli dilə bu şəkildə sevgisi xüsusilə dilçi alimləri vəcdə gətirmişdi. Bunun nəticəsində də tezliklə universitetdə 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyi hazırlayıb nəşr edildi və ulu öndərin təşəbbüsü ilə bu əsər Azərbaycan Dövlət Mükafatına layiq görüldü.
Heydər Əliyevin prinsipiallığı və qətiyyəti aktiv fəaliyyəti nəticəsində 1978-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında məşhur 73-cü maddə daxil edildi. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermiş müsəlman respublikası Azərbaycan idi. Heydər Əliyevin “Literaturnaya qazeta”da dərc edilmiş məşhur müsahibəsinin sərlövhəsindəki “Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri, məmur heyətinin böyük bir qismi üçün mənəvi-əxlaqi prinsipə çevrildi.
Bu dövrdə akademiya şəhərciyinin tikintisi tam başa çatdırılmış, Elmlər Akademiyasında, ali məktəblərdə və başqa müəssisələrdə çalışan elmi işçilərin sayı xeyli artmış, elmi tədqiqat işlərinin sürətlənməsi müşahidə edildi, yeni institutlar, laboratoriyalar, konstruktor büroları açılmışdır. Elm, iqtisadiyyat və mədəniyyətin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində qazandığı nailiyyətlərə görə Azərbaycan Elmlər Akademiyasının aldığı yüksək mükafat “Xalqlar dostluğu” ordeni 1975-ci ildə Heydər Əliyev tərəfindən təqdim olunmuşdur.
Azərbaycan elminin inkişafı məhz ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələr kimi elm sahəsində aparılan uğurlu islahatlar sayəsində Azərbaycanın elmi böyük yüksəliş dövrü yaşayaraq, inkişaf yoluna qədəm qoydu.
Ulu öndər deyirdi: “Xalq hәmişә öz ziyalıları, öz mәdәniyyәti, öz elmi ilә tanınır”. Ümummilli lider, eyni zamanda, bildirmişdir ki, gənclərimiz dilimizi, mədəniyyətimizi yaxşı bilməlidirlər.
Azərbaycanın özünün dövlət müstəqilliyini əldə etdikdən sonra Heydər Əliyevin müdrik siyasətçi kimi respublikamızda gedən mürəkkəb və ziddiyytəli proseslərə verdiyi qiymət, bir qayda olaraq, ictimai praktikada özünün təsdiqini tapırdı. Məhz buna görə də, xalqımız Azərbaycanın ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin hadisələrə yanaşma tərzinə və proseslərin hansı sonluqla nəticələnəcəyi barəsində söylədiyi fikirlərə daim böyük ehtiyac hiss etmişdir. Azərbaycan xalqında Heydər Əliyevə daim böyük inamın olması bu görkəmli şəxsiyyətin fenomenallığı və təkrarsızlığı ilə bağlıdır. Heydər Əliyev irsinin gələcək nəsillərin öyrənilməsi üçün bundan sonra da geniş tədqiqatlar aparılmalıdır. Bütün dünyada Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyevin anılması vahid anlayışa çevrilmişdir.
Ümummilli lider Heydər Əliyev – Milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı.
Nobel mükafatı laureatı Henrix Vilandın deyirdi ki, dahilər heç bir işi yarımçıq qoymurlar. Heydər Əliyev də başladığı işi yarımçıq qoymadı. Azərbaycanı yeni inkişaf yoluna çıxaran ümummilli liderin qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi müstəsna xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı – siyasi varis yetişdirməsidir. Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində xalqa müraciətində deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir”.
Xalq ulu öndərin tövsiyəsinə əməl edərək cənab İlham Əliyevi Azərbaycanın Prezidenti seçdi və seçimində də yanılmadı. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın sayılıb seçilən dövlətinə, kosmik klubun üzvünə çevirib.
Bu gün ölkəmizin inkişafında və dünya səviyyəsində tanınmasına səbəb olan səriştəli siyasi rəhbər, təcrübəli diplomat, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərin bütün sirlərinə məhz gənc yaşdan yiyələnməsi onun dahi bir şəxsiyyət olmasına zəmin yaradırdı. Məhz gənc yaşlarında yiyələndiyi diplomatiyanın bütün sirlərindən məharətlə istifadə edən siyasi xadim beynəlxalq arenada Azərbaycanın maraq və mənafelərini qorumuşdur.
Ümumiyyətlə, onun güclü diplomatik təcrübəsi, idarəetmə və liderlik təcrübəsi Azərbaycanın inkişafında, iqtisadiyyatın güclənməsində, ordu quruculuğunda, neft strategiyalarının həyata keçirilməsində böyük rol oynamışdır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində Azərbaycan 30 ildən bəri işğal altında qalan torpaqlarını erməni işğalından azad etdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda qısa dövr ərzində həyata keçirilən yenidənqurma işləri: Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda Ağalı kəndinin yenidən qurulması işğaldan azad olunmuş ərazilərimizin bərpasının möhtəşəm nümunələrindəndir. Zaman keçəcək, gələcək nəsillər Ali Baş Komandan, Prezident İlham Əliyevin Böyük Qələbəyə doğru aparan yolda nümayiş etdiridiyi fədakarlığı, xalqın, dövlətin mənafeyi naminə atdığı addımları dərindən təhlil edəcək, onun liderliyi ilə keçilən yolun hər addımından qürur duyacaqlar. Ən əsası Prezident İlham Əliyevin Azərbaycanı qalib dövlətə çevirmək strategiyası və bacarığı təkcə gənc nəsil və gələcək nəsillər üçün nümunə olacaqdır. Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin titanik fəaliyyəti ilə daha yüksək zirvələri fəth edəcəkdir.
Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru