AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Keşməkeşli və şərəfli ömür
Sep 07, 2023 | 15:05 Yeni nəşrlər

Birinci məqalə

Bu il Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyətlərdən biri Azərbaycan Respublikasının Ümummilli Lideri, bu günün, gələcək nəsillərin yaddaşında Ulu Öndər kimi əbədiyaşarlıq qazanmış Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100-cü ilidir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da qədim Şərqin qapısı - Azərbaycanın qədim tarixi məskənlərindən biri, elmin, mədəniyyətin, sənətin, ədəbiyyatın beşiyi “Nəqşi-cahan”-da Naxçıvanda anadan olub.

Heç fərqində olmasaq da hər şey addan başlayır. Heydər Əlirza oğlu Əliyev. Bu ad da, soyad da, beləcə ata adı dərin məna kəsb edir və bu mənalar onun taleyinə, ömür yoluna bir naxış oldu...

Haşiyə. Heydər sözü ərəbcədən tərcümədə arslan, cəsur, igid, qəhrəman, şir mənalarını verir. Həmçinin Heydər İslam dünyasının elm, iman sahibi, şiələrin birinci imamı, Kəbədə doğulmuş, Məhəmməd peyğəmbərin (s.s.) yaxını və qızının əri Həzrət Əlinin ləqəblərindən biridir. Heydər Əliyev bu inancların hər birini 80 illik ömründə ləyaqətlə və qürurla daşıyıb. İgid olub, qəhrəman olub, dini inanc sahibi olub. Ateist mühitdə dininə sadiq, etiqadlı şəxsiyyət olub. Müqəddəs Həcc ziyarətinə gedib və xalqının mömin bəndələri üçün Məkkəyə mənəvi körpü salıb.

Bundan başqa Heydər adı ona keçən əsrin əvvəllərində tarixi torpaqlarımızdan deportasiya olunan insanlarımızın üzləşdiyi erməni vandallığı səbəbindən çox gənc - 23 yaşında həlak olmuş dayısının xatirəsinə qoyulub. 

Heydər Əliyevin yaddaşında bəlkə dünyaya gəldiyi ailənin didərginlik taleyinin izlər salmasındadır ki, o, Azərbaycan xalqının qaçqın və köçkünlərinin vətən həsrətini dərindən hiss edir, bütün qüvvəsi ilə yurd-yuvasından didərgin düşmüş insanların problemlərinin həllinə çalışırdı.

Kim salmışdı Qarabağa düyün,

Aça-aça çəkdin zülm, sülh Öndərim, Öndərim!(X.Q)

Heydər Əliyev məşhur Möminə Xatun Türbəsi memarı Əcəmi Naxçıvanini, ədəbiyyatımızın üç nəhəng nümayəndəsi - Mirzə Cəlili, M.S.Ordubadini, Hüseyn Cavidi yetirən Naxçıvanda dünyaya gəlmişdi və təbii, onun ilk oxuyub-öyrəndiyi əsərlər, bənzəmək istədiyi qəhrəmanlar bu mütəfəkkirlərin tarixi məzmun kəsb edən yaradıcılıq irsi, yaratdıqları qəhrəmanlar idi. Beləcə, tarixi  məzmunlu, milli ruhlu bu möhtəşəm əsərlər, vətənpərvər qəhrəmanlar həyata atılan “gənc adamda” onların mübarizlik ideallarını həyata keçirmək, onların yolu ilə getmək əqidəsini, məsləkini, məqsədini yaratmaqla, həyat amalına çevrilməklə mənəvi aləmini, intellektual səviyyəsini zənginləşdirmiş, fəlsəfi dünyagörüşünü formalaşdırmışdır.   

Təsadüfi deyil ki, Heydər Əliyev 1939-cu ildə, yəni 16 yaşında ikən, Naxçıvan Pedaqoji Texnikumunda oxumuş, bu ilk təhsilini başa vurduqdan sonra qurub-yaratmaq arzularının zirvəsinə doğru daha inamla addımlamışdır. Belə ki, Heydər Əliyev 1887-ci il qədər zamanından xeyli uzaq bir dövrdə Zaqafqaziya Respublikalarında birinci ali texniki məktəb olan Bakı “Politeknikumun”-un əsasında onun dünyaya gəldiyi 20-ci illərdə yaradılmış "Qırmızı əmək bayrağı" ordenli (1931) ən nüfuzlu  ali təhsil ocağı – o vaxtlar Azərbaycan Sənaye İnstitutu adlanan (indiki Azərbaycan Dövlət Neft və Sənaye Akademiyası) ali təhsil məktəbinə daxil olmuşdur.

Gerçək məqsədin və bəlkə də alın yazısının harmonik təzahürüdür ki, Heydər Əliyev 1934-cü ildə məşhur Azərbaycan Sənaye İnstitutunun bir neçə mühüm ixtisası arasından gözünü açıb anladıqca valeh olduğu, sənətin əlçatmaz kəhkəşanında onu pərvazlandıran Möminə Xatun Türbəsi kimi dahiyanə abidələr yaratmaq arzusunun məktəbi memarlıq fakültəsini seçmişdi.

