AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
İCTİMAİ ELMLƏR BÖLMƏSİ
Şərqşünaslıq İnstitutunun yarımillik fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib
Jun 14, 2023 | 16:47 Konfranslar, iclaslar

İyunun 14-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2023-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi institutun 2023-cü ilin birinci yarısındakı fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.

Hesabatda 2023-ci ilin birinci yarısında institut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları qeyd edilib.

İlk olaraq Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və sərəncamlarının, habelə Dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər diqqətə çatdırılıb.

Daha sonra hesabat dövründə institut əməkdaşlarının elmi-tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, elmi-tədqiqat işləri 1 elmi istiqamət, 5 problem çərçivəsində aparılıb. Bildirilib ki, cari ilin birinci yarısında 1 kitab çap edilib, 18 kitab çapdadır.

Cari yarımildə institut əməkdaşlarının ölkə daxilində 51 məqalə, 10 tezisi, xaricdə  isə 11 məqalə və 8 tezisi çap olunub. Hesabat dövründə institutun əməkdaşları ölkədə keçirilən 18 respublika və 11 beynəlxalq səviyyəli elmi konfranslarda iştirak ediblər. İnstitutun 16 əməkdaşı isə xaricdə (Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, Hollandiya, Braziliya, Yaponiya, Ukrayna, Rusiya, Fransa, İraq, Pakistan, Tunis, Avstriya, Mərakeş, Misir) keçirilən beynəlxalq konfranslarda iştirak edib.

Hesabat dövründə institutda xarici ölkələrdən gəlmiş elm nümayəndələri ilə görüşlər, keçirilən tədbirlər, tətbiq olunmuş elmi nəticələr, elektron elmin vəziyyəti, kadr hazırlığı barədə də ətraflı məlumat verilib.

İclasda şöbə müdirləri öz şöbələrinin 6 aydakı elmi fəaliyyəti barədə məlumat veriblər.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasın sonunda AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən təhkim edilən akademik Nərgiz Axundova çıxış edərək, Şərqşünaslıq İnstitutunun böyük ənənələrə malik olduğunu və hesabat ilində institutda görülən işlərin Şərqin bütün problem sahələrini əhatə etdiyini söyləyib, institutun 2023-cü ilin birinci yarısındakı fəaliyyətini müsbət qiymətləndirib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023