Heydər Əliyev təhsil həyatı haqqında ilk dəfə olaraq bir məsələni burada diqqətə çatdırmağı məqsədəuyğun bilirik. Bu o vaxt az sayda tələbə qəbul edən Azərbaycan Sənaye İnstitutuna qəbulla bağlı şərtlərlə bağlıdır. Belə ki, Azərbaycan Sənaye İnstitutuna hələ 1920-ci ilin Əsasnaməsinə görə sənəd verənlərin 7 əsas üzrə, məsələn, xüsüsi ali məktəblərin tələbələri, ikinci - türk dili bilənlər, üçüncü - fəhlələr, dördüncü - AKBP MK və BK-dən göndərilənlər, beşinci - qızıl ordu nümayəndələri, altıncı - şura qulluqçuları, yeddinci - qalan vətəndaşlar, - fərqləndirilərək seçilməsi nəzərdə tutulurdu ki, Heydər Əliyev bu ali məktəbə fikrimizcə, hərtərəfli biliyi ilə yanaşı, həm də tələblərə uyğun şəkildə - ali məktəb tələbəsi (birinci şərt) və həm də “türk dili” bilən gənc mütəxəssis kimi üstünlük qazanaraq qəbul olunmuşdur.

1941-ci ildə SSRİ-də başlamış II Dünya müharibəsi neft ölkəsi Azərbaycanın bütün sahələrinə, o cümlədən təhsilə də öz dağıdıcı təsirini göstərmiş və Heydər Əliyev və tələbə yoldaşları təhsillərini başa vura bilməmiş, əmək fəaliyyətinə başlamışlar.

Öz həyat yolunu dövlətə xidmət amalı kimi müəyyənləşdirmiş Heydər Əliyev həmin vaxt  - 1941-1944-cü illərdə (sanki 20 il öncədən təhtəlşüur olaraq közərən alın yazısı ilə) Naxçıvan MSSR-in Daxili İşlər Xalq Komissarları Sovetində məxfı arxiv şöbəsinin müdiri, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin ümumi şöbəsinin müdiri, həmçinin 1944-1949 - Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi orqanlarında əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, həmçinin NDTK və ADTN-də şöbə rəisi vəzifələrində çalışmışdır.

Bu ciddi xidmət sahələrində nümunəvi kadr olaraq hörmət və etimad qazanan Heydər Əliyev  həmin illərdə təhsilini də davam etdimiş, SSRİ-nin ikinci əsas şəhəri Leninqradda (indiki Sankt-Peterburq şəhərində) xüsusi ali məktəbdə, habelə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində (buranı 1957-ci ildə bitirmişdir) oxumuşdur.

Heydər Əliyev beləcə, biliklərə hərtərəfli yiyələnməklə, siyasi idarəçilik təcrübəsini artırmaqla məsul dövlət vəzifələrinə, məsələn, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu ciddi qurumun sədri vəzifəsinə və general-mayor rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev Azərbaycanın Dövlət Təhlükəsizlik Orqanlarında çalışarkən hələ uşaqlıq dövründən ermənilərin vəhşilikləri ucbatından öz yurd-yuvasından didərgin düşmüş, itkilər vermiş ailəsinin acı xatirələri ilə, habelə oxuduğu ədəbiyyatlardan erməni vandallığını və onlarla mübarizənin qaçılmaz olduğunu yaxşı bilən bir vətənpərvər şəxs kimi dəfələrlə erməni daşnaklarının, separatçıların Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlı məqsədli milli münaqişə planlarının, təxribatlarının qarşısını peşəkarlıqla almışdır.

Aşağıdakı iqtibasda şərh olunan fikirlər Heydər Əliyevin ona möhkəm  yaddaşı və səriştəli çekist olaraq ermənilərin  məkrli “siyasətinin” ona çoxdan məlum olduğunu və bu mənfur gəlmə qonşularla özünün mübarizəsini ifadə edir: "30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam"(Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21280). 

Heydər Əliyevin bunları deməyə ciddi əsasları vardı. Heydər Əliyevin Azərbaycanın Dövlət Təhlükəsizlik Orqanlarında çalışarkən erməni-daşnak təşkilatlarının heç vaxt soyumayan düşmən münasibəti ilə bağlı əyani şahidi olduğu daha bir hadisəni də misal gətirməklə biz həm erməni xislətini, həm də onlarla əsl vətənpərvər çekist olaraq mübarizə aparmış ümummilli lider şəxsiyyətini göstərmək istəyirik. Belə ki, hələ 1966-cı ildə Azərbaycan SSR KP MK-ya Azərbaycan əleyhinə yaradılmış qeyri-qanuni "Erməni gənclər ittifaqı" adlı təşkilat və onun Dağlıq Qarabağ torpaqları daxil olmaqla Naxçıvanın, Ermənistanın və hətta Azərbaycanın daha başqa bir neçə rayonunun Ermənistana verilməsi məqsədi güdməsi barədə göndərdikləri məktubla əlaqədar Heydər Əliyevin şəxsən öz yüksək dövlət vəzifəsinin ona verdiyi imkanlar və ən əsas vicdan səsi ilə peşəkar “addımlar” atmışdır. Gerçək rəsmi faktlar bundan ibarətdir ki, Heydər Əliyev yüksək peşəkarlıqla ermənilərin həmin təşkilatının “beyni” olan Saakyan adlı şəxsin saxlanılması, onun təşkilatının hər gün, hər saat çoxaldılaraq paylaşılan proqramı-nizamnaməsinin yığışdırılması, təşkilatın digər aparıcı qüvvələrinin təxribatçı əməllərinin qarşısının alınması istiqamətində ciddi tədbirlər  həyata keçirmiş və məsələni hüquq müstəsində həll etmişdir (Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21280).

Bundan başqa Heydər Əliyev Dövlət Təhlükəsizlik Orqanlarında yüksək vəzifədə çalışarkən peşəkar milli çekist kimi ermənilərin türk millətinə qarşı tarixi düşmən münasibətlərindən çıxış edərək əsas   niyyətlərinə - Azərbaycan torpaqlarının işğalı ilə bağlı arzularına çatmaq üçün intihar səhnəcikləri düzəltməklə və bunu Qarabağ əhalisinin üzərinə atmaqla, hətta bu süni şoularından sonra azərbaycanlılara divan tutmaqla milli zəmində kəskin mürəkkəb vəziyyət yaratmalarının da qarşısını almış, cəsarətlə kütləvi təxribat qruplarının qanuni həbsinə, hətta 5 nəfər haqqında ölüm hökmünün çıxarılmasına  nail olmuşdu. Bu da çox maraqlı bir tarix izidir ki, xalqını qəlbən sevən, onun əsl milli təəssübkeş rəhbəri olmuş Heydər Əliyev həmin hadisə vaxtı 15 gün  Azərbaycan SSR DTK-nin sədri  məsul iş qrafikini və rahat şəraitini münaqişə olan ərazdə gərgin, narahat iş rejiminə dəyişmişdir (Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21280).

Bu məqamda biz “Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi” yazısından xalqımızın bu nəhəng  tarixi şəxsiyyətinin fəaliyyətinin mərkəzində dayanan Dağlıq Qarabağın işğaldan və separatçı qüvvələrdən qorunması məsələsinə daha bir konkret misal gətirməyi məqsədəuyğun hesab edirik.  

Haşiyə. “Azərbaycan SSR DTK-nin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbənin rəisi polkovnik Dmitri Bıstrovun məruzəsindən: "Ötən hesabat dövründə verilmiş tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat tədbirləri zamanı 1968-ci ildə 1967-ci ilə nisbətən milliyyətçi vərəqələrin hazırlanması və yayılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı hücumları kəskin azalıb. Belə ki, 1967-ci ildə 30 müəllif tərəfindən hazırlanan 1.241-dən çox vərəqə və məktub (bunlardan 1.200-ü vərəqə, qalanları isə məktub şəklində) aşkarlansa da, 1968-ci ildə bu qəbildən olan ümumilikdə 17 müəllif tərəfindən hazırlanan 53 sənəd aşkar edilib. Bununla belə, keçirilən tədbirlər zamanı yenə də qruplar aşkar edilərək ləğv edilib, onlardan çoxlu miqdarda vərəqələr və həmin vərəqələri hazırlamaq üçün lazım olan avadanlıqlar aşkar edilərək götürülüb (AR MTN arxivi) (AR MTN arxivi)” (Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21280).

Yeri gəlmişkən qeyd edək ki, Heydər Əliyev bu məsuliyyətli və şərəfli vəzifə kürsüsündə milli dövlət maraqlarımızı sovet totalitar rejiminin ağır təzyiqlərinə məhəl qoymadan   bütövlükdə peşəkarcasına qoruması haqqında özünün dərin məzmunlu nitqlərindən birində demişdir: “Mən bü gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zaman və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir” (Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=21280).      

Heydər Əliyevin məhz Azərbaycan xalqının milli mənafeyini hər şeydən üstün tutması onu Milli dövlət quruculuğu məqsədinə doğru addım-addım aparmış və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək xalqı üçün tarixyüklü Respublikanın rəhbəri ali vəzifəsinin icrasına başlamışdır.

Heydər Əliyev Azərbaycan Respublikasının birinci katibi kürsüsündə də erməni siyasi planlarının qarşısını almaq üçün  mühüm işlər həyata keçirmişdir. Bunlardan biri haqqında “Xalq” qəzetinin “Heydər Əliyev: Şərəfli ömür yolunun unudulmaz anları” məqaləsində  ətraflı bəhs olunur. Müəllif, Naxçıvan şəhərindən olan müəllim Mirzəli  Tağıyev yazır: “1938-ci il mayın 5-də sərhəd rayonlarında (Qazax və Gədəbəy) 2 min hektardan artıq Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqındakı qərarı 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti təsdiq etməsinə baxmayaraq, 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan verməmişdir” (Tağıyev Mirzalı. Heydər Əliyev: Şərəfli ömür yolunun unudulmaz anları (http://www.xalqqazeti.com/az/news/politics/94200).

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023